XATİRƏ DƏFTƏRİ


Demək olar hamımız bu yolu keçmişik. Ən azından keçmiş sovet məkanında orta məktəb bitirənlərin böyük əksəriyyəti öz ürək döyüntülərini, yetkin həyata qədəm qoyarkən ilk ayrılığın oyatdığı duyğuları, gələcək haqqında gümanlarını, arzularını ya öz dəftərində, ya da çox məhrəmanə şəkildə sinif yoldaşının ona “gizli” verdiyi dəftərdə,–bu dəftər 48, yaxud 96 vərəqli, bəzən üz çəkilmiş “ümumi dəftər” olardı,–yazardı. Əlbəttə, dəftərləri qızlar tutar, oğlanlar da, izin verildiyi hallarda, öz fikirlərini yazardılar. Əslində “arzu, istək, uğurlu yol dəftəri” olan bu fikirlər toplusuna niyə “xatirə dəftəri” deyilməsi də qəribədir. İllər ötdükcə orada yazılanların xatirəyə çevrildiyi məlumdur, amma…

O xatirələr yazılanda müəlliflərin on altı, on yeddi yaşları vardı. Cümlələri ibarəli, vədləri ölçüyəgəlməz (“səni heç vaxt unutmayacağam”, “hara getsəm də mütləq Vətənə qayıdacağam” və sair), həyat haqqında təsəvvürləri evlə məktəb, bir də yaşadıqları məntəqədə gördükləri ilə məhdudlaşan tərtəmiz gənclər. İndiki gənclərin ayrıla bilmədikləri telefon, internet atributlarının olmadığını da göz önünə gətirsəniz keçən əsrin yetmişinci illərinin böyük həyata qədəm qoyan qismi haqqında təsəvvürünüz olar.

Kimin xatirə dəftərinə nə yazdığım xatirimdə deyil, əminəm ki, dəftərlərin sahibləri də o “xəzinəni” bir-iki il sonra unudublar. Çünki onlar heç yerdə çap olunmayam intim yazılardı.Barəsində danışmaq istədiyim indiki xatirələr isə hər sözümə ciddi yanaşmağı tələb edən əziz, “ağlı-qaralı”, şirinli-acılı xatirələrdi. Həm də ona görə ki, bunları dəyərləndirəcək olanlar son otuz beş-qırx il ərzində Azərbaycanda mətbu sözə istiqamət verənlərdi. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub 1976-cı ildə universiteti bitirənlər, onları tanıyanlar, yazdıqlarından, televiziya və radiodakı danışıqlarından, işlərindən faydalanan, təsirlənən, onlardan öyrənənlərdi. Çətin yola baş vurduğumu dərk eləyəndə artıq gec idi. İmtahan biletini çəkmişdim.

“Bizim alın yazımız”. Tələbə yoldaşım Səməd Məlikzadənin tərtib edib hazırladığı, “Zərdabi Nəşr”in 2022-ci ildə nəşr etdiyi kitab həmin xatirələr toplusudur.

Onu deyirdim axı, xatirə dəftərləri qızılgül ətirli və şəkilli, görünüşündə bir gənclik çılğınlığı hiss olunan dəftərlərdi (dəlkə mənə elə gəlirdi?!). “Bizim alın yazımız”ın üzqabığı payız qoxuludu. Qalaqlanmış qəzetlərin üstünə düşən qızılı payız yarpağı, sarı payız səması, qüruba doğru uzanan qızıl günəş şəfəqləri qızıl da olsa… payızdır.

“Bizim alın yazımız” kitabı milli mətbuatımızın tarixinə töhfə, eləcə də dünyasını dəyişmiş müəllim və tələbə yoldaşlarımızın xatirəsinə ehtiramın nümunəsidir.”—deyir kitabı tərtib edən dostum.

Bu kitaba nələr sığıb, nələr yaddaşlarımızın pasını açıb, kimlər gəlib, kimlər keçib bu karvan yolundan?

Minnətdarlıq insanı insan edən əsas amillərdən biridir. Hərçənd bu duyğunun təkcə insana məxsus olduğunu iddia etmirəm. Tələbələrin kiçik bioqrafiya təqdimatından sonra gələn ilk fəsil “millətin taleyində önəmli rol oynayan cəfakeş insanlara”—həyat yolumuza öz nurları ilə işıq tutan müəllimlərimizə həsr olunub. Yüz dəfələrlə təkrar etsək də azdır ki, bizim Şirməmməd Hüseynov, Mir Cəlal Paşayev, Nəsir İmanquliyev, Nurəddin Babayev, Famil Mehdi, Əzizə Cəfərzadə, Seyfulla Əliyev kimi korifeylərimiz, onlarla çiyin-çiyinə çalışan və estafeti ləyaqətlə daşıyan Tofiq Rüstəmov, Nəriman Zeynalov, Yalçın Əlizadə, Əliş Nəbili, Cahangir Məmmədli, Mahmud Mahmudov, Akif Rüstəmov, Nəsir Əhmədli kimi professor-müəllim heyəti ilə raslaşmağımız, onların mühazirələrini, həyat dərslərini dinləməyimiz yaradanın lütfüdür. Hər biri ayrıca kitaba, monoqrafiyaya layiq ömür yaşamış bu insanlar haqqında kitabda səmimi oçerklər yer alıb. Oxucunu əlli il əvvəlki auditoriyaya aparan, o ab-havanı yaşadan oçerklər. Bu məqaləyə köçürmək onların “tamlığını” pozar, yeni baxmağa başladığınız filmin sonunu danışmağa bənzəyər. Yaxşısı budur özünüz oxuyasınız.

Kitabın əvvəlində 622-ci və 624-cü qrupların buraxılış “vinyetkası”—toplu məzuniyyət şəkli verilib. Sanki bir-birindən ayırmaq üçün qrupun birində məzunların soyadı ilə, o birində adı ilə təqdim olunub. 46 gənc 1976-cı ildə Azərbaycan mətbuatında külüng vurmaq üçün rəsmi sənəd alaraq yola çıxır. Artıq bir çoxu tanınmağa başlayıb, imzaları qəzetdə, simaları ekranda, şeirləri dillərdə məkan salıb.

Kitabın ərsəyə gəldiyi zaman isə ikinci “vinyetka”ya ehtiyac yaranıb: “Bir dəqiqəlik sükut” istəyən hüznlü şəkillər. Rəşid, Mail, Adil, Allahyar, Musa, Nizami, Xəlil, Maşallah, Əli, Qadir, Yusif, Əlibala, Şamxal, Həsən, Nürəddin, Vəsilə və kitab işıq üzü görəndən sonra bu qərib qatara qoşulan Sevda.

1976-cı ildə mənfur qonşularımızın bəd niyyətləri hələ gizli saxlanır, “sovet dövrünün xalqlar dostluğu” nağılı ilə laylası çalınan yuxu hamımıza şirin gəlirdi. Onda bilmirdik ki, bu məzunların həyatında cəmi on-on iki il sonra necə fırtınalar baş verəcək. Munis sevgidən, həyat quruculuğundan, gözəl ailədən dolğun əsərlər yazacaq olan bu gənclər bir-birinə “Mənə Şuşadan salam göndər” deyə sifarişlər verəcək, sərasər otuz il itirilmiş torpaq yükünün altında əziləcək, öz vətənində qərib məzarları ziyarət edə bilməyəcəklər. Və elə çoxları bu həsrət, minnət, məzəmmət yükünün altında dünyadan köçəcəklər. Yadımdadır, tələbəlikdə şəxsən tanımadığım, sonra 525-ci qəzetdəki yazılarımızla, feysbuk səhifəsindəki söhbətlərimizlə tanış olub, bacı-qardaş səmimiyyəti ilə isinişdiyimiz Vəsilə Usubova “Hər gecənin bir sabahı var” sərlövhəli ümid, inam dolu yazımdan xoşlanıb xeyli səmimi sözlər demişdi. Aradan bir müddət keçdikdən sonra növbəti yazımla əlaqədar qəzetin yerləşdirdiyi şəklimə baxıb “yaşlaşmağımı” o qədər səmimiyyətlə dilə gətirmişdi ki, Bəxtiyar Vahabzadənin bir şeirini—oğlunu ekranda görən ananın “balam bir az sınıxıb” deməsini xatırlayıb gülmüşdük. Ruhu şad olsun Vəsilə xanımın. 2016-cı ilin aprelində Şəfəq Nasirin ona xitabən yazdığı vida yazısını qıhərsiz oxumaq mümkün deyil.

Kitab haqqında fikirlərimin hüznlü olmasını heç istəməzdim əslində. Bunun olmamasına vəsilə olacaq yazılar da, şən əhvalatlar da, məzəli söhbətlər də kifayət qədərdi. Hələ tələbə dostlarımızın yaradıcılıq nümunələrini demirəm.

“Ötən günə gün çatmaz” fəsli Vaqifin, Şəfəqin, Azərin, Teymurun xatirələri, kitab hazırlamaq planlarının cücərtisi, Meyniman xatirələri, yataqxana sərgüzəştləri ilə maraqlıdır. Bu arada bir fikri də söyləyim ki, dostlar mənə diş qıcamasın, küsü saxlamasın. Adlarını belə sərbəst, titulsuz, “müəllim”siz yazıram, inciməsinlər. Çünki mən onlardan ayrılıb (hərçənd bizim də öz durna qatarımız vardı və indi də var) Moskvaya gedəndə onlar titulsuz tay-tuşlarımız idi və mənim bu “panibrat” münasibətim onlara sayğıdan bac verdiyim mənasına gəlməsin.

“Özümüz haqda özümüz” fəslində bu iki qrup mənsublarının bir-birinə məhəbbəti çağlayır, uğurlarından söhbət açılır və əlbəttə, yükün ən ağırının yenə Səmədin o zəif çiyinlərində daşındığı görünür. Elman Teymur və İsmayıl haqqında, Elçin Yusif, Musa, Adil, Rəhman, Əlibala haqqında, Mehdi Qarabağ, Cıdır düzü haqqında və Səməd hamısı haqqında elə ürəkdən, sevgi ilə danışır ki, dəfələrlə oxumaq istəyir adam.

“Gəl qayıdaq o illərə”. Ağ-qara fotoların albomu. O günlərdən bizə baxan Bakı, universitet, pambıq tarlası, müəllimlərimiz, “bakenbardlı” şəvə saçlar, iddialı, nazlı baxışlar.

Sonra məlum olur ki “Bizdən yazıblar”. Müxtəlif mətbu orqanlarda Telli Pənahqızı, Maşallah Xudiyev, Mehparə Axundova, Şəfəq Nasir, Vaqif Tanrıverdiyev, Həsən Kərimov haqqında verilmiş məqalələr kitabda yerləşdirilib.

Belə kitab dost təbriki olmadan yarımçıq görünərdi, ona görə kitabın “Dostlar bizi xatırlayır” fəsli özünəməxsus çalara malikdir. Şair, alim Akif Azalp, şair İslam Türkay, yazıçı Əlabbas, şair Vaqif Bəhmənli, professor Qulu Məhərrəmli, bəndəniz o günləri, illəri, ötən dövrü xatirələrdə canlandırırlar.

Növbəti fəsil tələbəliyi eyni vaxta düşmüş, həyat və yaradıcılıq yolları müxtəlif istiqamətlərə ayrılmış insanların yaradıcılıq nümunələrinə həsr olunub ki, bu bölüm ayrıca geniş məqalə mövzusudur.

Kitab rəngli fotoşəkillər albomu ilə tamamlanır. Dünənin (bu “dünən”in əlli yaşı var!) gəncləri artıq qol-qanadlı, bağ-bağatlı nəhənglərdi, ailə, övlad, nəvə-nəticə qafiləsinin sarvanlarıdır. Dünən gülüş saçan çöhrələrindən bu gün zəhm, təmkin, müdriklik yağır. Bəyaz saçları ömür sərvətləridir. Həyat davam edir. Bəziləri jurnalistikanı ömür yolu seçmiş övladından, nəvəsindən qürurla danışır.

Belə kitab nəşr etmək ideyasına, çətinliklərə baxmayaraq onu araya-ərsəyə gətirdiklərinə görə zəhməti keçmiş hər birinə ürəkdən təşəkkür edirəm. Elektron, texnologiya dövrü nə qədər inkişaf etsə də kitab min illər boyu insanın yol yoldaşı, könül həmdəmidir. Bu xəzinədə payı olanlar həqiqi alğışa layiqdir. Çünki bu sətirlərdə, bu vərəqlərdə, bu kitabda tarix yatır, həyatımızın bir parçası dinlənir.

Cəfər Sadıq,
Moskva, 10 fevral 2023-cü il


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir