SADAY ŞƏKƏRLI-55 “Səni sevənlərin hamısı sənsən”


Ömürdən iki “5” almaq. Bir ömrə “əla”ları sığışdırmaq sadəcə illəri yaşayıb keçməklə başa gəlmir. O illər içərisində yamanları yaxşılara qurban vermək, həyatın sınaqlarında sınmamaq, özünlə, istedadınla savaşında məğlub olmamaq, yeniləndə belə məğrurluqla dayanmaq var. Ömürdən “əla” almaq bu olsun gərək. Şair Saday Şəkərli ömrünün 55-nə imza atdığı “Səni sevənlərin hamısı sənsən” kitabı ilə bir də oxucularının imtahanı qarşısındadır.

Yenises.ru saytı şairi yubiley yaşı münasibətilə təbrik edir. Və onun “Səni sevənlərin hamısı sənsən” kitabından bəzi şeirlərini təqdim edir.

Moskvadan “Səni sevənlərin hamısı sənsən”-deyə sevərək sevilməyə səsləyən şairə sevgilərimizlə…

Tünzalə Vəliqızı

Saday ŞƏKƏRLİ “Səni sevənlərin hamısı sənsən” şeirlər kitabından

***
Yazığım gəlir sənə,
yazığım gəlir, Vətən.
Gözümdən yaş timsalı,
yazdığım gəlir, Vətən.

Qəribəm, elə sən də,
qəribsən mənim kimi,
utandığından yerə,
giribsən mənim kimi.

Yüküm ağırdı, ağır,
yerə batdım dizəcən,
Ədrəbildən Germiyə,
Dərbənddən Təbrizəcən.

Mən o vaxt itirmişəm,
Çaldıranda başımı,
gündə min qapaz dəyir,
qaldıranda başımı.

Şahdın, nökər kimisən,
üst-başın kir içində,
hər günün zillət ilən,
bu əkində-biçində.

Bu dərdli dünyamızda,
qübarda tayın varmı,
biclikdə bərabərin,
qumarda tayın varmı?

Yazığım gəlir sənə,
yazığım gəlir, Vətən,
qoynunda uşaq kimi,
azmağım gəlir, Vətən.

Uzaqlardan tüstülər,
halına gülüb gəlir,
ölməyə vətən yaxşı
deyənlər ölüb gəlir.

Adam var il uzunu,
içində matəm olur,
adam var yeddisində,
üçündə matəm olur.

Hər daş alnına yazdı,
ölümdən gələnləri,
qəbir götürə bilməz,
şərəfsiz ölənləri…

Sən daşa bənzəyirsən,
alnında adımız var,
ayrı gözəlliyimiz,
bir ayrı dadımız var.

Halalıq arı kimi,
qoşuna nə deyirsən,
köksündəki qurduna,-
quşuna nə deyirsən?

Yazığım gəlir sənə,
yazığım gəlir, Vətən,
gözümdən yaş timsalı,
yazdığım gəlir, Vətən!

***
Dərdimin havası qan qiymətinə,
mən durub qol-qanad aça bilmərəm,
bir eşqin müqəddəs qiyamətinə,
yeriyə bilmərəm, qaça bilmərəm.

Bəy adım, şah adım, xan adım olur,
özümə oxşayan inadım olur,
mənim də quş kimi qanadım olur,
ley təkin ləngərlə uça bilmərəm.

Bu dünya bir arı, bu könül şan-şan,
bir yanda səhərdi, bir yanda axşam,
açıb qollarımı, gülüb danışan,
bütün yer üzünü quca bilmərəm.

Göy adlı göydəmir bir at olaram,
bu eşqin yolunda pirat olaram,
qəm düşər ürəyə, çat-çat olaram,
dən düşər bir ucdan saça, bilmərəm.

Tutub gözlərini lehmə dünyanın,
insan nə vecinə, eh, nə dünyanın,
dost sana bilərəm köhnə dünyanı,
dizləri titrəyən qoca bilmərəm…

***
Dilbərim, qadanı gecələr aldım,
dur, sən də qadamı al gecələrdə,
nə andın, nə əhdin, nə yolun bəlli,
yolunu bu kərəm sal gecələrdən.

Min könül ovladı şair bəstəsi,
halımı duymadı gülün dəstəsi,
eşqinə qurşanıb şəkər xəstəsi,
süzülür ləbindən bal gecələrdə.

Min dəfə zay etdi bəxti varlığım,
bu dünya yoxdusa, yoxdu varlığım,
uydu bir addımlıq bəxtiyarlığım,
yarğan gecələrdə, yal gecələrdə.

Dedim, dur könlümü al, dillənmədin,
qaşı ox, dodağı bal, dillənmədin,
düşdü ürəyinə xal, dillənmədin
düşsün yanağına xal gecələrdə.

Könül sehirlənib deyib gülməsə,
qəm yemə, dolanıb yarın gəlməsə,
mən çıxıb gedirəm gedərgəlməzə,
mən çıxıb gedirəm, qal gecələrdə.

***
Şair, ağrılarının
üstündə yatanda sağalır,
oxundan çıxanda bədirlənmiş ay,
günəş batanda sağalır.

Solub dəstə-dəstə rənglər,
nədən durub qəsdə rənglər,
mən gördüyüm xəstə rənglər,
bəyaz kətanda sağalır.

Sən verdin beləcə nə dəyər dinə,
qafiyə uymur hər dinə,
şeirlərimin dərdinə,
həsrət qatanda sağalır.

Budurmu torpaqlardan,
sudan yoğrulanların,
anandan doğulanların,
nədən atanda sağalır?

Söztək urcahdı dilim qapısına,
yağmaz yağışlar kimi bir zülüm qapısına,
adam qədirbilməz ölüm qapısına,
yetib çatanda sağalır…

***
Durub saydım fələkləri,
qopdu durna lələkləri,
sübh zamanı çiçəkləri,
üz, səni allah saxlasın,
qız, səni allah saxlasın.

Köksüm bir harayın dəfi,
könlüm yayınmaz hədəfi,
kiprik ucuna sədəfi,
düz, səni allah saxlasın,
qız, səni allah saxlasın.

Min ay gülər bənizində,
günə bənzər qəm izində,
bu sevdalar dənizində,
üz, səni allah saxlasın,
qız, səni allah saxlasın.

Əllərimin xınası sən,
hər sözümün mənası sən,
dünya göldür, sonası sən,
süz, səni allah saxlasın,
qız, səni allah saxlasın.

Quşlar uçar dəstə-dəstə,
daha kim var mən həvəsdə,
meydan sula sinəm üstə,
gəz, səni allah saxlasın,
qız, səni allah saxlasın…

***
Get, sən də əl çaldır ağrılarına,
zər-xaraya, qumaşa büksünlər səni,
gözlərdən yaş kimi töksünlər səni,
məncə ən gözəli kəfəndi geyimlərin,
nimdaşı da, təzəsi də ömrünün son rəngidi,
ömrün qələm kimidi, gizlin söz çələngidi,
adam, ölməzdən qabaqkı durumunda,
ilan qabığından soyulduğu andakıdır,
insanlar sünbüllü həyatdakı,
şairlər saralmış qandakıdır,
qanı içinə dolur kimsəsizlərin,
kaman öz içinə ağlayır, şair,
səni şeirlərin saxlayır, şair,
heç yazığım da gəlmir,
bu dünyanın söyüdünə, qarağacına,
dostlarım ən gözəl kətilçəkəndir,
səni qısqanırlar dar ağacına,
keçmişi olmur gələcəyində olmuyan şairlərin…

***
Baxdığın ucalıqdan yağışdı göz yaşı da,
həzin olsun fərqi yox, leysan olsun nə fərqi?
bu eşqin hərarəti mum eyləyər daşı da,
nəmər olsun fərqi yox, ehsan olsun nə fərqi?

Od-alov içindəyəm, atəş, köz içimdədi,
aləmləri yandıran qəfil söz içimdədi,
bir axşam püskürəcək vulkan öz içimdədi,
qiyam olsun nə fərqi, üsyan olsun nə fərqi?

Özün yaratdığını tanı, qanıma düşsün,
hanı bir bəni-Adəm, hanı, qanıma düşsün,
təki süd ayırmasın, qanı qanıma düşsün,
fars, ingilis, fransız, ispan olsun nə fərqi?

Bu nizamlı dünyanın öz qanunları sərtdir,
birində ehtiyacdır, başqasında şəhvətdir,
qurd elə yaranıb ki, yediyi yalnız ətdir,
bəbir, pələng, goreşən, aslan olsun, nə fərqi?

Hər yazığa bəlli ki, xoşdur sevginin tamı,
eşq elə bir möcüzə, haqdan alır ilhamı,
kaş allah hüzurunda qılman olaydı hamı,
heyvan olsun fərqi yox, insan olsun, nə fərqi?..


Bir cavab yazın