Yaş 86-ya yetişmədi
Məmməd İsmayılın doğum gününə qısaca…
Bu gün Məmməd İsmayılın doğüm günüdür. Və ilk dəfə bu günlə bağlı və bundan sonra haqqında yazılanları oxumayacaq. İndən belə gələcək günlərin əlindən tutub irəliləyəcək –
Hərdən əl edərdi uzaq gələcək
Düşüb arxasınca gedərdi ömrün.
Yəqin sən öləndən sonra öləcək
Ömründən uzundu bu dərdin ömrü…
Əlindən tutub yol getdiyi gələcəyin əlini buraxsa da, hələ mənzil başına yetişməyib. Əbədi yolçuluğu itəzədən başlayır.
Tam 10 il bundan əvvəl doğum gününə-Təklərdə təklənən ömür – üç 1.11- tarixini Tanrı belə kodlaşdırıb prizmasından yanaşmışdlm. Hər 11-ci ayın 1-də doğulanın qisməti, qədəri təklənməkdənmi keçir, əcəba – da demişdim. İlin, ayın eyni günündə, vaxtında doğulanlar oxşar qismətimi bölüşür? Bu dünyanın da, tarixin də, taleyin də yazısını kim yoza, hikmətindən kim baş aça bilib ki, mən də açım. İnsanlıq bəlkə yaşananları təkrarda firlanır, bəlkə də yenilərini əlavə edib əsasların əsaslığını-əsalətini ölçür.
O, qədər yoldaşları ilə rəqəmlərin uzlaşdığı gündə doğulmadı. Amma … Bəzilərinin qədərinə lakmus oldu. Qürbətçilərdən kimi misal çəksən, onların odundan sıçrayan çıtqılardan üstünə düşüdüyü, onu da yandırdığını görərsən.
Mənim bənzətməmə qalsaydı;
Başın öne eğilmesin
Aldırma gönül aldırma
Ağladığın duyulmasın
Aldırma gönül, aldırma…
-deyib optimizmlə pessimizm arasında ruhu gah pərvaz edib, gah da yerə çaxılan Səbahəddin Əliyə yoldaşdır. Ya da “mən kiməm ki”-deyib, adları seçilmiş adlar içindən ona “nəsin” qalan Əziz Nesinə qardaş.
Bu dünyada sənsiz qarşılanan ilk doğum günü. Öləndən sonra onu Anım günü əvəzləyir. Anıldınmı bu gün, bilmirəm. Bir xəbər lentində adın keçdimi? Onu da bilmirəm. Bildiyim… Biz dirisini belə tez unudan millətik. O da qala…
Özün nə gözəl demisən;
Sönmüş ocaq isinən yox istinə
Nə gələn var, nə gedən var üstünə
Kim su səpdi kor olası tüstünə
Kül altında qor oldunmu, yoruldun.
Tünzalə Vəliqızı
Moskva,
1.11.2025
