Yubiley-HƏMKARIMIN 75 YAŞINA


Qismətdə bu da varmış demə, əziz Ələmdar müəllim. Sənə işlə bağlı sorğu, xahiş, məsləhət, əlqərəz, peşə və vəzifə gərəyi rəsmi müraciətlə yox, uzun illərin yolçuluğundan, dostluğundan gələn, nə vaxt peyda olduğunu fərq etmədiyimiz təqaüd yaşının “oğlan çağında” yubiley yazısı ilə də müraciət edəcəyəmmiş. Təqvimə və pasportdakı doğum tarixinə baxmasaq hələ bizim çox işimiz və bu işə sinə gərəcək çox gücümüz var. Səndən danışa-danışa özümü də ona görə deyirəm ki, bu çətin, şərəfli yola təxminən eyni vaxtda qədəm qoymuşuq, universitetdə bir oxuyub, fəaliyyətə bir yerdə başlamışıq. Sonra yiyələndiyimiz peşəni taleyin hökmü ilə Azərbaycanın müxtəlif rayonlarında yerinə yetirib dövlət adına, qanun naminə çalışmışıq. Ona görə də Sənə yaşının bu müdrik dövründə belə təqaüdçü kimi baxmıram. Özün də dediklərimi gündəlik fəal işlərinlə sübut edirsən. İndi icazə ver üstündə “tamamilə məxfi”, “xidməti məqsədlər üçün” qrifləri olmayan, həmin səbəblərə görə ikimizdən başqa oxucuların, tanımayanların da görə biləcəyi açıq məktubumda Sənin haqqında bir az rəsmi məlumat verim.

Ələmdar Məmməd oğlu Məmmədov 1949-cu ilidə İmişli şəhərində anadan olub. 1972-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Onun tələbəliyi hüquq fakültəsinə respublikada hüquq elminin inkişafında, qanunun aliliyinin bərqərar olmasında müstəsna xidmətləri olan, elmi, təşkilatçılığı, insani keyfiyyətləri ilə tələbə və müəllimlərin böyük rəğbətini qazanmış professor Məmməd Xələfovun rəhbərlik etdiyi dövrə təsadüf edib. O dövrdə ADU-nun hüquq fakültəsində oxuyanların çoxu kimi Ələmdar Məmmədov həyatını sərf etdiyi peşədə qazandığı uğurların əksəriyyətini Məmməd müəllimin aşıladığı prinsiplər sayəsində qazandığını düşünür. Çünki Məmməd Xələfov ilk gündən tələbələri həyata hazırlamağa, dövlət mənafeyi üçün düşünməyə, ədalətin keşiyində durmağın nə qədər çətin olsa da o qədər zəruri olduğunu dərk etdirməyə çalışırdı. Məmməd müəllim fakültəyə savadlı müəllimləri toplamışdı. Tələbələrə ilk gündən aşılayırdı ki, burada oxumaqda məqsəd birinci növbədə Azərbaycan üçün layiqli vətəndaş yetişdirrməkdir. Hüquqşünas təkcə qanunları, məcəlləni bilməklə kifayətlənməməli, bütün sahələrdə dərin biliklərə yiyələnməli, tarix, mədəniyyət, musiqi, texnika sahəsində söhbətlərdə iştirak etməyi bacarmalı, daim püxtələşməyə, özünü kamilləşdirməyə çalışmalıdır. O zaman respublikada Məmməd müəllimin yetirməsi olan kifayət qədər güclü, ədalətli, təmiz, adı çirkin əməllərə bulaşmamış mütəxəssislər vardı və keçən əsrin altmış-yetmişinci illərinin tələbələri də İlyas İsmayılov, Eyyub Fətəliyev, Zakir Zeynalov, İkram Kərimov  kimi prokuror olmağa can atirdılar.

Prokurorluq sahəsində işləmək üçün elə tələbəlik dövründən fəallar seçilirdi deyə Ələmdar Məmmədov bölgüdə gələcək prokurorlar dəstəsinə namizəd olmuşdu. İlk təcrübəsi də staj keçən prokuror kimi Yevlax rayon prokurorluğunda başlandı. Sonra Masallı rayon prokurorluğunda prokuror köməkçisi, sonra iki müddət—10 il Cəlilabad rayonunda prokuror işləyib, növbəti beş ildə Zaqatala rayonunda, sonra Goranboy rayonunda prokuror kimi çalışdı. Daha sonra təqaüd yaşına qədər respublika Baş prokurorluğunun istintaq idarəsində fəaliyyətini davam etdirdi. İşlədiyi müddətdə Ələmdar müəllim çox mürəkkəb cinayət işlərinin üstünü açmış, respublika rəhbərliyi tərəfindən dəfələrlə təqdirnamələr almış, müxtəlif şəkildə təltif olunmuşdur. Prinsipiallığı, insanlarla rəftarında yüksək mədəniyyət nümayiş etdirməsi çalışdığı bütün kollektivlərdə ona böyük nüfuz qazandırıb.

Əziz dostum və həmkarım. On beş ilə yaxın müddət keçməsinə baxmayaraq təqaüdçü kimi qəbul olunmursan və ictimai televiziyanın uğurlu layihələrindən biri olan “İstintaq davam edir” verilişinin bas məsləhətçisi kimi çıxışların, müxtəlif platformalarda dərc olunan məqalələrin, artıq üçüncüsü işıq üzü görmüş kitabların, təmkinli davranışın, hüquqşünas kimi verdiyin məsləhətlər, maarifləndirici tövsiyələr Sənin zəngin həyat təcrübəndən bu gün də minlərlə insanın bəhrələnməsinə imkan verir. Yetmiş beş yaş sadəcə əsrin dörddə üçünü göstərən təqvim tarixi deyil, həm də əsil müdriklik dönəmidir. Xatirəsini bu gün də əziz tutduğun müəllimlərindən, peşə sələflərindən aldığın, topladığın, əxz etdiyin bilik və təcrübənin gənc nəslə nəql edilməsi zamanıdır. Ailə, dostlar, cəmiyyət, xalq qarşısında hesabat anıdır. Sən bu gün alnıaçıq, üzüağ  hesabat verirsən. Yubileyin mübarək, ömrün uzun, canın sağlam olsun.  

Hörmətlə:

Adil Əsgərov,
Azərbaycan Respublikası Baş prokurorluğunun fəxri işçisi
Aprel 2024-cü il


Bir cavab yazın