Xeyirxahlıq mənəvi dilənçiliyə necə çevrilməməlidir?


Cəmiyyətin sağlamlığını müəyyən edən əsas göstəricilərdən biri xeyirxahlıq və yardımlaşma mədəniyyətidir. Azərbaycan cəmiyyətində bu dəyər tarixən mövcud olub və milli-mənəvi kimliyimizin ayrılmaz parçası sayılıb. Mərhəmət, əl tutmaq, ehtiyac sahibini qorumaq həm dini, həm də milli əxlaqımızın əsas sütunlarındandır. Lakin son illər bu müqəddəs duyğunun düzgün olmayan mexanizmlərlə təqdim edilməsi, xüsusilə kütləvi informasiya vasitələri üzərindən nəzarətsiz pul yığımı formasına salınması ciddi suallar doğurur.

Məsələ xeyirxahlığın özündə deyil, onun sistemsiz, hesabatız və istismara açıq şəkildə həyata keçirilməsindədir. Yardım anlayışı tədricən planlı sosial dəstək mexanizmi olmaqdan çıxıb, emosiyalara hesablanan, ani çağırışlara əsaslanan bir praktika halına gəlir. Bu isə həm yardım edən, həm də yardım alan tərəf üçün uzunmüddətli mənfi nəticələr yarada bilər.

Əvvəla, milli-mənəvi dəyərlər baxımından yardımlaşma insanın alçaldılması deyil, onun ayaqda qalmasına kömək etməlidir. Ehtiyac sahibi insan cəmiyyət qarşısında aciz, çarəsiz və daimi asılı obrazda təqdim edilməməlidir. Yardım insanın ləyaqətini qoruyaraq edilməlidir. Açıq ictimai platformalarda xəstə uşaqların, qocaların, ailələrin davamlı şəkildə nümayiş etdirilməsi, onların taleyinin kütləvi emosional manipulyasiya predmetinə çevrilməsi həm həmin ailələr, həm də cəmiyyət üçün mənəvi aşınmaya səbəb olur.

İslam əxlaqında və türk mədəniyyətində mərhəmət ağılla, ədalətlə və məsuliyyətlə birlikdə düşünülür. Sədəqə və zəkat anlayışları plansız deyil, sistemli sosial ədalət mexanizmləridir. Bu baxımdan yardım çağırışlarının şəffaflıq, hesabatlılıq və etibarlılıq prinsiplərinə əsaslanmaması xeyirxahlığın ruhuna ziddir. Yardım toplanırsa, onun nə qədər toplandığı, necə xərcləndiyi və nəticəsinin nə olduğu ictimaiyyətə açıq şəkildə bildirilməlidir.

Digər mühüm məsələ məsuliyyət bölgüsüdür. Ehtiyaclı insanların qorunması yalnız fərdlərin vicdanına buraxıla bilməz. Bu, ilk növbədə dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri olmalıdır. Dövlət proqramları gücləndirilməli, səhiyyə, sosial müdafiə və xeyriyyə mexanizmləri etibarlı işləməlidir. Vətəndaş yardımı isə bu sistemləri tamamlayan, onları əvəz etməyən bir rol oynamalıdır.

Eyni zamanda cəmiyyət də biganə qalmamalıdır. “Bu mənim problemim deyil” yanaşması milli-mənəvi düşüncəyə uyğun gəlmir. Amma “hamının problemi mənim cibimdən həll olunsun” məntiqi də sağlam deyil. Doğru yol – kollektiv məsuliyyətlə institusional həllin vəhdətidir.

Xeyirxahlıq hissi düzgün yönləndirildikdə böyük faydalar yarada bilər. Məsələn, şəffaf fondlar vasitəsilə yardım toplamaq, tibbi təhsil fondları yaratmaq, uzunmüddətli sosial layihələrə yatırım etmək həm daha faydalı, həm də daha ləyaqətli nəticələr verər. Belə olduqda yardım sadəcə bir nəfərin problemini müvəqqəti yüngülləşdirməz, bütövlükdə cəmiyyətin güclənməsinə xidmət edər.

Nəticə olaraq, xeyirxahlıq milli-mənəvi dəyər olaraq qorunmalı, lakin dilənçilik mədəniyyətinə çevrilməsinə yol verilməməlidir. Mərhəmət ağıl və ədalətlə birləşmədikdə istismara açıq olur. Bizə lazım olan şey xeyirxahlığı ləğv etmək yox, onu ləyaqətli, şəffaf və davamlı mexanizmlərlə yaşatmaqdır.

TOĞRUL İSMAYIL, Türkiyə
10 fevral 2026-cı il