2024-cü ildən təmənnam-Təbrik əvəzi
Cümləmizin cümləsi bu gün Yeni ilin gəlişi ilə təbrik ünvanlıdır! Xüsusi ünvan olanları ümumilərə qoşub arzuları kağıza töküb, o kağızdan quş düzəldərək havaya uçurmaq istəyərdim. Bir qanadında “əmin-amanlıq”, digərində “xoşbəxtlik” pərvaz edən quş hər bacadan evə düşə. Üzlərdən kədəri silib gözlərdə təbəssümə çevrilə. Arzular qanadıyla qucaqlaya insanları. Dünya uçurtmaların ismarıcını Yixarıdakına çatdıra. Göylərdən işıq saçan, insanlara göz viran şimşəklər, sevincdən hayqıran buludlar selə- suya dönüb aydınlıq yağdıra başımıza. Yuyuna dünya, təmizlənə ruhlar.
Cümləmizin cümləsinin mübtəlası sadəcə eşq ola. İnsana eşq, insanlığa eşq. Sevgilər sevdalana, sevdalar eşq ilə sövdələşə. Yer-göy məhəbbətə bürünə.
Cümləmizin cümləsinin kökü köksümüzdən qopan Alqışa köklənə. Dualar yağa başımızdan. Çin olan diləklər dilək ağacına bağlanan kəlağayıları havaya uçurda. Kəlağayı ucuna düyümlənən arzuların bağı açıla.
2 -ni ikiyə vursaq da, toplasaq da dörd edər. Gerçəkləşən arzular, istəklər ikinin ikiqatına çata-2024-cü ildə.
Cümləmizin cümləsinin xəbəri kağız quş qanadında yazılan, kəlağayı diləyində pərvazlanan alqışlarla dönə, döyə qapımızı ! Mən gəldim-deyə.
Yeni il dünyamıza, həyatımıza elə gəlsin! 🙏