Sevg(K)i günü, sevgin olsun
Səni necə sevim?
Sevginin qisaca izhari- “Səni sevirəm!”
Yaradıcı insan təxəyyülü sevgisini bununla sərhədləmədi . O hisslər qəlbin ritmlərinin ahənginə uyğun qafiyələndi, sinəsinə sığmayan, qəlbini atəşlə qoran sevgini hərifləyib sapa düzdü insan. Mənim başladığım bu yazı kimi beləcə poetik hissin böyüklüyünü, sevginin duzu, şərbəti olan hicranını, vüsalını epitetlərlə, təşbehlərlə bəzəyib, mücərrəd olana libas biçdi, geyindirdi, süslədi…
Sevginin ən gözəl etiraf formaları, dil ifadələri yarandı. Yanağından süzülən yaş, dodağından çıxan söz, urəyini qoran köz… və sair, və ilaxıra eşq dedi, sevgi dedi. Pərvanə şam, bülbül gül cütlüyü yaratdı. Tək bir kəlməyə siğışmayan Sevginin sözlə ifadəsi geniş üfüqlərə yol açdı. Bənzətmələr çoxaldıqca sevgi özü qısıtlandı sanki. İnsanlar sevgini ifadəetmə tərzinə diqqət kəsildikcə, sevgi bu qələbəlikdə yolunu azdı.
“Şəhvətin adına eşq dedilər, şəhvət eşq olsaydı, eşşəklər eşqin sultanı olardı””-dedi Movlana hələ zamanında. O zamandan bu zamana daha neçə yasaqlara hiss deyib, sevgi deyənlər, bu sevgi üçün ölənlər gördük. Sevginin ünvanı ürəkdir –dediniz. Ürək bunu istər, bunu sevər, niyə adı sevgi olmasın ki…? Aludəlik sevgidirmi? Bağlılıq eşqdirmi? Nə çox sualı yarandı bu ilahi hissin, İlahi?!
Küllükdəki Fatmanı güllükdə bəsləyəcək qəhrəmanları hanı bəs bu günün? Bunları boş verək. Onsuzda küllükdə olan yenə kənd çəpərinin dalından çıxa bilmir…Onun sevdiyi yollar var, o yollarda qaraltı yox…
Bu günə köklənənlərin isə sevgiyə baxışı “ən qısa sevgi mesajı yaz”dan keçir. Yenə sözdə pafos…Olsun… O zaman günün ən gözəl sevgi mesajı nə olsun?
Bu arada milli təəssübkeşlər bizim öz sevgi günümüz var deyəcəklər. Qoy bu gün olsun belə-Sevg(K)i günü sevgin olsun. Valentini, Məcnunu bir yana qosyaq… Hər kəsin sevdiyinə sevgisini sadəcə bir cümləyə bağlasaq… “Mən səni sadəcə sən olduğun üçün sevirəm”-desək…
And olsun Sevgimizə deyəndə….
Sevginin and yeri -Səni Azərbaycanın bütövlüyünə can atdığım kimi sevirəm deyəni, olacaqmı? Hanı əllər, görmürəm.
Ya “Bəlkə Fərizə İlhama, ya İlham Fərizəyə “Səni sən nəfəs aldığın üçün sevirəm”- deməmişdi. Amma İlhamın nəfəsi tükənəndə onu bir nəfəs üçün sevdiyini göstərdiyi sevgiylə sevirəm”-yazan?
Ən qisa sevgi mesajında Laçın dağlarının çisi, Kəlbəcər yaylağının havası, Şuşada xarıbülbül eşqinə oxuyan bübülün səsini… sevdiyim kimi sevirəm…-kəlməsinə kilidlənənini hanı?
Son dövrün və hər zamanın tarixini qanıyla yazan Mübarizin sevdiyi Azərbaycan sevgisiylə sevirəm- deyə yazılan mesaj da yoxmu?
Mən səni qolundakı “döymədə” adını özüylə qəbrə aparan, döyüşdə həlak olan neçə nakam nişanlının sevgisiylə sevirəm.
Mən səni o nakam sevgilərdən doğulmayacaq körplərin nalə səsi kimi sevirəm.
Mən bəndənin Allahın yanına özü ilə götürəcəyi savabtək sevirəm!
Mən bir çöx sevənlərin sevdiyindən etdiyi günahlar (intihar) qədər sevirəm.
Niazmi “Eşqdir mehrabı uca göylərin” –deyə büstünü qurduğu Füzulinin “Ya Rəb, Bəlayi eşq ilə qıl aşina məni” ahındakı sevgiyə nə əlavə edə bilərəm ki…
P.S. Bir pencək yaxasına göz yaşını axıdacaq, bir çiyinə başını söykəyəcək axtaran, yolları sevgisinə ünvan edən kənd qızının, el qızının həsrəti, istəyi eşqinə yazıram bu sevgini, bu günü. Sev ki günü, sevgin olsun!
Moskva. 14.02.2014
“