SARI NƏRGİZLƏR (hekayə)
Küçəni nərgiz ətri bürümüşdü.
İçərisində nərgizlər bitmiş taxtadan düzəldilmə kiçik bir lək idi.
Yaşlı, cılız cüssəli rus qadını taxta ləki köhnə uşaq arabasına qoyub küçə boyunca o başa-bu başa gəzdirir, qarşısına çıxanlara «Свежие нарциссы… Покупайте… покупайте…» (Tər-təzə nərgizlər…Alın…Alın…) deyirdi.
Qar yağırdı. Elə oturmurdusa da iri-iri lopalarla yağırdı.
– Salam…
Başımı qaldırıb saçlarıma qonmuş qarı təmizləyəndə
qarşımda onu gördüm. Məktəbdən gələndə dalımca düşüb məni evə
qədər izləyən həmin oğlan idi. Başında idmançı papağı, ayağında əsgər çəkmələri vardı. Rəngi getmiş köhnə cins şalvarın üstündən geydiyi hərbi gödəkçənin boynunu qaldırıb, əllərini ciblərinə salmışdı. Gülümsəmək istəsə də həyəcandan donub qalmışdı.
Bir neçə ay olurdu ki, tez-tez qabağıma çıxırdı, həmişə xeyli aralıdan gəlirdi. Heç vaxt yaxınlaşıb bir kəlmə deməyə cürət etmirdi.
Doğrusu, ilk günlər o məni çox əsəbiləşdirirdi, hətta qorxurdum da ondan. Nə çoxdu şəhərdə qızları yoldan çıxardıb başlarına oyun açmaq istəyən dələduzlar. Lakin bir müddət keçincə hiss etdim ki, bu oğlan heç də o dələduzlara oxşamır. Görürdün ki, daim əlləri cibində başını aşağı dikib öz aləminə qapılaraq gedir. Boyu məndən uca olsa da elə bir cüssəsi yox idi. Heç gülən görməmişdim onu.
Ayaq saxladım, çaşıb qaldım. Nə deyəcəyimi bilmədim.
Nərgiz satan rus qadını yaxınlaşıb uşaq arabasını yanımızda saxladı. Gülə-gülə «Влюбленные, цветы не хотите?» (Sevgililər çiçək, istəmirsiniz?) dedi.
Gözlərini gözlərimə dikib pıçıltı ilə soruşdu:
– İstəyirsən?.. – Cavabımı gözləmədən cibini qurdaladı.
Nədənsə dünyada bütün güllər-çiçəklər içində ən çox sevdiyim nərgizlərdi.
Qadın qayçı ilə yeddi-səkkiz dənə çiçəyi kökündən kəsib dar qırmızı lentlə bağladı və mənə uzatdı. «Будьте счастливы» (Xoşbəxt olun!) deyərək arabacığını sürüb aralandı.
Ətri bir andaca adamı tutan sarı nərgizlər idi. Burnuma yaxınlaşdırıb qoxulaya-qoxulaya qalmışdım. Nə edəcəyimi bilmirdim.
Titrək, asta bir səslə dilləndi:
– Evə gedirsən?
Başımı yırğaladım.
– Bəlkə bir az gəzişək…
Tarix müəllimimiz xəstələndiyindən axırıncı dərsimiz baş tut-
mamışdı. Bir az vaxtım vardı, həm də hər deyəndə təsadüf edilməyən belə nağılvari yaz qarını qoyub indidən gedib evə girmək istəmirdim.
Bir də gördüm ki, yanaşı addımlayırıq.
Nədənsə skamyaları, karuselləri qar altımnda qalmış, əyilmiş budaqların tunelə bənzətdiyi düppədüz uzanıb gedən, iki-bir, üç-bir adamların gəzişdiyi xiyabanlı parka dönmədən ötüb keçdik. Elə bil ürəyimdən keçəni duymuşdu, kiminsə gözünə görünmək istəmirdim.
Dinməzcə yeriyirdik. Hiss edirdm ki, o, nə isə söyləmək, danışmaq istəyir, lakin elə bil içindən keçənləri ifadə etməyə söz tapmırdı.
Şəhər stadionuna girdik. İt gəzdirən bir qoca kişidən savayı heç kim gözə dəymirdi. Əslində ağ bir duman içindəydik, qar şiddətlənmişdi, beş addım qabağı görmək olmurdu. Qar ara vermədən daha iri lopalarla yağırdı. Ağaclar başlarını əymişdi. Çəmən ağarmışdı.
Əlim soyuqdan donsa da nərgizləri üzümdən ayıra bilmirdim. Tez-tez əlimi dəyişməli olurdum.
Budaqları çətir kimi sallanmış iri, qoca bir şam ağacının altında dayandıq.
– Əllərin üşüyür deyəsən… – dedi. – Gəl isidim…
Nərgizləri götürüb ağacın budaqlarına qoydu, əllərimi tutub
ovxaladı, sonra nəfəsilə qızdırdı.
– Adın nədir sənin?
Mən öz adımı dedim. Ancaq nədənsə o demədi. Yəqin ki,
unutdu. Soruşa da bilmədim.
Sonra futbol meydançasına çıxıb pillə-pillə düzülmüş skamyaların arası ilə gəzişdik. Gəlib məşqçilər üçün ayrılmış üstüörtülü oturacaqda əyləşdik. Meşəliyə bənzəyən tənha ağaclıqda gəzişdik.
Özüm-özümə məəttəl qalmışdım. Tanımadığım bir adamla haralara gəlib çıxmışdım?
Dili bir az açılmışdı elə bil. Söyləyirdi ki, əsgərlikdən bu yaxınlarda qayıdıb. Lap ön xətdə xidmət edibmiş. Ermənilərlə üz-üzə. Hətta bir-birlərindən siqaret alıb çəkirlərmiş. Ailənin böyük oğlu idi. Atası yox idi. İşsiz qaldığından, anasını, bacısını və iki kiçik qardaşını dolandıra bilmədiyindən bir neçə həmyaşıdı ilə sabah qazanc dalınca sabah Rusiyaya yola düşürdü.
Sonra dedi ki, mənə dəlicəsinə vurulub. Ancaq utandığından yaxınlaşıb ürəyini aça bilməyib. Bütün günü, gecəni elə hey məni düşünürmüş. Hətta yuxularında da tez-tez görürmüş məni. Bu fikirdə idi ki, əgər mən razı olsam, payızda qayıdıb mənimlə toy edəcəkdi.
– Gözləyərsənmi məni?… Hə, söz verirsən?
Axırda yalvarış dolu pıçıltılarla soruşdu.
Etiraz da edə bilmədim. “Hə” də deyə bilmədim. Başımı yerə
dikib qaldım.
O gundən sonra bir daha görmədim onu.
Içimdə elə bil işıq söndü.
Payız gəldi, o, gəlmədi.
Yaz oldu, gəlmədi.
… Küçə yenə nərgiz ətrinə bürünüb. Rus qarısı yenə arabacığını o üzə-bu üzə gəzdirə-gəzdirə səslənir: «Свежие нарциссы… Покупайте… покупайте…»
Özüm-özümə nərgiz alıram.
Eynən həmin nərgizlərdir, sap-sarı, zərif, incə, ətri bir andaca adamı tutan. Lakin nədənsə bu ətir keçən ilki kimi ləzzət eləmir mənə.
Keçən il nərgizlər elə bil məhəbbət qoxuyurdu. Indi nə isə həzin bir qüssə, dalğınlıq, pərişanlıq axırdı bu nərgizlərdən.
Qar yağmır. Günəşli bir havadır. Adamın harasa, uzaq bir yerə getməyi gəlir. Hara? Bəlkə də düz ora, adını bilmədiyim şəhərə, adını bilmədiyim, surətini düz bir il xəyalımda gəzdirdiyim dönük sevgilimin yanına. “Nə üçün, nə üçün aldatdın məni?” deməyə. “Kim səni məcbur etmişdi ki, sabah çıxıb gedəcəyin qarlı bir gündə ürəyimə nərgiz toxumu səpib gedəsən? İndi nə edim, kimə verim içimdə açılmış nərgizləri?”
Doğrudan da, nə idi bu belə? Yuxu idi, nağıl idi?
Əlini çiynimə qoymadı, saçlarımı, yanağımı sığallamadı, öpmədi, heç nə etmədi. Həyəcandan titrəyə-titrəyə, utana-utana ürəyini boşaldıb getdi.
Əgər həqiqətən unudacaqdısa məni, bir daha geri dönməyəcəkdisə nəyə lazım idi bütün bu oyun?
Elə bu vaxt küçənin başından bir dəstə adam çıxıb mənim tərəfə gəlməyə başladı. Tabut aparırdılar. Kim idi görəsən? Birdən dünən eşitdiyim sözlər düşdü yadıma: “Yenə bir cavan oğlanın meyitini gətiriblər Rusiyyətdən…”
Ürəyim qopub düşdü ayaqlarımın altına elə bil.
Yanımdan ötüb keçən dəstənin ardınca baxa-baxa qaldım.
Əlimdə bir dəstə sarı nərgiz…
Bir də, bir də ürəyimdə açılmış nərgizlər….
Füzuli YAVƏR
2001-ci il