BİZİ BİZƏ TANIDAN ZƏLZƏLƏ


     Fevralın (şubatın) altısında Türkiyənin on əyalətini (ilini) vuran zəlzələyə (depreme) dünya TƏK ÜRƏK zəlzələsi ilə qarşılıq verdi. Dünya son otuz ildə ona qucaq acan cənnət məkanda baş vermiş faciəyə biganə qalmadı. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Qutyerreş yaralara məlhəm olsun deyə türkcə “Səninləyik, Türkiyə” dedi, yetmişə yaxın ölkənin rəsmi, yüzdən çox ölkənin vətəndaşları zərərçəkənlərə müstəqil şəkildə yardıma kökləndilər. Fəlakətin onuncu günü yaraların sağalmasına ümid etmək sadəlövhlük olar, amma yaralara məlhəm olmağa qeyrət göstərənlər yeni tarix yazdılar, yazırlar.

     Bu zəlzələ minlərlə, yüz minlərlə həyat hekayəsinin mövzusudur. Nə yazıq ki, hekayələrin çoxu hüznlü olacaq. Çünki sabaha bir saat qalmış gələn afət on minlərlə insan üçün işığı və həyatı əbədi zülmətə çevirdi.

     O acını az da olsa sakitləşdirən dağıntılar altından çıxarılan canlardır. On gün ac-susuz qalıb həyat eşqini itirməyən insanlar göz önündə möcüzə timsalı oldular. Onları qurtarmaq üçün dünyanın dörd bir yanından gəlib türk polisi, canqurtarma heyəti ilə çalışanların verdiyi savaş, bu savaşı günlərlə şaxtanın qabağında durub bizə çatdıran qəzetçilər, jurnalistlər də bir ayrı qəhrəmanlıq nümunəsi göstərirlər.

     Tək ürək! Bu möhtəşəm proqram təsvirəgəlməz ilklərə imza atdı. Studiyada Türkiyəni dünyaya tanıdan, dünyanın tanıdığı simalar. Media mənsubları, aktyorlar, elm adamları, idmançılar, tələbələr.

“Qumbaralar” “partladı”

     Azərbaycanda bizim pul daxılı dediyimiz xırda pul toplanan kassalara türk qardaşlarımız qumbara deyir, biz isə qumbara deyiləndə Türkiyədə “əl bombası” kimi işlədilən partladıcı silahı düşünürük. “Tək ürək” proqramının ən kövrəldici məqamları valideynlərinin xərclik kimi verdiyi o pulları toplamış uşaqların “qumbaraları partladıb” pulu zərərçəkənlərə bağışlaması idi. Gecədən xeyli keçənə qədər adının çəkilməsini gözləyən, pulunun lazımi ünvana çatacağına əmin olmaq istəyən uşaqların saflığını, ilk insanlıq imtahanından uğurlu keçişini soyuqqanlılıqla qarşılamaq çətindi. Bir gecədə “qumbara partladan” uşaqların təkcə adlarını sadalamaq xeyli zaman alardı. Onların verdikləri üç yüz-beş yüz lirənin dəyəri, başqa iş adamlarının bağışladığı milyonlar qədər qiymətlidir.

Bu dizi (serial) o birilərinə bənzəməz

     Gecə boyu gələn milyonlarla telefon müraciətini Türkiyənin ünlüləri qəbul edir. “Möhtəşəm yüz il”də dünyanı lərzəyə salan, “Qara sevda”da ürəkləri yaxan, “Yarğı”da, “Aldatmaq”da milyonları ekrana bağlayan, “Təşkilat”da dövlətin maraqlarını qoruyan, “Qızılcıq şərbəti”ndə yetkin yaşda eşq yaşayan, “Üç qız qardaş”(“Üç bacı”)da özəl dram sərgiləyən, “Yalı çapqını”nda insanların “kafasını qarışdıran”, “Güldür-güldür şou”da insanlara gülüş bəxş edən, “O səs Türkiyə”də, “Yetənək sizsiniz”də istedadları üzə çıxaran, “Şarkılar bizi söylər”də insanların ruhunu oxşayan milyonların sevimlisi sənətkarların hər birini zəlzələdə zərərçəkənlərə yardım etmək eşqi, dağıntılar altında qalanlar üçün dərin hüzn bir araya gətirib. Onlar bu axşam yüz seriyalı film çəkirlər. İstambuldan Ankaraya, Bakıdan İzmirə, Berlindən Vyanaya, Sidneydən Los-Ancelesə, ən ucqar kənddən paytaxta, gözətçi, polis, tələbə, həkim dəstələrindən vəkillərə, nazirlərə, keçmiş dövlət başçılarına, şəhid ailələrindən bank məmurlarına, əngəlli insanlardan əcnəbi vətəndaşlara qədər uzanan yardım bağları bir nöqtədə birləşib afət bölgəsinə yardım götürməyə çalışır. Bu yerdə Kazım ağanın dili ilə demək gəlir adamın içindən: “Türk milləti yenilməz, biləəsin!”

Cavab istəməyən suallar

     Az olubmu özümüzü qınadığımız? “Bizdən bir şey olmaz”—deyib ağız büzdüyümüz, özümüzü qamçıladığımız? Haqlı olduğumuz anlar da olub, əlbəttə. Amma… Fəlakət anında, sınaq zamanında iç dünyasını vulkan kimi püskürən də biz deyilikmi? Otuz il məşəqqətə müticəsinə dözən, sadəlövhlüyündən firəngə, ingilisə, urusa ümid bəsləyən, onların “donuzu hoha ilə darıdan çıxaracağına” inanan da biz idik, bizik. Amma… bıçağın boğaza dayandığı anda özündə ilahi güc tapan, çağırış məntəqələrinin qarşısında gecə-gündüz növbə çəkib, “gəncləri göndərməyin, düşmənlə hesabı biz kəsməliyik” deyən, ikinci, üçüncü dəfə cəbhəyə getmək istəyənlər bizimkilərdir, çəlimsiz bədəni ilə çiynində yaralı dostu, əlində avtomat məğrur yeriyən bizim gəncimizdir, özü otuz il qaçqın həyatı sürən, maşınının yaşı zülmünün yaşından da çox olan, anasının, nənəsinin son yorğanını o tənəkəyə dönmüş maşında zərərçəkənlərə göndərən Sərvər Bəşirli, qonşudan yüz manat borc alıb, “fevralın sonunda pensiyamı alanda borcumu qaytaracam, mənə pul indi lazımdı, Türkiyə gözləyə bilməz”–deyən Hikmət baba bizim qanımız, canımızdır.

     Sərvər Bəşirli dünyaya sübut elədi ki, maşının dəyəri kapotunun altinda kişnəyən at ilxısının sayı ilə deyil, sükanın arxasında oturanın sinəsində döyünən ürəyin böyüklüyü ilə ölçülür.

     Hamı kimi biz də yardım marafonuna qoşulanda gözümüzü ilk yaşardan hərəsi üç yüz rubl göndərən tələbələrimiz oldu. Əslində yüxarıda da dediyim kimi, bu pulun məbləği ölçüyə gəlməz. Üstəlik o tələbələr həm də gondərilən yardım bağlamalarının hazırlanmasında səfirlikdə könüllü qismində çalışırlar.

     Qardaş Türkiyə fəlakət yaşayır. Hamımızın içi qovrulur. İsti otaqda oturub ah-uf etmək əslində utanc verən bir durumdur. Amma keşkə bizim çöldə qarın altında durmağımız o dağıntıların altında qalan canlara az da olsa yardım etmiş olsaydı!

     Nə “Tək ürək”də vəsait bağışlayanların, nə də zəlzələnin ilk günündən son qəpiyinə qədər fəlakətzədələrə yardım edənlərin adlarını sadalamaq mümkündür. Buna əslində ehtiyac da yoxdur. Çünki bu afəti aradan qaldıracaq qüvvənin, çətin anda birləşməyi bacaran qüvvənin adı üstündədir: Tək ürək!

     Başın sağ olsun, Türkiyəm! Bu acı günlər keçəcək. Türkiyə yenə sevgi dolu qucağını qonaqlara, sevənlərə açacaq.

Cəfər Sadıq,
Moskva, 16 fevral 2023 cü il  


Bir cavab yazın