Moskvada mərhum şair-dramaturq Miryusif Mirnəsiroğlunun 85 illik yubileyi qeyd edildi


“İttiham”dan Zəfərə götürən yolun sarvanı da demək olardı ona. O Zəfəri görməsə də, o yolun bir gün  ora varacağına inamı tamdı. Moskvada baş tutan yaradıcılıq gecəsində gözləri dolduran, qəlbləri doyduran bu motivdi.

Ruhani ailəsində dünyaya gəldim. İlk eşitdiyim kəlam “La ilahə İlləllah””-deyən dili dualı, dini kamil olan Xadim!

Xatiərələr çözələnəcək, təzələnəcək, sözləriylə anılacaqdı.  Bir xatirə hekayəsi yazılacaqdı bu gün daha. Əvvəli 16 il qabaq başlamışdı. O zaman yaş 70-i haqlamış, yaradıcılıının 55-ci ili qeyd edilirdi. Bu gün  85 illik yubileyi anısına toplaşmışdıq.

Kiçik remarkadan sonra:

Moskvada tanınmış şair-dramaturq Miryusif Mirnəsiroğlunun 85  illiyinə həsr olunmuş  musiqili ədəbi-bədii tədbir keçirildi. Tədbirin Azərbaycan xalqının Zəfər sevincini yaşadığı bir zamanda planlaşdırılması bəlkə də təsadüfi deyildi.

Miryusif Mirnəsiroğlu bu savaş, bu təcavüzə qarşı dünyaya üsyan edən, şeirlərində haray çəkən bir şairdi. Və bu böyük Zəfəri görməsə də, onun bir gün gələcəyini, torpaqlarımızın Ali Baş Komandanımızın  rəhbərliyi ilə azad ediləcəyini    “İttiham” poemasında

Çox da uzun sürməyəcək,
Daşnaqların arzuları ürəyində qalacaqdır.
İlhamlı, mərd Azərbaycan
Bu torpağın-Qarabağın qisasını
Barış ilə baş tutmasa,
Vuruş ilə alacaqdır!-

-əminliyi ilə misralara tökmüşdü.

Tədbirdə Hacıqabul rayon İcra başçısı Rüstəm Xəlilovun göndərdiyi təşəkkür məktubu oxundu.  Məktubda  ölkəmizin hüdudlarından kənarda  tanınan Miryusif Mirnəsioğlunun rayonun ictimai-mədəni həyatındakı rolu, maarifçilik, xeyriyyəçilik fəaliyyəti,  Azərbaycan ədəbiyyatı və incəsənətinə  xidmətlərini  yüksək qiymətləndirdikləri deyilirdi.

Sonra  təbdirin  təşkilatçısı  –Moskva Qərb İnzibati dairəsi Azərbaycanlıların Mili Mədəni Muxtariyyətinin  sədri Əli Kazımov səhnəyə çıxaraq qonaqları salamladı. Miryusif  Mirnəsiroğlu poeziyasının vurğunu olduğunu dilə gətirən Ə. Kazımov  belə ədəbi-bədii gecələrin keçirilməsinin şairlərimizi, mədəniyyət və incəsənət xadimlərimizi  tanıtmaq və təbliğ etmək baxımından əhəmiyyətli  olduğunu söyləyərək tədbiri açıq elan etdi.

Tarix elmləri doktoru, professor, şair Əşrəf  Hüseynli, Azərbaycan və Rusiya Yazıçılar Birliyinin üzvü şair Afaq Şıxlı gecənin  məruzəçiləri  simasında iştirak edirdilər. 

Hər iki  ziyalı çıxışlarında Miryusif Mirnəsiroğlu poeziyasınının özünəməxsus  çalarlarından söz açdılar.

Əşrəf Hüseynli zaman-zaman Miryusif Mirnəsiroğlu ilə iş və ədəbi yollarının kəsişdiyindən,  birgə poeziya söhbətləri etdiklərindən bəhs etdi:

“Həyat bizi  gah Şamaxıda – o orada müəllim olan,  mən də ali icra orqanında çalışan zaman, sonra Bakıda “Həyat” qəzetində redaktor olduğum dönəmdə  bir araya gətirdi. Onunla aramızda  ədəbi söhbətlərimiz olurdu Miryusif müəllim  ədəbiyyata, incəsənətə  vurğun, sənətlə nəfəs alandı. Ədəbi yaradıcılığı çoxşaxəli idi. Azərbaycan poeziyasının bütün  növlərində  ədəbi nümunələr qələmə almaqla qalmamış, xarici ədəbi janra aid – sonetlər belə yazmışdı”-deyə onun istedadnın hərtərəfli olduğunu ifadə etdi.

 Əşrəf Hüseynli  onu da qeyd etdi ki,  Miryusif  müəllimdə  bir çoxlarından  fərqli olaraq  özünə qarşı  tələbkarlıq  vardı,  özünütənqiddən çəkinməzdi.  

“Məhəbbət, eləcə də Vətən haqqında olan şeirlərində insan məfhumu  öndə gəlir. Rübailərində halalı haramdan, yaxşını pisdən ayıran nədir- suallarına cavab axtarır və  fəlsəfi düşüncə süzgəcindən keçirərək ibrətamiz cavab tapdığını görürük”-deyə onun şeirlərini dəyərləndirdi.
Şair Afaq Şıxlı isə öz çıxışında Miryusif Mirnəsiroğlu poeziyasında insana verilən dəyər, insani keyfiyyətlərin aşılanması, İlahi sevgi ilə Vətən sevgisinin bütövləşdirilməsi xəttinin davam etdirilməsinə diqqət çəkdi. Qələmini ədəbiyyatın hər sahəsində: poeziya, dramaturgiya, publisistika və s. sınayan Miryusif Mirnəsiroğlu  rübai janrına müraciət edərək fəlsəfi fikirləri həyatın ən müxtəlif sahələrinə aid etmişdir. Bu,  şairdən böyük məharət və istetad tələb edir-deyə onun yaradıcığını bu baxımdan təhlil etdi.

Afaq Şıxlı çıxışının davamında  Miryusif  Mirnəsiroğlunun timsalında yaradıcı insanlara  diqqət və sevgisinə görə  tədbirin həmtəşkilatçılarından  olan hüquqşünas Alşan Zakirova təşəkkürünü bildirdi.

Şairin anım tədbirinə qatılan oğlu Miryunis Miryusifoğlu Atasının xatirəsinə həsr olunmuş  təntənəli tədbirlərə ünvan olan Moskvada yaşayan  azərbaycanlı ziyalılara dərin minnətdarlığını ərz etməklə sözə başladı:

“Ağam ömrünü  Vətənə, millətə, ədəbiyyata, teatra, kinoya sərf edən, bu yolda çalışmaqdan usanmayan və  işğalda olan torpaqlarımızın yanğısıyla öz ürəyini oda-alova çevirən insandı. Ruhani ailəsində böyüyən, dini-  torpağı, Vətəni, imanı bilən biriydi. Bu gün onun barəsində Sizlərdən duyduğum  sözlər  köksümü qabardır, məni qürurlandırır”.

 Vətən mövzusundan söz düşmüşkən, gecənin moderatoru  Tünzalə Vəliqızı Miryusif Mirnəsiroğlunun Qarabağ savaşı zamanı qələmə aldığı “İttiham” poemasını  Mehmet Akif Ersoyun  Qurtuluş savaşı zamanı  yazdığı “İstiqlal marşı” ilə müqayisə etdi. “Dövr eyni olmasa da, fərqli zaman dilimində yaşananlar eyniydi və müxtəlif üslublarda yazılan bu iki ədəbi nümunə  xalqın, ordunun milli-vətənpərvərlik ruhunu yüksəltməyə çağıran haraydı”.

Şairin 55 illik yubileyində iştirak edən filoloq, gözəl qiraətçi Xalidə Səmədova   Miryusif Mirnəsiroğlu ilə  bağlı təəssüratında, onun incə qəlbli, mehriban, səmimi təvazökar, uşaq kimi saf bir xüsusiyətə malik  olduğunu xatırladaraq, Allahdan ona rəhmət dilədi və şairin bir şeirini oxudu.

Zaman-zaman maraqlı xatirələri və müdaxilələri ilə tədbiri canlandıran  tanınmış jurnalist Cəfər Sadıq  “333 rübai” kitabından yola çıxaraq , elə bu rübailəri  yüzlərlə  ədəbi konfranslar keçirmək üçün yetərlidir-dedi. “Miryusif Mirnəsiroğlu   333  rübaisi ilə adını  ədəbiyyat tarixinə  yazdıramağa haqqı olan dəyərli bir şairdir”- fikrini  paylaşdı.

“Rübailərindən söz düşmüşkən, görüş iştirakçıları arasında onun  rübailərini əzbər bilən varmı?”- sualı ilə  zala müraciət də olundu. Bu suala cavab olaraq poeziyasevər  ziyalılar  ard-arda şairin  rübailərini  səsləndirdilər.

Ədəbi-bədii tədbirdə uzun illər imzası Miryusif Mirnəsiroğluna məxsus olsa da, başqalarının adına çıxılmış  məhşur mahnılarının tarixçəsindən də söz açıldı.

 Tədbirin  nəğməli qonaqlarından-Azərbaycanın tanınmış müğənnisi Fədayə Laçın illərlə anonim kimi təqdim olunan  Miryusif Mrnəsiroğlunun sözlərinə   Bəhram Nəsibovun  bəstələdiyi  “Şahnaz təsnifi” və  “Qal, sənə qurdan” mahnılarının ifa etdi.

Azərbaycanın Xalq Artisti Sərxan Sərxan  milli vətənpərvilik ruhunda olan mahnıları ilə Miryusif  Mirnısiroğlunun anısına həsr olunmuş gecəyə xüsusi  rəng qatdı. Hər iki müğənninin ifaları alqışlarla qarşılandı.

Tədbirdə iştirak edən digər ziyalılar, Moskva “Əhli-Beyt” islam cəmiyyətinin sədri Hacı Nizami Baloğlanov, “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin sədri  Vasif Məmmədov, Aşıq Qurbani irsinin davamçısı şair Abbas Ağdabanlı, ictimai xadim Əhməd Abıyev və başqaları  şair-dramaturqun əsərlərinin əsas leytmotivini millətinə, vətəninə  məhəbbət, tarixinə sahib çıxmaq çağırışı təşkil etdiyini vurğuladılar.

Yubiley tədbiri  “Azərbaycan himni”nin  sədaları ilə başa çatdı.  

Tünzalə Vəliqızı,
Moskva
02.10.2023


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir