VİCDAN MƏSƏLƏSİ
Bu səhər təsadüfən çox maraqlı bir müsahibə dinlədim “Mirinin dibçəyi”ndə. Niyə “təsadüfən”? Çünki videonun sərlövhəsi qeyri-adi səslənirdi. «Şəhriyar Çingiz Abdullayevi yıxıb sürüdü…” Ümumiyyətlə, son vaxtlar Azərbaycan media məkanı tatamini, güləş meydançasını, nə bilim daha nələri xatırladır, bircə mədəni, təmkinli media meydanından başqa. Bir-birini “yıxıb-sürümək”, “rüsvay eləmək”, “ağzının payını vermək” kimi hərbə-zorba sərlövhələr ucuz reytinq toplama vasitəsinə çevrilib. Yazının, verilişin, çəkilişin “sanbalını” artıran amillərdən biri, bəlkə də əsası özündən yaşca böyük olana, cəmiyyətdə tanınana daş ata bilmək, onunla bir “tatamiyə çıxmaqdır”.
Bəri başdan deyim ki, heç kimə vəkillik etmək, kiminsə şəxsiyyətinə qarşı qərəzli mövqe tutmaq niyyətim yoxdur. Yazıb anlatmağa çalışdığım mətləbdən nəsihət, ağıl vermə, yol göstərmə havası hiss edilə bilər və bu, heç də mənim haqqında danışdığım adamlardan ağıllı olduğum anlamına gəlməməlidir.
Çingiz Abdullayev bu gün detektiv janrında rus dilində yazan, əsərləri milyon tirajlarla çap olunmuş, müxtəlif dillərə tərcümə olunmuş azərbaycanlı yazardır. Dinlədiyim müsahibədə Şəhriyarın Ukraynada və Rusiyada kitab mağazalarında onun əsərlərini “görməməsi” ən azından qəribədir. Müsahibədən öyrəndiyim bu oldu ki, tərəflərdən biri o birinin azərbaycanca danışa bilməməsinə etiraz əlaməti olaraq salonu tərk edir və sonra bu hərəkət ciddi mübahisə mövzusuna çevrilir. Çingiz Abdullayev hirslənir, emosional cavab verir, Şəhriyarı “vicdansız” adlandırır, AYB-də “ya sən qalacaqsan, ya mən” deyə bir ultimatum verir. Hadisənin qısa məzmununu çatdırmaq istədiyim bu dəqiqədə belə özümü mətbəxdə qeybət edən qadınlara bənzədirəm. Görün vəziyyət nə yerə gəlib ki, dünyanın təlatümlü bu vaxtında media meydanını belə mövzu zəbt edir.
Əslində bu gün Azərbaycan ədəbiyyatı elə dövrünü yaşayır ki, onun varlığı və yoxluğunu cəmiyyət, demək olar ki, hiss etmir. Belə deməyə də nə qədər haqqım var, bilmirəm. Hər halda son otuz ildə Azərbaycanın yaşadığı məşəqqətli tarixin ədəbi təcəssümünu ortaya qoyan ciddi bir əsər oxumamışam. Bəlkə var, amma sanballı əsər elə səs gətirərdi ki, mən onu mütləq oxumalı olardım.
Di gəl ki, missiyası yazmaq, cəmiyyətin ağrılarına məlhəm ola bilməsə də, ağrıları ortaya qoymaq, ona diqqət çəkmək olan və rəsmi qurum olaraq iki minə yaxın adama yazarlıq ünvanı vermiş birlikdə toplanmış adamlar öz aralarında elə çəkişirlər ki, əsas dərdlər, problemlər qalır kölgədə. Gah Azərbaycan dilinin ən həyasız kəlmələrini (bütün dillərdə səsləndirilmə tabusu olan kəlmələr var) qafiyələrə düzüb birliyə üzv seçilənlər gündəm olur, gah yazdığını özündən və yaxın qohumlarından başqa bir kimsənin görüb-eşitmədiyi adamlar birliyin reklam sifəti olur, gah da yazarın yazdığının məzmunu deyil, verdiyi müsahibələrdəki ləhcəsi, aksenti, işlətdiyi əcnəbi sözlər müzakirə mövzusuna çevrilir.
Altından qırmızı xətt çəkərək bildirmək istədiyim bir fikir var ki, Azərbaycanda rəsmi qurumlarda, sosial meydanlarda, kütləvi informasiya vasitələrində çalışan hər bir şəxs Azərbaycan dilini bilməlidir. Bu müddəa mübahisə mövzusu ola bilməz. Dili mükəmməl bilmək isə hər adama nəsib olan məziyyət deyil və bunu tələb etmək yanlışdır. Müsahibədə Şəhriyar bəyin dediyi bir fikri ürəkdən bəyənir və təqdir edirəm ki, dili öyrənmək istəyən və öyrənməli olan məmurların, vəzifə sahiblərinin nümunə götürə biləcəkləri çox bariz örnək respublikanın Prezidentidir. Orta və ali təhsilini rusca alanların azərbaycancaya nə qədər çətin uyğunlaşdığı məlumdur. Lakin cənab İlham Əliyev bu işin öhdəsindən o qədər məsuliyyət və bacarıqla gəlib ki, heç kimin bu məsələdə zərrə qədər şübhəsinə yer qalmayıb.
İndi gələk Çingiz Abdullayevin “hürmət” məsələsinə. Əvvəla dili bilmək və həmin dildə danışa bilmək tamamilə başqa məsələlərdir. Bunu ən azından üç dili bilən və tərcümə ilə peşəkarlıqla məşğul olan adam kimi təsdiq edirəm. Azərinformda işləyərkən rus dilini incəliklərinə qədər mükəmməl bilib rusca iki-üç cümlə qura bilməyən tərcüməçiləri görmüşəm. Hətta indi dəbdə olmayan bir misal da çəkə bilərəm. Adı indi sanki söyüş qədər ikrahla səsləndirilən Lenin vaxtilə ingilis dilini müstəqil şəkildə, müəllim yardımı olmadan öyrənir və İngiltərəyə gedərkən, səhv etmirəmsə, Londonda dəmiryol vağzalında ingiliscə “danışır” və heç kim onu başa düşmür. Demək istədiyim odur ki, “Çingiz Abdullayev Azərbaycan dilini bilmir” iddiası kökündən yanlışdır və heç bir əsası yoxdur. Dialektdə, ləhcədə istifadə olunan sözlərə görə adamı ittiham etməyə qalxmaq qərəzlilikdən başqa bir şey deyil. Elə sözügedən müsahibədə Şəhriyar bəy “nöş geri çəkilməliyəm” deyəndə “nöş” sözünün ədəbi söz olmadığının, bəlli regiondan savayı başqa yerdə anlaşılmadığının fərqinə varmır axı. Bu o deməkdirmi ki, Şəhriyar bəy “nə üçün”, “niyə” sözlərini bilmir? Yaxud bakılı ilə şəkilinin dialoqunda o qədər söz taparsınız ki, həmsöhbətlərdən biri onu bilməz. Ədəbi danışıq dili təmiz olmalıdır, şübhəsiz.
Əlqərəz, uzaqdan baxanda ziyalılar arasında belə mübahisələrin gündəm olması çox üzücü görünür. Mən Çingiz Abdullayevin Rusiya oxucuları arasında necə populyar olmasının şahidiyəm, Türkiyədə, Almaniyada kitab mağazalarında onun əsərlərini fəxrlə seyr etmişəm. Bunu Çingiz Abdullayevə qahmar çıxmaq üçün demirəm. Kəramət Böyükçölün “Səkkizinci gün”ə verdiyi müsahibədə (yəni başqa bir “tatamidə”) “Çingiz ədəbiyyat müstəvisində müzakirə olunası adam deyil” deməsinə etiraz olaraq deyirəm. Həm Kəramətin, həm də Şəhriyarın müsahibələrində “satira ədəbiyyat deyil, detektiv ədəbiyyat deyil”, “cəmiyyət bayrağın nə olduğunu bilmir, tarixini bilmir, onlarla danışmağın mənası yoxdur” kimi elə mülahizələrə şahid oldum ki, bu qədər istedadlı gənclərin belə aqressiv olmalarına heyrət etdim. Gənclərin söz azadlığını “bizim fahişələrimiz də cılızdır” deməkdə görməsi və bu mülahizəni tirajlaması ürək ağrıdan mövqedir. Bir yandan oxucunu, dinləyicini sərbəst olmağa, mütilik vərdişindən uzaqlaşmağa çağıran sağlam fikirlər səsləndirən gənc yazarların, digər yandan yaşlı nəslə “onlar Leninə əl çalıblar” deyə rişxənd etmələri adamı tədirgin edir. Belə bir ifadə var: “Biz keçmişimizə tapançadan atəş açsaq, gələcək bizi topa tutar”. Cəmiyyəti mütilik vərdişinin əsiri olmaqda, əri repressiya qurbanı olan qadınların övladlarını müti tərbiyə etməkdə təqsirləndirən gənclər o vaxtın, o dövrün ab-havasını bilmədən, bu günün (ideallıqdan nə qədər uzaq olsa da) rahatlığı içində atıb-tuturlar. Cəmiyyəti ümumi olaraq suçlamaq çox böyük məsuliyyət, bunu dərk etmədən ittihama yol vermək hüquqi müstəvidə cinayət, dini, mənəvi müstəvidə günahdır. Dahi Hüseyn Cavidin qardaşı oğlu ilə bir kollektivdə işləmək mənə nəsib olmuşdu və şəxsən onun dediyi bu cümlələr məndə o dövr haqqında daha konkret təsəvvür yaratmışdı. Deyirdi ki, repressiyanın qızğın dövründə bir otaqda dörd nəfər iş stolları arxasında çalışırdı. Növbəti gün dörd nəfərdən biri işə gəlməyəndə qalan üç nəfərin bir-birindən “bu adam harda qaldı” deyə soruşmağa cəsarəti çatmırdı.
Bilirəm mətləbdən uzaqlaşdım, amma “vicdan məsələsi” başlığını izah etmək üçün bu fikirləri də söyləməyə ehtiyac duydum. Şeyxülislam Allahşükür Paşazadənin vicdan haqqında dediyi bir fikir illərdən bəri onu gözdən salmağa çalışan “dəlil” kimi istifadə olunmaqdadır. Halbuki, məncə, o vicdanın nə olduğunu bilmirəm deyəndə bu məfhumun sərhədinin harada başlayıb harada qurtardığını müəyyən etməkdə çətinlik çəkdiyini nəzərdə tutmuşdu. Çünki eyni cəmiyyətdə qız övladının hicab taxmaması bir ailə üçün sərbəstlik, azadlıq sayıla bilər, başqa ailə bunu az qala vicdansızlıq adlandıra bilər.
Yenə dediklərim Allahşükür Paşazadəni, Çingiz Abdullayevi müdafiə etmək kimi yozula bilər. Əgər onlardan biri uzun illərdən bəri din sahəsini, digəri yazıçı Anarla bərabər mədəniyyət sahəsini az qala öz inhisarına çeviriblərsə, bu onların şəxsiyyətini təhqir etmə səviyyəsinə enməyə heç kimə haqq vermir. Hətta onların öz qurumlarının əsiri olduqlarını belə iddia etmək mümkündür. Onlara hücum edənlər çox hallarda onların sistemin çərçivəsinə pərçim olub qaldıqlarını və onlara diktə olunan qaydalarla oynamağa məcbur olduqlarını bilirlər. Yəni sözüm ona ki, Anarı, Çingiz Abdullayevi, Allahşükür Paşazadəni və bənzərlərini “cəsarətlə” tənqid, bəzən təhqir edənlər sadəcə olaraq içlərindəki qəzəbi püskürtməyə meydan axtarır, problemin onlarla məhdudlaşmadığını da bilirlər. “Xalq bunları niyə sevsin” başlığı qoyub bir tərəfdə Anarın, digər tərəfdə Çingizin şəklini yerləşdirərək ortada dayanan Kəramət Böyükçöl Anarın SSRİ zamanında Kreml tribunasındakı çıxışını, Çingiz Abdullayevin Rusiya mərkəzi televiziyasındakı çıxışını bilməmiş deyil. Amma bu gün tatami qaydaları fərqli çıxışlar tələb edir və hər iki gəncin savadsızlıqda, kitab oxumamaqda, tarixi bilməməkdə təqsirləndirdiyi dinləyici, tamaşaçı kütləsi onların bu “cəsarətinə” “heyran olurlar”.
Bilmirəm bü çətrəfilli fikirlərlə nə demək istədiyimi çatdıra bildim, yoxsa yox, amma bildiyim bir şey var ki, şairlik, yazıçılıq iddiam olmasa da qırx ildın çox Rusiyada yaşadığım halda bu bir parça yazımı oxuyanda məni Azərbaycan dilini bilməməkdə təqsirləndirən olmayacaq.
Cəfər Sadıq,
Moskva, 3 oktyabr 2023-cü il.