ZƏMANƏMİZİN QƏHRƏMANLARI


ZƏMANƏMİZİN QƏHRƏMANLARI
“MƏN FƏXR EDİRƏM…”

İyirmi birinci əsrin birinci rübündə Azərbaycan bütün dünyada analoqu olmayan uğurlara imza atıb (savadsızlığın tüğyan elədiyi qədim dövrlərdə bu fikir, baxın, nə qədər bayağı və yorucu səslənirdi: “…tayı-bərabəri olmayan müvəffəqiyyətlər qazanıb”) və bu əzəmətli fateh yürüşü davam etməkdədir. Doğma Vətənin öz hüdudları daxilində xalqın dostluq, şərəf, mətinlik, dürüstlük, nümunəvi (indiki “örnək” mənasını daşıyan əski söz—red.) davranış kimi müsbət keyfiyyətləri həsəd aparılacaq qədər layiqli təmsil edən alim və sənətkarlarımız vardır ki, təkcə akademik Nizami Cəfərov, primadonna İlhamə Quliyeva, məşhur sənət ustaları Nazpəri Dostəliyeva, Nadir Qafarzadə, Sərxan Kərəmoğlu adlarını sadalamaq kifayətdir. Ana dilin keşiyində müsəlləh (qədim sözdür, baş yormağa dəyməz!) əskər kimi dayanan Misir Mərdanov, Əbülfəz Qarayev respublikanın mədəni inkişafında yüksəliş “müşayiət etdirirlər” (bizim savadsızlıq dövrünə təsadüf edən uşaqlığımız zamanı inkişafı, irəliləyişi “müşahidə” edirdilər).

Əsas mətləbə keçid almadan bəri başdan (yenə geridə qalmağım ortaya çıxdı—“ilk öncə”) deyim ki, məqsədim Azərbaycanda yaşayan həmvətənlərin fəaliyyətini dəyərləndirmək deyil, bu işi respublikadakı həmkarlarım layiqincə yerinə yetirirlər və mən də əsasən onları dəstəkləyirəm, yəni fikirlərinə şərik çıxıram (ay səni: “qatılıram”). Bu kiçik yazıda Azərbaycanımızı uzaqlarda, xüsusən çoxmillətli Moskva şəhərində fədakarlıqla təmsil edən təvazökar həmyerlilərimizin xalqıyaşadan fəaliyyətinə işıq tutmaqdır. Doğrudur, onların hamısını əhatə etmək o qədər də asan iş deyil, amma həmin dəstənin ən parlaq nümayəndələri elə çox da deyil, çünki hər saralanın qızıl və ya hər parlayanın günəş olmadığını oxucularımız yaxşı bilir. Əsil sərvət haqqında isə danışmağa həmişə ehtiyac var.

Haqqında danışacağımız qəhrəmanlar həqiqətən analoqu olmayan şəxslərdir. İstedadlı, hərtərəfli, xeyirxah, təmənnasız, çağırılmadan yardıma yüyürən, eloğlunun dırnağına batan tikanı öz qəlbinə saplanan bıçaq kimi ciddi alqılayan (qəbul edən) insanlar. Məhz onların alicənab və mübariz fəaliyyəti böyük meqapolisdə (ədabazlıq oldu—şəhərdə) həmyerlilərimizin başlarını dik tutub gəzməsinə imkan verir, hüquq və sağlamlıqlarının, mədəniyyət və dil biliklərinin etibarlı əllərdə olduğuna təminat yaradır.

Əlbəttə, onların birincilik iddiaları olmadığına görə kimdən başlamağın onlar üçün heç əhəmiyyəti yoxdur. Cəmiyyət qarşısında sözlərini demiş bu insanlar nə sərvət düşkünüdürlər, nə də şöhrət. Məsələn, Ümumrusiya azərbaycanlıları konqresinin əvəzsiz prezidenti, məşhur həkim, akademik Məmməd Əliyev. Əsas ixtisas fəaliyyətində ən yüksək zirvələri fəth etmiş şanlı həmyerlimiz ana dilimizdəki hər çıxışı ilə bizi qurub-yaratmağa həvəsləndirir. Dilimizin ən gözəl təbliğçiləri arasında, heç şübhəsiz, yuxarıda sözükeçən (adı çəkilən) təşkilatın yarandığı gündən fəal iştirakçısı, böyük Moskva bölməsinə nümunəvi rəhbərliyi ilə seçilərək hazırda təşkilatın icraçı direktoru kürsüsünə layiq görülən hüquqşünas vəkil İlqar Hacıyevin, uzun illər ləyaqətlə məktəb direktoru vəzifəsini yerinə yetirmiş Aidə Quliyevanın, bu çətin rəqabətlər şəhərində rektor vəzifəsinə qədər yüksəlmiş Vaqıf Bayramovun, Azərbaycan mədəniyyətini geniş və dolğun təmsil edən Samirə Zeynalovanın adları iftixarla çəkilməlidir. Son günlərdə xalqımızın mədəniyyətinin təbliği sahəsindəki yorulmaz fəaliyyəti layiqincə qiymətləndirilən, iki dəfə Rəsul Rza mükafatı laureatı, professor Tofiq Məlikli nəinki müasir nəslə, hətta gələcək nəsillərə xalqa təmənnasız xidmət mücəssəməsi olduğunu gözlərimiz qarşısında dəfələrlə böyük peşəkarlıqla sərgiləmişdir (nümayiş etdirmişdir). Təkcə keçən 2012-ci ilin tədbirlər siyahısını göz önünə gətirmək kifayətdir ki, professorun Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Əhməd Cavad, Hüseyn Cavid kimi sənətkarların unudulmaz xatirəsini Moskva şəraitində təbliğ etmək sahəsində fəth etdiyi zirvələri görəsən. Məhz buna görədir ki, yarım əsrdən artıq ədəbi, ictimai və inzibati fəaliyyətində heç bir qeyri-obyektivlik nümayiş etdirməyən Anar professoru Bəxtiyar Bahabzadə mükafatına layiq gördüyünü elan edib. Həmişə olduğu kimi yenə xəbis insanlar tapılıb ki, onun müsabiqəyə qatılmasına görə sədrlikdən, mükafatdan imtina etsin. Bu addımı atanlar bir həqiqəti qəbul etmək iqtidarında deyillər ki, Tofiq müəllim təkcə ruslar və başqa millətlər qarşısında deyil, xalqımızın Moskvadakı bank və inşaat strukturlarında uğurlar qazanmış, lakin ana dilinin və zehniyyətinin (mentalitetin) mahiyyətini qavramaqda çətinlik çəkən nümayəndələri üçün də örnək olmağa çalışır və bu yolda çox dəyərli və qiymətli təşəbbüslərə imza atır.

Nümunəvi həmyerlilər dəstəsinin şərəfli nümayəndələrindən biri də Rusiya Prezidentinin müvəkkili səviyyəsinə qədər yüksəlmiş, 2012-ci ilin ictimai toplantılarının meqastarı olmuş, məmurlar dəstəsi arasında əsil çaxnaşma yaratmış, rus, azəri və gürcü dillərinin mükəmməl bilicisi, alovlu natiq Söyün Sadıqovdur. Məsələn, onun bircə “Azərbaycanın dostoynı oğulları Qarabağ müharibəsində paqibat olur” cümləsi Lunaçarskinin Parisdə çıxışa rusca başlayıb ingiliscə davam edib fransızca bitirməsinə bərabər şedevrdir.

Bilmirəm, nə demək istədiyim anlaşıldımı? Haqqında danışdığım insanlar tərəqqimizə qatılımlarına görə “Tərəqqi” medalı və digər təltiflərə layiq görülsələr də mən onların zəhmətinə əsil qiymətin hələ verilmədiyini hesab edirəm. Ən başlıcası isə iyirmi birinci əsrin ilk on üç ilində Moskvada bu insanları tanıdığıma görə qürur duyur, onların sayəsində azərbaycanlı olmağımla fəxr edirəm.

Cəfər Sadıq,
Moskva, 14 aprel 2013-cü il.


Bir cavab yazın