AYIBmı, AYBmı?


“… Ay donuz oğlu donuz, heç donuz da öküzə ox atar?”. Kimin replikasıdır sualını verməyəcəm. Cavabını hamı bilir də deməyəcəm. Çünki tarixi kinolardan o qədər uzaqlaşdıq ki. Günümüz  boş şeyləri beyinlərə doldurub  bəzən vəlvələdən, bəzən zəlzələdən nə isə qazanmaq istəyinə köklənib.

Nə isə qazanmaq da əvvəlində ya sonunda  pula bağlanır.  Bu dəridən, qabıqdan çıxmanın bir səbəbi var. Tanınım ki, auditoriyam genişlənsin və mənə olan tələbat artsın. Tələbat artanda da dəyərə minirsən… Anlayan anladı. 

Gəlim ilk cümlədəki tarixi kinomuzun Bamsı Beyrəyinin Yalıncığa səslənişinə.

Epatajdan uzaq biriyəm. Amma yerinə düşən, yaddaqalan, əsl sənətdən irəli gələn (bilməyərəkdən kobud ifadə ilə alçatma deyil-müəl.) sarkazmı bəyənirəm.

“Donuz öküzə ox atmaz”ın əvvvəlində “Sən də başını  başlara qoşmusan”- replikası da var. Bax, indi yazının ortasına çatanda  “niyə buradan başlamadım”- deyə özümü qınadım.

Nə olsun. Qınama. Canlı efir deyil ki,  çaşanda  düzəldə bilməyəsən.

 Efirdə zamanında o qədər  çaşanlar  olub ki, indi o üstlərinə  yapışan ifadədən təmizlənə bilmirlər.

Bəzi şeylər unudulur zaman keçdikcə. Amma müddətsiz olaraq ləqəb, ayama kimi adından əvvəl çəkiləni də var ki, onun acısını-ağrısını  ömrü böyu çəkmək məcburiyyətindəsən.

Harda qalmışdım. Başını başlara qoşmaqda. İstədim baş qoşmayım bu mətləbə. Ox da atmayım. Amma…

Bura qədər bəlkə də iynəli, ya ironiyalıdı yazdıqlarım. İnanın  o qədər ciddi baxıram ki, hər şeyə. Bəzən çoxmu tünd oldu deyirəm.

Günümüz stresslə dolu, insanları sterssdən uzaq tumaq  üçün içi boş komediyaxanalar  var-deyib bəraət verirəm onlara.

Sosial şəbəkələrdə cəfəngiyyat istehsal edənlərlə də empati qurmaq gücünə sahibəm. Pulu ondan çıxır- deyib haqq verirəm.

Amma… Söhbət ciddi şeylərdən gedəndə artıq beynim burda dur deyir. Ağlım özünə qarşı çıxma-Onlara qarşı çıx deyir.

Nə deyirsiniz çıxımmı? Kim olaraq çıxım. Heç bir qurumun üzvü olmayan kimimi, yoxsa necə?

Sadəcə öz peşə kimliyimlə çıxa bilərəmmi?

Şeirdən ucalıq umma dünyada,
Çünki Nizamiylə qurtardı o da.

İndi bunun qarşısında deyiləcək söz yoxdur. Şeirlər yazıldı “boylu -buxunlu”, “gözəl-əndamlı”.  Nizami ilə müqayisə etmədik. Çünki dövr və dövran dəyişdi.

Qar-qar, qur-qur
Qarğa dur-dur,
Pendir atsana
Qarnım edir qur-qur..

Şeir deyil?

Niyə mənə də “ondan”  vermirlər? Hə , mən istəmirəm axı? Istəsəm guya verəcəklərmi?

Gərək bunlardan bir kitab olsun,
Ya da qutab olsun
Ya da dözüm- tab olsun…

Yoxdur məndə. Məndə olmayanı bilirəm. Zarafatsız. Tam ciddi. Keşkə hər kəs onda nəyin olmadığını  biləydi. Bilməmək ayıb deyil. Əslində  o bilməyənə bildiyini inandırandadır ayıb.

AYıB etmədim ki, mən də?

Bu yazını yazdığım üçün utandım. Ayıbdır. Yalıncığı (“Dədə Qorqud” filmi ) oynamaq qəhrəmanlıqdır. Çünki hər nə qədər oyun da olsa insanların gözündə satqın biri kimi xatırlanırsan. Rəhmətlik  aktyorumuz Əli Haqverdiyev bunun həqarətini yəqin ki yaşayıb. İsmayıl Osmanlı Kələntər dayını (“Yeddi oğul istərəm”) oynayanda tamaşaçı tərəfindən nifrətlə qarşılandığını deyirdi.

AYB nə qədər təsadüfi  adamlarla dolu olsa da, mən bəzən oranı sinfə bənzədirəm. Əlaçı da, pis oxuyan  da eyni sinifdədir. Aldığın attestat da eynidir. Qiymətlər başqadır.

Qiymət verəndə də elə edin ki, özünüz qiymətdən düşməyəsəniz. Yoxsa… Gərdiyiniz yaydan çıxan ox uzağa getməz…

Yalıncığı da yadıma salan AYB-nın sədridir. Doğurdan da AYIBmı, yoxsa AYBmı?

Tünzalə Vəliqızı,
Moskva
09.07.2023


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir