“Tamammı, ya davammı?!”””
Yaradılan Yarıdılan olmayanda… O zaman yenidən başlamaq qərarına gəlinir. Və nəhayət… Bu nəhayət son deyil, sonuncu da deyil. Hər dəfə Rusiyada bir azərbaycanlı təşkilat qeydiyyatdan keçəndə bunun fərqli olacağını düşünməmiş deyilik. Əgər fərqli olacağını düşündüyümüz bir məqam varsa, demək hər şey bizim mediada geninə- boluna təriflədiyimiz, “diasporumuzun uğurları” adına yazdığımız, bahalı salonlarda konfranslar, diskussiyalar keçirilməsinə pul xərcləyib hansısa məsələnin həllinə nail olduğumuzdan dəm vurduğumuzdakı kimi olmadığına işarə edir.
Hətta eyni təşkilatın içində olanlar (Ümumrusiya Azərbaycanlıları Konqresi -nəzərdə tutulur-T.V.) “Tərəqqi”ləri medal edilib yaxasına asılanlardan ayrılmağı qərara alırlarsa, demək orada tənəzzül var. Bu da qayəsində birləşdirmək olanların öz aralarında birləşə bilmədiklərindən xəbər verir.
Söhbət ötən həftə Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının (ÜATİ) qeydiyyatdan keçmə xəbərinin elə Moskvadakı bizləri də qəfil yaxalamasından gedir. Belə ki, başda Araz Ağalarov, Telman İsmayılov, Vahid Ələkbərov, İsgəndər Xəlilov olmaqla oliqarxlarımız yeni təşkilatda birləşdiklərini bəyan etdilər. Doğrusu, Moskvada ola-ola bunu Bakı saytlarından oxuyub xəbər tutmağımızı bir kənara qoyaraq bəyanatlarında “hər kəsə açığıq”-deyənlərin qaralan umidlərə bir balaca işıq saldığına diqqət yetirək. İllərdir bəzi problemləri hələ də qapılarından keçirib çatdıra bilməyənlər üçün qapını araladılar.
Giley etmək də ta Moskvaya qədər gətirdiyimiz hər zamankı mərəzimizdir. Yox, belə deyim, gətirmirik elə bizlə gəlir. Amma özümüzlə gətirməli və ya orada qoyub gəlməli olduqlarımızı nədənsə ehmal etmək də bir ayrı mərəzimizdir. Gileyləri sonraya saxlayıb indilik Rusiyada belə bir təşkilatın qeydiyyatdan keçməsinə sevinməyə macal tapmamış, onun ətrafında gedən müzakirələrin istər-istəməz düşüncələrdə bir çox suallara rəvac verməsi məsələsinə keçək.
Bu müzakirələr nüfuzlu azərbaycanlıların təmsil oldunduğu təşkilatın buradakı Azərbaycan cəmiyyətlərini birləşdirmək məqsədiylə yaradılmasında düşündüyümüzdən də daha dərin mətləblərin olduğunu ortaya qoydu.
Rusiyada diaspor təşkilatlarının liderliyini boynuna götürmüş Ümumrusiya Azərbaycanlıları Konqresi bu gözlənilmız addımın şokuna düşdü. İttifaq digər təşkilatlara alternativ olmadığını bəyan etsə də, koordinator rolunu oynaması təşkilatların liderliyini ələ almaq istəyini göstərdi. Buna əsas verən isə maaliyyə dəstəyi özlərinin olması faktıdır, bəlkə də. Necə deyərlər, “mənim pulumla mən ağalıq edərəm”- iddiası da ola bilər.
Amma Azərbaycan Təşkilatları İttifaqının idarə heyətində dağıstanlı Ramzan Abdulatipovun adının da olması fikirləri bir balaca qarışdırdı. Əslində bir balaca deyilən fikir böyüyərək yeni yaranan qurumdan Rusiya hökümətinin Azərbaycana təsir vasitəsi kimi istifadə edəcəyi versiyasına yol açdı.
Bir yandan da təşkilat qeydiyyatdan keçdiyini elan edəndən dərhal sonra “Azərbaycan hökümətinə qarşı bir qurum deyil” kimi “sığortalanmış” fikirlərin səslənməsi bir el misalında olan “qarğa mən də qoz var” fikrinə ayaq verdi. Əslində varmı?
Nəzərə alsaq ki, təşkilatda Araz Ağalarovun adı keçirsə, onun Azərbaycan hakimiyyətinə qarşı olacağı versiyası özünü doğrultmur. O zaman Diasporla İş Üzrə Dövlət Komitəsinin yetkilisi bu addımı niyə pislədi? Abbas Abbasovun oğlu niyə atasının hakimiyyətə yaxın biri olduğunu vurğulamaq zorunda qaldı? Ümumrusiya Azərbaycanlıları Konqresi yetkililiəri niyə yeni təşkilatın yaranmasından əndişələnərək belə bir xəbərin onlar üçün gözlənilməz olduğunu bəyan etdilər?
Yeni ittifaqın həmin adıçəkilən insanlarına Ümumrusiya Azərbaycanlıları Konqresində vitse-prezident və Ali Şuranın üzvü kimi yerləri paylaşmaları tərəfindən baxsaq, ayrılmaları ora qoyduqları malliyyə yardımını geri çəkəcəkləri ehtimalı üzərində də düşünməyə vadar edir.
Oliqarxlar xərclənən pulların bu günə kimi diasporun uğuru desək də, ali məqsədə gedən yolda xirda uğurlara sərf edilməsi ilə barışmayıb, daha böyük “oynamaq istəyirlərsə, o zaman bunu alqışlamaq gərəkməzmi? Mətbuat konfranslarında, polemikalarda başlıca problemimiz olan Qarabağ həqiqətini hələ də yaşadığımız Rusiyaya istənilən səviyyədə tanıtdıra bilməmişiksə, qoyulan heykəllər, açılan məktəblər, baxçalar az əhəmmiyyətli rol oyanırsa, buna yenidən baxmaq niyə belə mənfi reaksiyaya səbəb olsun ki? Təməli Heydər Əliyev tərəfindən qoyulmuş ÜAK-nə alternativ olmadığını desələr də niyə alternativ bir təşkilat yaradılmasına getdilər? Onlara qarşı “bir halda ki, eyni adamlar bunu elə həmin təşkilatın nəzdində də İttifaq kimi yarada bilərdilər” kimi bu və ya digər fikirlər də səsləndi.
Son zamanlar adı təşkilatın rəhbəri olsa da, onun tədbirlərində yerini rəsmən ÜAK-nin baş katibi Mikayıl Hüseynova verən və ya vermək məcburiyyətində qalan Məmmədbağır Əliyevlə Rusiyadakı bəzi diplomatlarımızın arasının yaxşı olmaması faktorunu da diqqətdən kənarda saxlamamaq gərəkir. Bu aspektdən baxanda M. Əliyev olan təşkilatla razılaşmayanların yeni ittifaq təşəbbüsü ortaya atmaqla əks qütbdə yeni bir səhifə açması anlaşılandır. Və ÜAK-nin daxilində deyil, ondan ayrı yeni bir təşkilat yaratmaq gedişinin cavabı bu ola bilərmi?
Təşkilatda Azərbaycanda hökümətdə rəhbər mövqe tutanların hücumuna məruz qalan, cəsarətli çıxışları ilə bir çoxlarını qıcıqlandıran Rüstəm İbrahimbəyovun olması da gümanları bir ayrı tərəfə sürükləyir. Bütün verilən suallar və alınan cavablar yenə yeni-yeni versiyalar doğurmaqdan başqa bir işə yaramır.
Yeni və səffaf bir təşkilatda birləşərək bəyanatlarında deyildiyi kimi “Rusiyada daha çox güclənməyimizi istədiklərinin” səmimiliyinə niyə birmənalı yanaşılmır?
Azərbaycan hökümətinin özü üçün belə sürpriz olan bu təşkilat razılaşdırılmamış qərar ilə yola çıxmadan indilik “tamammı ya davammı” rəyi arasında yeni bir qərar müddətini gözləyirsə, görünür özlərinin də tərəddüdləri var.
Amma, niyə və nəyə?
Tünzalə Vəliqızı, Moskva
21.10.2012“