“YERDƏ QALMAZ TÖKÜLƏN QAN!”””


"YERDƏ QALMAZ TÖKÜLƏN QAN!"
Vətən!
Sənə ana dedik, müqəddəs dedik!
Vətən!
Sənə ruhumuz dedik, ürəyimiz dedik!
Amma heyif ki, anamızı, müqəddəsliyimizi, ruhumuzu, ürəyimizi qoruya bilməyən övladlar olduq. Əldən verdik çox şeyimizi… Demək ki, biz indi ruhsuz, ürəksiz yetimlərik, yaşayırıq… müqəddəslikdən, bütövlükdən, rahatlıqdan uzaq.

Torpaqlar verdik… Hər qarışı bir xəzinə, hər qarışı bir tarix! Bu tarixi indi yaddaşlardan silməyə niyyətlidirlər qan düşmənlərimiz.
Ellərə açdığımız qucağımıza ümid yerinə daş basıb bağladılar qollarımızı… laylalar yerinə ağılar oxutdular bizə!
Bizsə susuruq, dağ boyda səbrimiz dağ boyda fəlakətlər gətirir başımıza.

Şəhidlər verdik… Onları unutmamağa, qanlarının qisasını almağa söz verdik…
Unutmaya-unutmaya qisasçı da olmadıq amma… Axı, bu dərdi bir yarısı olmayan ürəyimizdə necə böyüdə bilərdik ki, qisas almağa yetərli olsun? Axı, ürəyimizin bir parçasını sinəmizi yarıb götürmüşdülər. İniltilərimizə kar olaraq, göz yaşlarımıza göz yumaraq, haraylarımızı susduraraq!

Analar hər günahı övladlarına bağışlayır deyirlər. Bu düzdü. Mən də anayam və bunu çox yaxşı bilirəm. Amma, balasının saçlarına tumar çəkən əllərini, ona layla çalan dilini, onu gördüyü ilk andan gülümsəyən gözlərini kimlərəsə pay verən övladları, necə bağışlasın şikəst analar?

Vətənim! Sinənə baş qoyub sızıltılı ürəyinin ağrılarından narahat yatan şəhid balalarından incimə! Qoy rahat uyusunlar! Onlar ən şirin şey olan canlarını sənə qurban vermişlər.
Sən bizdən inci! Sən bizi bağışlama! Neçə ki, müqəddəs üzündən bu qara gölgəni təmizləməmişik – bağışlama! Neçə ki, intiqamını almamışıq – bağışlama! Bağışlama ki, bəlkə vicdanımız oyansın, nəğmələrdən, gurultulardan başımız açılsın, təmtəraqlardan, süsləmələrdən ayrılıb sənin qisasını almağa gedək! Bəlkə sinəni dağlı qoyanların sinəsinə müqəddəslik rəmzimizi sanca bilək! Gözü yaşlı qalanların gözlərini güldürək! Atasız böyüyənlərin, ərsiz qalanların ahını “qələbə”” adlı alqışa döndərək!

Səni sənə qaytaraq ki, mənliyimiz də bizə qayıtsın!

***
Ulu Yurdum, ellərinin əskik olmur heç bəlası,
Ulu Yurdum, başındakı nədir, bəxtin güc-bəlası?
Harda qaldı bu torpağın qisas alan qoç balası?
İğidlərin ayaqlansa yerdə qalmaz tökülən qan!
Tarixlərə həkk olunsun azad elim Azərbaycan!

Nə biləcək yurd qədrini, – keşiyini çəkməyənlər,
Öz müqəddəs torpağında bircə ağac əkməyənlər!
Ucalarmı şəhidliyə bir damla qan tökməyənlər?
“Ana Vətən” kəlməsindən sinələrə sığışmaz can!
Tarixlərə həkk olunsun azad elim Azərbaycan!

Ürəyimiz param-parça, köksümüzdə şəhid dağı!
Bülbülümün vətənində yuva qurub bayquş yağı.
Hardasınız, ər igidlər, geri alın Qarabağı!
Qalibiyyət xəbərini qoy eşitsin bütün cahan!
Tarixlərə həkk olunsun azad elim Azərbaycan!

Moskva


Bir cavab yazın