Qarabağ niyə mənimdir, bilirsənmi?


Mən oradan çıxanda  təkcə ayaqqabımı deyil, ayağımın altının bir neçə qat dərisini torpaqda buraxıb gəldim.

Mən oradan çıxanda  toyuğun-cücənin qabağına  dən, inəyin- qoyunun qabağına yem, itin qabına yal  töküb  gəldim.

Mən ordan çıxanda  qapını bağlayb  açarlarımı qapı həcəməsinin başına, ya da astanadakı ayaqaltının altına qoyub gəldim.

Mən oradan çıxanda….

Mən oradan çıxmadım ki. Zorla sürgün edilən mənə  nə zaman, nə aman verildi.

Mən oradan çıxanda ruhumu orada buraxıb özümlə cismimi götürüb gəlmişdim.

Qarlı aşırımlar, keçilməz yarğanlar, dərələr, düzlərdə iz sala-sala, saçlarımı yola-yola yola düzəlmişdim.

Mən oradan öz xoşuma çıxmamışdım ki…

Mən oradan çıxsam da ora məndən çıxmadı. 30 il  Sizin  qondarma  taxtınıza məkan edib şahlığınızı elan etdiyiniz yerə mat-mat baxmaq zorunda qaldığım  ora məndəydi.

Sən ordan avtafa-ləyənini götürüb çıxanda,  yaylığımın arasına bir ovuc torpaq töküb çıxdığım ora mənimləydi.

Qarabağ niyə mənimdir, bilirsənmi?

Mən o bir ovuc torpağı  oraların qoxusunu unutmamaq,  bir az da olsa ovunmaq, həsrətdən gözləri yumulmayan həsrətlilərin gözlərinə tökmək üçün götürəndə, məzar daşlarına baxıb köks ötürəndə, sən məzarları “silib -süpürürdün”.

Mən daşına qıymadığımın  sən daşını daş üstə qoymadın.

Qarabağ niyə mənimdir, bilirsənmi?

Sən sərvət dərdindəydin, mən torpaq!

Sən  havadarların  hesabına   kiçik qələbələrin üçün badə toqquşdurub bizim Düzümüzdə  araq vuranda biz atəşkəslə durdurulmuş, dondurulmuşduq. Yaşadığımız ölkələrdə kafe-restoranlara girəndə  başımızı əyməsək də, içimizdə əyilməyə, qırılmağa məhkum edilmişdik.

Qəzəbimiz də, hirsimiz də özümüzəydi.!

Sən mənim elimə “Qarabağ Ermənistandır ”-deyib qurduğun cümlənin nöqtəsini  belə səsli bağırmışdın. Durğu işarəsinin yerini bəlkə də düz qoymuşdun, amma   durduğun yerin işarəsi  düz deyildi.

O işarəni nə əvəz edəcəkdi, bir təxmininiz varmıydı? Siz axı təxminlərdə də ustasınız.

Mən deyim qoy. Biz cümlə quranda nöqtə demərik, nöqtə qoyarıq.

Və  bəlkə “Azərbaycan əsgərləri nöqtə atışi ilə düşməni susdurdu” cümləsini bir az gec qurduq. Amma qurmaqla qalmadıq, vurduq.

İndi bütün dünya millətlərinin tribunasından göz yaşı axıdaraq  “haqq” istədiyniz yerdə anasının köksünün altında  didərgin, köçkün düşən o uşağın səsi olsam deyərdim:

Mən 30 il əvvəl bir evli kimi yaşadığımız Əhməd dayını, Həcər xalanı, onun mənlə yaşıd qızı Leylanı istəyirəm. Yalın ayaq gəzdiyim çölləri, düzləri, dizimin izi qalan qayaları, daşları, yaşayacağım itirilmiş uşaqlığımı geri istəyirəm!

Və bir də  taleyimin qədərini  zorla dəyişdirənlərdən, ömrümün 30 ilini oğurlayanlardan  bunun  təzminatını ödəyəcək  haqqın ölçüsü nədir, deyə sorardım?

İndi bildinizmi, Qarabağ niyə Mənimdir?!

Tünzalə Vəliqızı,
Moskva
22.09.2023


Bir cavab yazın