Vüqar Bayramovdan Şeirlər


SINAYIRLAR

Düzəm, sınağım böyük,
Kələknən sınayırlar. 
O qədərmi güclüyəm, 
Fələknən sınayırlar.

Yapışdığım yer yaxam…
Nə Tanrıyam, nə şaham.
Mən nə boyda günaham, 
Mələknən sınayırlar. 

Zəhər olsa içərəm, 
Yerdən göyə köçərəm. 
Hər sınaqdan keçərəm, 
Ürəknən sınayırlar. 

Qınamasın el, oba, 
Yalan incə, mən qaba. 
A, Yel baba, Yel baba, 
Küləknən sınayırlar. 

Bəxtimizi küt verib, 
Bu qisməti büt verib. 
Hər gün bir ümid verib, 
Diləknən sınayırlar.

Özlərini öyənlər,  
Haqqımızı yeyənlər, 
Gözlərini döyənlər, 
Çörəknən sınayırlar.


04.01.2024

Adam sözündən asılar,
Sözündən qaça bilməzsən. 
Bu dünya nə boydadır ki, 
Özündən qaça bilməzsən. 

Çox günahı keçmək olar, 
Tövbə andı içmək olar. 
Yalana don biçmək olar, 
Düzündən qaça bilməzsən.

Söz eləməz el bəlkə də, 
Susar, dinməz dil bəlkə də. 
Oyuncaqdır kül bəlkə də, 
Közündən qaça bilməzsən. 

Yolun,çətin dincdən düşər, 
İsti yerin küncdən düşər. 
Ayaqların gücdən düşər,
Dizinnən qaça bilməzsən.

Sınar bir gün cəsarətin, 
Üzü buzdur həqiqətin. 
“Unudulmuş məhəbbətin”
İzindən qaça bilməzsən. 


02.01.2024

TƏRGİT

Haramda öndəsən, halalda geri, 
Gecəni gündüzə qatmağı tərgit. 
Onluğa dəymirsə beşindən biri,
Tutmağı yadırğa, atmağı tərgit.

Həyatdı, yaxşı da çağ olur, adam, 
Allah istədiyi sağ olur, adam. 
İgidin arxası dağ olur, adam, 
Tərgit, hər qucaqda yatmağı tərgit.

Hər şəffaf görünən sudan içilməz, 
Əlsizə əl olsa, insan kiçilməz. 
Şərəfə, mənliyə qiymət biçilməz, 
Ucuza, bahaya satmağı tərgit.

Allahın verdiyi cana şükr elə,  
Bu gün yaşayırsan, Ona şükr elə. 
Durduğun zamana, ana şükr elə,
Sən belə arzuya çatmağı tərgit.


29.12.2023

GÜCÜ ÇATMIR

Elə buludlar çökür hərdən insan ömrünə,
Yerindən tərpətməyə küləyin gücü çatmır.
Ağuşuna düşürük, çarəsiz xəyalların,
Ümid sınır, arzunun, diləyin gücü çatmır.

Ürəyə od düşürsə, şaxta, ayaz əlacmı?
Bəxt ki, şikəst doğuldu, siyah, bəyaz əlacmı?
Hər çətini görəndə nəzir, niyaz əlacmı?
Tanrı istəmədikcə mələyin gücü çatmır!

Biganəyik,özgəyik özümüzə yad kimi,
Sinəmiz qəm yatağı, yaşayırıq şad kimi.
Barışırıq ömürlə,fələyə inad kimi,
Daşdımı bu bəxt belə, fələyin gücü çatmır?

Adam məəttəl qalır bu dünyanın işinə,
Bəxti yazan hamını bir-bir vurur dişinə?
Bu candır tab gətirməz hər yüzündən beşinə,
Adam nə qədər dözər, ürəyin gücü çatmır!


13.03.2021

OLUR

Yüz ölçürəm, bir biçirəm,
İtirdiyim, zaman olur.
Bax bu qüssə, bax bu kədər,
İtirdiyim zaman olur… 

Dərmanımdır dözüm, qəti, 
Yaşayıram həqiqəti. 
Ömürdü də, müvəqqəti, 
Düz danışan yaman olur. 

Bəxt zalıma gülür ancaq, 
Hər gün ümid ölür ancaq. 
Qeybi Allah bilir ancaq,
Ürəyinə daman olur. 

Ömür gedir, biz sanırıq… 
Arzulara aldanırıq. 
Bəlkələrnən dolanırıq. 
Qazancımız güman olur. 

Göz dikirik hey üzünə, 
Həyat dönmür bəy üzünə. 
Ümidimiz göy üzünə, 
Bulud gəlir, duman olur. 


VÜQAR BAYRAMOV
28.10.2022


Bir cavab yazın