Sən Vüsalmısan, yoxsa Ayrılıq?!
(Şəhidlərimizə ithafən)
Sən Vüsalmısan, yoxsa Ayrılıq?
-Hər ikisiyəm desəm qane edərmi?
-Hər ikisi olmaq imkansızdır. Çünki birinin varlığı o birinin yoxluğu deməkdir.
-Yanaşı addımlamaq yazılmayıbmı hər iksinin qismətinə. Eyni cümlədə işlətmədikmi hey?
-Amma əks qütbdə dayanan, bir-birinə öc olan kimi işlətdik. Paralel xətlər birləşməz, bilirsən.
– Eyni paraleldə yeriyənləri birləşdirən son dayanacaq olduğu gerçəkliyini də unutma!
-Bir-birimizə bağlıyıqmı, ayrıyıqmı?
-Həm bağlı, həm ayrı.
-Ölümdən betər -Ayrılıq deyilənin sonunda vüsal varsa, o ayrılıq bitmişdir.
-Amma sonu gəlməyən, bitməyən ayrılıqlara məzar olan vüsal varsa?
– Vüsalın bitdiyi yerdə ayrılıq başlar.
-Ayrılığı vüsala dönüşdürüb özü ayrılanlar da Ayrıdırmı?
-Onlar Ayrıdırlar, həm də bir ayrıdırlar. Ayrılıqları ilə illərlə ayrı qalan, vüsal həsrətiylə yananları qovuşduranlardır.
-Həm ayrılığa, həm vüsala eyni anda ünvan olmaq necə olur?
-Yanaşı yeriyən paralellərin kəsişdiyi mənzil bütün bir elə ünvansa, orada. Bütün bir elə ünvan olan yer haradır- deyə sormayacaqsan, yəqin ki?
-Sormayacam. Ora Vətəndir, torpaqdır, yurddur! O yurdla aramızdakı ayrılığa özünü fəda edib bizi vüsala qovuşduranlar Ayrılığın “ölümdən betər” anlamını dəyişdirdilər. Ölümdən ötəsi Ölməzlikdir. Ki adına Əbədiyyət deyilir.
-Sən Vüsalmısan, yoxsa Ayrılıq?
-Ayrılığı bitirən Vüsalam desəm, ya da Vüsalı doğan Ayrılıq. Səncə?
-Məncə, hər iksi…
Tünzalə Vəliqızı, Moskva.
14.07.2021