Tükənmişlik sindromu- Yalqızlığın başlanğıcı
Dostoyevski əsərinə “İdiot” (“Axmaq”) adı qoydu. Mən də “Dayazam”-deyib ironik baxmağa məcbur qaldığım mühitdə tükənmişliyimi belə adlandırsam, olarmı, Sizcə?
Bilgisayarım da həyatım kimidir. (Yenə başa döndüm-gileylənmə, günahlandırma fəslinə-müəllif.). Yenilənməyə uyğun deyil. Tükənib yaddaşı. Hər açdığımda yaddaşının həcminin balaca olduğu səbəb göstərilir, ona görə ləngiyir, durur, donur. Bunun həlli var. Yedək bir yaddaş (rəhmətlik İlqar Mingəçevir qadjet-hacat, hajat deməkdir-deyirdi) hacatla məsələ həll olunur, bitir. Amma… Yedəyi gəzdirmək və ya yedəklə, yedəkdə gəzmək də rahat hiss etdirmir. Nə edəcəksən, məcbursan.
Həyatın yedəyindən tutub yaşamırıqmı? Kiminsə yedəyinə qoşulub davam etmirmi bu sivilzasiyalar?
Dünən bir həmsöhbətim “bəzəklilər” üzdə “bəzəksizlər” altda qalıb dedi. Onun fikrindən bu nəticə çıxartdım ki, bəs, “Dəyməyin, çirkin deyilən altda qalana. Alt dərindir, ora enmək də dərinlik istər. Üstə olan- üzdə olana hamı çata bildiyindəndir çoxluğun ona məhəbbəti”. İstədim deyəm, kimə nə dərindən, dərin düşüncədən. Ki zəmanə dayazın zamanıdır. Bu da təhqirə keçir. O üzdən bu söhbəttlərdən usandım, tükəndim.
Nəhayət özüm də güc-bəla gəlib çatdım demək istədiyimə.
Mövlana Cəlaləddin Rumi dedi getdi. Anlaşa bildiyi ilə sınağa çəkdilər onu. Dilindən bilən Şəmsi Təbrizi dostluğu, valehliyi –aşiqlik kimi min yerə yozuldu. Bu gün də fərqli baxışlardan yorumlanmağa davam edir. Nə dedi ki? “Ya olduğunuz kimi görünün, ya da göründüyünüz kimi olun”. Gördündüyümüz kimi olmadıq, olduğumuz kimi görünmədik. Amma, yox, “Mən eləyəm”-deyən çox.
Deyilsiniz, qardaşlar, deyilik, deyiləm! Yerinə görə dəyişirik. Bizə münasibətə görə tənzimləyirik həyatımızı.
Ən yaxşı yazıçı bir “dayazın” “dərinindən” danışır, özü inanmaya-inanmaya həm də. Niyə? Niyəsini sormayın, çünki kələm kimi soyduqca altından yeni bir “niyə”, “nə üçün” çıxacaq. Dayazından deyim. Çox da dərin deyiləm axı, onların ölçü arşınına görə.
Məsələn, uzaqda yaşayır, ora gedəndə onu yaxşı qarşılayır, yedəyinə salıb gəzdirir ki, sonra o da onu yedəyində daşısın. Daşıyır məcbur. Və öz yedəyi olduğu üçün istedad deməkdən başqa çarəsi qalmır. Yoxsa gərək özünü dana, axı.
Bu təkcə bu sahəyə aid deyil. Hər sahədə kimsə kimisə yedəkləyir. Ya da yedəyinə verilir ki, daşı. Beləcə dünyanı dolaşırlar yedəkləyə-yedəkləyə, ya da yedəklənə-yedəklənə.
Özümü bu aralar iki sivilizasiyanın arasında qalmış kimi hiss edirəm. Herman Hessenin “Yalquza(q)”ğına köklənməyimə bais olan nədir, əcəba? Yalquzaqlıq –təklikdir. Niyə boz qurd seçilib? Herman Hesse hətta dinlər ayrımında Qurdun nəyi təmsil etdiyi fərqlidir-deyir. Nitsşe də elə deyib.
Ötənlərdə bəlkə uzun illərdən sonra əvvəldən tərtib olunan siyahılara kimin və ya nəyin hesabına düşənləri nəzərə almasaq, bir tədbirə göydən düşmüş kimi düşdüm. Səmimi olacam. Bunu da hamı deyir, di gəl ki, “sonuna kimi səmimi olan yoxdur”-un iddiasına girərəm. Varsa, sadəcə bir nəfər göstərin, gedib ona səcdə edəcəm.
Mən bu yazını yazarkən, səmimiyəm- desəm doğru olar.
Mətləbi bu gün qarışdırsam illərlə yazdığım, qəbul etdiyiniz imzama bağışlayın. Kütləvi işlənən bir kəlmə var. Qüsursuz Yaradandır! Qüsurlu olmağımız həyat adlı məktəbdə aldığmız yaradandır.
Tədbiri xatırlatdım. Hamı ən alilərin ən yuxarıda təmsil olunduğunu sanır. Bəzən adilər ali yerindədir. Alimlər susur. Dünya mükafatın pulla alındığı yerdir. Bəşəriyyəti yeniləməyə, təkmilləşdirməyə yönələn ixtiraların haqqını bundan xəbəri olmayan pullular verir. Nobellər, Rokfellerlər… İqtisadiyyat da elmdir. Fəlsəfə də qarın doydurmur. Sizi və bizi aldadıblar. “Mənəvi qidalan”- deyənlər.
Dayazam. Mən analmıram. Anlamadığım və barışmadığım üçün Yalquzaqlaşmışam. Onun da xəstəlik olduğunu anladım.
Herman Hesse deyir ki, Yalnızlıq, Təntalıq-hər nədirsə, Müstəqillikdir. Herman Hesse başqa şey də deyib. Onu da Siz tapıb oxuyun. Dərin şeylər bir qara qəpiyə dəyməyən yerdə, ya da durun. Sadəcə kursa baxın. Dolların yox, həyatın kursuna. Yaşamağın kursuna. Görün o neçəyədir, necə dəyişir. Siz də ona uyğun dəyişin. Yoxsa axından çox geridə qalarsınız. Məndən demək…
Nə etməli? Mən də belə “Dayazam”.
Tünzalə Vəliqızı, Moskva
10.12.2023