PAŞINYANIN “İT”İYİ
İt demə, ol dəxi bizim birimiz
Belə ölmüşlərə fəda dirimiz.
(C.Ə. Şirvani)
İki əsr əvvəl Seyid Əzim Şirvani “Köpəyə ehsan” şeirini yazanda bəlkə heç ağlına da gəlməzdi ki, sonunda sarkazmla söylədiyi “itlə insanın eyniləşdirilməsinin” doğurduğu həqarət ünvan dəyişəcək. Elə heyvani xislətli ikiayaqlı “şüurlularla” qarşılaşacağıq ki, şüursuzlar sinfinə daxil olanlara şükür oxuyacağıq. Heyvanina şükür, İlahi!—deyərək.
Sərlövhədən də aydın olduğu kimi söhbətin nədən getdiyini təxmin etdiniz. Bir neçə gün əvvəl erməni tərəfin bizim mövqelərimizi qoruyan əsgərlərimizi qətl etmək üçün itlərin belinə partlayaıcı bağlayıb üstümüzə göndərmək istəmələri gündəm olmuşdu.
Sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər. Bu barədə MN məlumat yaymışdı.
O boyunduruğuna bomba bağlanan itləri görəndə bu ilin fevralında Türkiyədə yaşanan zəlzələdə insanları xilas etmək üçün Meksikadan gətirilən və Hatayda ölən qəhrəman it – Proteonu xatırladım. Proteo həyatını itirdiyi o zəlzələyə qədər neçə insan həyatını xilas etmişdi.
Mövqelərimizə göndərilən-göndəriləcək o itlərin də adı-soyadı varmıydı, bilmirəm. Cinsdirlərmi onları sahiblənənlər kimi, onu da onlar bilər. Fikir verdinizsə, sahibləri kimi demədim. Çünki sahib olsaydılar sahibsiz kimi yanaşıb dilsiz-ağızsızları aclıqla imtahana çəkib yemək dalınca ölməyə və öldürməyə göndərməzdilər. Az qala dünyanı Yaradana şərikliyini iddia edən “ali” millətin bu dilsizlərə qarşı vəhşiliyini görən gördü.
İt insanın sadiq dostu, həyətini, həyatını qoruyan olub. Əlindən əppək yediyinin qabını pisləməyib. Pisləmənin hansı anlamda olduğunu açmağa gərək yoxdur. Gərək olan adını itlə bir cümlədə çəkmək itə həqarət sayılacaq qədər vəhşiləşənlərin əməllərinin cəzalandırlmasıdır. Ki, yenə də susuldu.
“İt, mənimdir özüm bilərəm”-deyə bilər. Amma öz yerində. Yerini azandan isə, “sənin burada nə itin azıb”- deyə soruşarlar. 44 günlük savaşda sorulacaq çox hesabların cavabını verdik. Amma…
Söhbət itlərdən kamikadze kimi istifadə edilməsindən gedir. Hər fürsətdə dünyaya “bizi istismar edib, qətlə yetiriblər”-deyə üzünə mağmın maskasını geyənlərin itləri heyvani əməllərinə alət etmələri kimin kim olduğunun cavabıdır.
Diasporasının təsiri ilə sözdə onlara soyqırım yaşadanların- türklərin Atası Atatürk haqqında olan filmin nümayişinə qadağa qoydurmağa gücü yetənlərdən o itlərin haqqı tələb edildimi, ediləcəkmi?
Zori balayandan tutmuş digər millətçilərinə qədər Xocalıda, Göyçədə, Zəngəzurda –bir sözlə Azərbaycan torpağında xalqımıza qarşı yaşatdıqları vəhşilikləri bütün təfərrüatıyla qələmə alanların əməlləri ədəbi-təxəyyül kimi qəbul edildi. Elə olmasaydı, törətdiklərinin təsvirini verənlər dünyanın ədalət kürsününə oturdulub dara çəkilərdilər.
Biz haqqımızı dünya ədalətinin çaşmış tərəzisində aramaqdan vaz keçəndən sonra haqqımız olanın müəyyən hissəsini qaytarmağa nail olduq. Artıq havadarlarının sözü keçən oralarda bir şeylər aramırıq. Paşinyanınkılar bizdə hansı ityini arayır?
“İti qovan kimi qovacağıq!”-deyildi. İndi də it yada düşdü.
Allah sənə rəhmət eləsin Mirzə Cəlil. Deyirdi ha, bircə meymunu yadınıza salmayın. Bizim bu üzdəniraq qonşularımızınkı o misal oldu.
Müharibədə heyvanlardan kamikadze kimi istifadə üsulu çoxdan arxivə gömülüb. Dünyada heyvanların qorunması və mühafizəsi üçün beynəlxalq fondlar fəaliyyət göstəirir. Alma-Materləri Kim Kardaşyanın yaşadığı, hər addımda əlindən gələni ardına qoyub xalqına kömək –imdad diləndiyi yerdə – Vaşinqtonda qərargahı olan Heyvanların Beynəlxalq Müdafiəsi Fondundan (IFAW) xəbəri olmamış olmaz. Bu ikiayaqlılardan o dördayaqlıların haqqını da istəsəydi, keşkə.
Nə deyim. Biz haqqımız olanı bərpa edirik, edəcəyik. Vay haqqı sorulmayan o itlərin halına…
Tünzalə Vəliqızı,
Moskva
14.09.2023