Sonuncusu Zəngilan..dı və ya Durmaq gərəkirsə, burda dur!


Sonuncusu Zəngilan..dı və ya  Durmaq gərəkirsə, burda dur!
(Zəngilanın işğalından 26 il də ötdü)

29.10.2019. Bir doğum, bir düyün tarixi kimi parıltılı rəqəmlərdir, eləmi. Bəs, işğal tarixinin ildönümü kimi necə?!

“Bu il yenə gələmmədim, bizim dağlara, bağlara…” Beləmi oxunur bu mahnı? Bu gün-dağ çəkilən dağlarını itirənlərin qəlbində, ruhunda bu mahnı oxunur, yəqin ki…

Acı soğan soymuş, yemiş kimidirlər bu gün… Bəlkə hər gün yuxudan hövlanak oyanıb, yenidən bir də o qorxulu reallığın əvvəli yaşanan günə qayıtmaq üçün gözlərini yumurlar.

Bir çoxlarının gözlərini əbədi yumduğundan da çox keçdi. Yad məzarlıqlarda qərib kimi uyuyurlar. Yerlərində deyillər. Yerləri…

Soruşsam etimologiyası bir yana, bir çoxları yaşadığı yerin adının haradan gəldiyini bilməz! Mən də dərindən bilmirəm. Bəlkə də bir o qədər dərindən bilgiləndirmədilər, bəli, amma günahı başqasına atmaqdan da asan şey yoxdur. Özüm də araşdırmadım. Niyə?

Eh, bizimdir- deyib o qədər öyrənmədiyim, gəzmədiyim, görmədiyim yerlər var ki…

Eh, bizimdir-deyib əvvəl uzaqlardan başlamağı düşünüb yaxındakını ehmal etmişəm ki…

Eh, bizimdir- deyib o qədər ertələdiyimiz sabaha saxlanılanları demirəm hələ…

O sabahların ertələndiyi bu gündə sonuncu işğal olunan Zəngilan da var..dı..!

İtirdik, aldılar, qəsb etdilər…

Bir dəfə yazmışdım… Bu xatırlatmanı da illərdir təkrarlayıb durmağın mənası yoxdur. Təkrarlamağın mənası bəlkə də yoxdur, amma durmaq məsələsi…

Durduq, dayandıq… Lakin illər durmur. 26… Bakı komissarlarının sayı qədər il keçdi.

Dilimiz zəngin… Eninə, uzununa, hündürünə, alçağına, ölçülü-ölçüsüz yazıb durduq.

Bir təsəlliyə söykənib durduq.

Acımızı şərab badəsinə süzüb bir “sağlıqla” başımıza çəkib durduq!

26-27 ildə elə durmuşuk ki… Nə sinəmizlə sipər, nə kürəyimizlə çəpər olmuşuq!

İndi optimistlər pessimistləri sakitləşdirəcək, “ağı deyib, ağlama” təhnizindən çəkinənlər də qınına çəkiləcək… Biz ancaq “ağlaşma proqramlarında” birilərinin həyatını “güldürənlərə” ağlayacağıq. Bir hissimiz, bir hissəmiz şikəst ikən həm də…

20 faizi qoparılmış, torpaqları başqasının ayağına tapdaq olan, sayını, illərini saymaqdan yorlmayıb duran biz həm də…

İndi o məhbəsdə olan diyarların adından xitab edib yazmağımın da mənası varmı, bilmirəm.

Hansı təyini birləşdirmələri əvvəlinə qoysan da fərq etməyən bir şey var. Biz durduqca o diyarlar yerini dəyişmir. Sadəcə onlara ünvan olanlar dəyişir. Bizim Cıdırlarda kimlərin at oynatdığını söyləməsən də hamı bilir. Bilməyənlərə bilənlər deyirmi? O yurddan hamilə gələn qadının indi 26 yaşında olan oğlu, qızı “adı hələ də o rayonun sakini kimi yazılan” və üstəlik qaçqın uşağı kəlməsində kiçilib böyüyən sonuna kimi dərk edirmi bunu? Yazılıb, yazmışıq. Dillər “Bir dəfə yazmışdım” deməkdən yorulub, kilidlənib. Bəlkə bir çoxlarımız kimi mən də daha durum?

Biz “qadına təcavüzə dur!””- deyirik, “”haqsızlığa, zorakılığa, dur!””- deyirik. Alqışlanmalıdır. Amma 26-27 ildir durdurulduğumuz savaşa DUR deyə bilmirik.

Zaman itirdiyinlə barışmağa sürükləyəndir. Bax buna DUR demək üçün durmamalıykən…

Nəyi qoyub nəyi axtarırsan deyilən nəsnə var ha… Mən axtarılmalı olanı axtarıram. Başqa itirilənlərin tapılmasını ertələmək də olar.

Durmaq gərəkirsə, bax, burda dur! O torpaqlar üçün canından keçən şəhidlərin ruhundan, həyatını başladığı-doğulduğu yerdə bitirməyi-ölməyi ən ümdə arzusu edən, lakin ömrünün yetməyəcəyindən qorxan qocaların həsrətindən utanaraq DUR! Birinci işğal rayonundan tutmuş sonuncu işğal rayonu ZƏNGİLANDdan olanların acısından, ağrısından utanaraq, DUR!

Belə olan halda niyə dururuq? Bu sualın cavabı varmı? Bilən varsa, mənə də desin.

Tünzalə Vəliqızı, Moskva
29.10.2019


Bir cavab yazın