20 Yanvar “BİZ”lik Dastanı
Başqaldırışlar kütləvi ölümlərlə nəticələnsə də, o meydanda sərgilənən dirəniş bir xalqın, bir millətin oyanışıdır. Anımların yubiley yaşı olmaz. Sadəcə sayı olar. Üstündən adlayan illərlə köhnəlməz, hər andığında o yaddaşına hopdurduqları tarixlə bərabər özləri də təzələnər.
O gecə evində oturmayıb o dirənişə qatılan, adı məlum da, tankların, güllələrin altında qanı-canıyla torpağa qarışıb özündən geriyə bir şey qalmayan naməlum da bu dastanı qələmsiz, kağızsız yazdı. Düşürüldüyü torpağa cızdı həm də. Unutdurmamaq və unudulmamaq üçün!
O gecə ölü doğulan körpə də qəhrəmandır, ölümün üstüinə gedən ana da.
O gecə “Aman Allah!” -deyə “öz əsgərinin” ona atəş açmayacağına əmin olub bu baş verənləri seyr edərkən yön tanımayan gülləyə tuş olanlar da.
Adətən qaranlıq gecədən sonra işıqlı səhər açılar. O qaranlıq gecə bağrımızı qana-qaraya boyayıb qaraltsa da daha aydın səhərə açıldığına özü də çaşqındı. Paradoksdu. Bəli, bütün səhərlər açılar, təbiətin qanunudur. Amma o səhərlərdən məhz biri onu bir daha görməyənlərin gözündən nur alıb parlaq sabaha dönər. Ki 20 Yanvar Matəminin Qaranlığı ardından aydınlandıq. Hər şeyin aydın olması bizə bu qədər bahalıya başa gəlsə də… Onun qiymətinin candan ötə olduğunu anlatdı-20 Yanvar! Ona görə sadəcə tarix deyi, sadəcə matəm də deyil- Dastandır! Bir ulusun Dastanı!
Uzun illər birliyinə, bərabərliyinə, sədaqətinə inandığımızın bir gün bunu xaincəsinə, vəhşicəsinə sarsacağı haqqında bir müəllifin, hekayəçinin təxəyyülünün sərhəddini zorlasa belə anlada biləcəyinin fövqündə dayanan dastandı!
Bu “Ya küllərimizdən yenidən doğacaq, ya da öz qanımızda boğulacağıq”-deyə əlini sinəsinin üstünə qoyub meydana axışanların yazdığı Dastandı.
Hər zaman təkrar-təkrar oxunması, yenilənməsi, sabahlara ötürülməsi bizə borc olan dastandı.
36 il əvvəl yanvarın 19-dan 20-sinə keçən gecə Azərbaycanın göbəyində baş verən O “Qanlı Gecə”-dən bütün xalq nəsibini aldı. Sözün hər iki anlamında. O gecə sivil insanlara tuşlanan güllə hamının canını dəldi. O gecədən qəhrəmanlıq dastanı ilə yanaşı sevgi dastanı da doğdu. İlham və Fərizə… Neçə hələ də yazılmış, yazılmamış dastanlar uyuyur bu xalqın, bu tarixin yaddaşında.
Müharibədə, mübarizədə 1 gün ilə 10, 100 və s. günlər vuruşmağın fərqi yoxdur. Çünki o 10, 100 gün daha irəli getmək üçün biriləri ən yaxından, ən qəfil atılan güllələrə sipər olur. Sipər olur ki, arxasınca gələnlərə yol olsun! 20 Yanvar bu millətin içinin bir küncünə sıxışdırılmış qorxunu aşmasına yol açanların saldığı cığırdı. Ürəklərimiz dağlanmadımı? Dağlandı! Yerə düşən hələ açılmadan solan pöhrələrə, doğulmadan öldürülən körpələrə ağlanmadımı? Ağlandı!
O gün-bu gün millət Sən-Mən ayrımını bir gecədə aşıb Biz oldu! Elə Biz oldu ki… Bundan sonra baş verəcək faciələrə seyrçi qalanları vahimələndirdi. “Bəlkə birlikdə öləcəyik, millət olaraq yox olacağıq, amma içimizdəki Sevda yenidən yerdən baş qaldıracaq və təzədən bir millətin, xalqın varoluşunu izlədəcəyik”– mesajını verdi dünyaya! Gerisi təfərrüatdır! Mənə görə, sənə görə, ona görə – 20 Yanvar “Biz”lik dastandır, Bizliyin Dastanıdır! Onu yazanları ilə var olur millət!
Hər il yazsan- “daha nə qaldı ki deyilməmiş” desən də yazılacaq, deyiləcək. Nəsillərdən nəsillərə Qaranlıqdan doğan Aydınlıq olaraq dünyaya əbədi göz yumanların- 20 Yanvar şəhidlərinin yollarına tutduğu işıqla sabaha doğru yürüş dastanı olaraq Bizimlə addımlayacaq!
Səni Məni-Biz edən Şəhidlərimizə Allah rəhmət eləsin!
