QROMIKO İLƏ GÖRÜŞƏN ADAM
Mətləbin anlaşılması üçün əvvəlcə bir lətifə söyləməli, sonra bir verilişə istinad etməliyəm. Məndən də çox yaşı olan bir əhvalatda deyilir ki, özünə görə önəmli bir mərtəbədə çalışan məmur dostlarının yanında dəyərini artırmaq üçün deyir: bu axşam televizorda rəsmi xəbərlərdə məndən danışacaqlar. Axşam olur, rəsmi xəbərlər bitir, bundan söz edən olmur. Dostları zəng edib soruşurlar ki, bəs niyə demədilər?
–Necə yəni demədilər, o xəbər var idi ha, “xaricdən gələn qonaqları Baş nazir Məmmədov, Xarici işlər naziri Əhmədov və başqaları qarşıladılar”, orada dedilər da.
–Nə dedilər?
–O “başqalarının” biri mən idim da bəs, bizim adımızı demək qadağandır…
İstinad edəcəyim veriliş isə xalq artistimiz Rasim Balayevə həsr olunmuşdu. Verilişin bir yerində Rasim Balayev danışdı ki, tamaşaçılarla görüşümüz zamanı bir nəfər dedi ki, mən də Sizin baş rolda oynadığınız filmdə iştirak eləmişəm. Nə qədər çalışdımsa onu yada sala bilmədim. Hansı səhnələrdə olduğunu soruşanda dedi ki, o döyüş səhnəsi vardı ha, oradakı üçüncü ölü mən idim…
İndi isə bu epizodları xatırlamağıma səbəb olan əhvalata keçim. Xətrini çox istədiyim bir ziyalı dostuma, Azərbaycanın müxtəlif rayonlarında prokuror işləmiş Adil Əsgərova söhbətlərin birində SSRİ zamanında Ali Sovetin Rəyasət Heyətində işləyərkən sovet dövlətinin süqutuna az qalmış qısa bir müddət Rəyasət Heyətinin sədri vəzifəsində işləyən Andrey Andreyeviç Qromıko ilə görüşməyimdən danışmışdım. Qromıkonun sovet tarixində ciddi iz qoymuş siyasətçi olduğu və onunla şəxsən görüşmə fürsəti hər kəsə nəsib olmadığı üçün dostum bu görüşə çox dəyər verib tez-tez yarızarafat-yarıciddi “sən Qromıko ilə görüşmüş bir adam kimi” mənalı ibarə işlətməyi xoşlayır. Ona görə də yuxarıdakı əhvalatları xatırlatmağı özümə borc bildim ki, mənim onunla görüşüm tamamilə bir təsadüfdü və bəlkə də milyonlarla adamla rəsmi və qeyri-rəsmi görüşlərdə əl tutuşmuş bu adamın əlini sıxan növbəti biri kimi bu epizodu mənim xatırlamağım ciddiyyətdən uzaq görünə bilər. Ancaq bu görüşün hansı şəraitdə və nə münasibətlə olduğunu dilə gətirmək ona bir az başqa yöndən baxmağa əsas verər.
1986-cı ildə Kremldə SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin birinci müavini Vasili Vasilyeviç Kuznetsovun 85 illik yubileyi aparat rəsmiləri tərəfindən qeyd olunurdu. Bu həmin Kuznetsov idi ki, qısa tarixi dövr ərzində formal olaraq düz üç dəfə–Leonid İliç Brejnev, Yuri Vladimiroviç Andropov və Konstantin Ustinoviç Çernenko bir-birinin ardınca vəfat etdiklərində yeni Sədr təyin edilənə qədər SSRİ dövlətinin başçısı vəzifəsini icra etmişdi. Qədərin cilvəsi, yaxud tale ironiyasıdır ki, Kuznetsov “yola saldığı” üç müdirin hər birindən bir neçə yaş böyük idi. Onun yaddaşı, işgüzarlığı, əməksevərliyi haqqında aparatda çox danışılır, hətta qışda belə iş otağının nəfəsliyini açıq qoyaraq çalışdığı deyilirdi. Lakin məlumdur ki, illər heç kimə acımır və yaş öz dediyini deyir. Sözügedən yubiley tədbirindən bir neçə ay qabaq onun işdən çıxıb xidməti maşınına minməsinin şahidi olmuşdum. Maşın onun minə bilməsi üçün yanakı olaraq səkiyə qaldırılmışdı. Yüksək çinli sərnişinin maşına münməsi xeyli vaxt apardı.
Qromıko ilə Kuznetsovun iş otaqları Kremldə eyni mərtəbədə idi və birindən o birinə getmək üç dəqiqədən də az vaxt aparırdı. Yubilyarı təbrik etmək üçün dəvət olunanlar Ali Sovetin palata rəhbərləri, Rəyasət Heyətinin şöbə müdirləri, katibliyin məsul işçiləri, iştimai təşkilatların rəhbərləri idi. Mən də aparat komsomol təşkilatının katibi kimi dəvət olunmuşdum. Bizi əvvəlcə sədrin otağının (çox geniş sahəsi olan bu kabinetə otaq demək olarsa) önündə referentinin oturduğu məkana topladılar. Bu məkanın özü də çox böyükdü və adamlar iki bir, üç bir dayanıb astadan söhbət edirdilər. Aparatın beynəlxalq əlaqələr şöbəsinin müdiri Lev Nikolayeviç Çernikov və İttifaq Sovetinin sədri Lev Nikolayeviç Tolkunov birgə dayanmışdılar. Bir azdan bizi içəriyə dəvət edəndə aparat katibliyinin rəisi Nikolay Fyodoroviç Rubtsov onlara yanaşdı və hər ikisinin qoluna girərək: “Lvı Nikolayeviçi, poydyomte,–dedi. Biz içəri girəndə Vasili Kuznetsov artıq orada idi. Qrımıko kabinetin ortasına doğru gəlib otağa girənlərlə bir-bir əl görüşdü. Demək olar, heç kimin üzünə baxmırdı. Əlini mənə uzatdı və qələmdən ağır bir şey tutmamış bu kiçik əli tutanda çox üşüdücü bir soyuqluq hiss etdim. Aradan uzun zaman keçməsinə baxmayaraq bu gün də o anı xatırlayanda sanki əlimi qurbağanın qarnına toxundurmuşdum kimi bir hiss keçir içimdən. Dünya siyasətinə altmış ildən çox müddət ərzində yön verən adamlardan birinin əlində heç bir hərarət, üzündə heç bir emosional ifadə yoxdu.
Hamı yerbəyer olduqdan sonra həm hərfi mənada, həm də təmsil etdiyi dövləti idarə etmək mənasında ev yiyəsi olan Andrey Qromıko öz birinci müavininin haqqında bir neçə gəlişigözəl sözlər dedi və yubilyarın da təşəkkür cavabı ilə bu qısa mərasim bitdi.
Həmin axşam televiziyada bu təbrik mərasimi haqqında bir xəbər olub-olmadığını xatırlamıram, tək bildiyim odur ki, “və başqaları” qismində bəndənizi heç yerdə göstərmədilər.
…SSRİ adlı əzəmətli hesab olunan dövlətin xəritədən silinməsinə beş ildən də az qalırdı.
Cəfər Sadıq,
Berlin,
11 iyun 2024-cü il.