Şəfəq Vilayətqızından-Şeirlər


QƏLBİMƏ YATMISAN

Yatmısan qəlbimə, yerin necədi?
Üstünə sərimmi sevgi yorğanı?
Saat dayanıbdı, zaman gecədi-
Açılır qəlbimdə həsrət yarğanı.

Yandır ürəyimin başını orda,
İntizarım görsün solan rəngimi.
Tutub subaylığın daşını orda,
Ovcuna vermişdim məsum sevgimi.

Sən şimşək, mən bulud, kəsib doğradın,
Bu həstət yağışı dinəydi gərək.
Bəs niyə yağışdan sonra doğmadın?
Göyün könlün alan göyqurşağıtək.

İslaqdı ürəyim, mamır bağlayır,
Sanma bu yaşillıq bahar deməkdi.
Bir qara sevdanın yasın saxlayır,
Onu bir təsəlli edən gərəkdi.

Bazarlıq gətirib qüssədən, qəmdən
Qəlbimin qapısın çalıb getmisən.
Hicranı matağa satıbsan mənə,
Sevinci ucuza alıb getmisən.

Səninlə qurduğum balaca dünyam,
Bələnib hörümçək toruna, toza
Əlim də gəlməyir dəyib, toxunam,
Gəl, bir kənardan bax hərdən bu qıza.

ÖZÜNÜ GÖRƏYDİN KAŞ

Sən ağlıma gəldiyində,
İlk dilimə gələn söz var.
“Ay vəfasız” söyləyirəm-
Sözdə belə sanki köz var.

Sinəndə daş gəzdirirsən,
Ağır olar yükün sənin.
Mən həsrətdən ölsəm belə,
Heç tərpənməz tükün sənin.

Çox soyuqdu baxışların,
Üşüyürəm gözümdə yaş.
Burdan yaxşı görünmürsən,
Bir özünü görəydin kaş…

Elə bilmə könül qırmaq,
Biri üçün hünər işdi.
Atdığın ox tam hədəfdən,
Ürəyimi dəldi keçdi.

Bu sevdanın acısinı,
Çəkəcəksən zamanı var.
Çıxacaqdır qabağına,
Özün kimi vəfasız yar.

Baxarsan ki, həyat səni,
Eşq önündə qoyub çaş-baş.
Burdan yaxşı görünmürsən,
Bir özünü görəydin kaş…

Tüstülədin söndün axı,
Eşq odunda yanammadın.
Baxıb görmək bəs deyil ki,
Hislərimi qanammadın.

Mən intizar dünyasının,
Sakininə çevrilmişəm.
Bir alınmaz qala idim,
Xəyanətlə devrilmişəm.

Qız ağacı, qoz ağacı-
Sanıb atdın bəlkə də daş…
Burdan yaxşı görünmürsən,
Bir özünü görəydin kaş…

Şəfəq Vilayətqızı, Gəncə


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir