Fürsəti fötə verək və ya Avropa çətiri altında olmaqdan imtina


Fürsəti fötə verək və ya Avropa çətiri altında olmaqdan imtina
Saytımızda ilk müəllif yazımı bu kökdə və mövzuda yazmağı planlamasam da, bəzən situasiya səni qəfil yaxalayar, planından vaz keçməyə məcbur edər. Son zamanlar İran və “Avroviziya” məsələsinin gündəmi zəbt etdiyi bir vaxtda barmaqlarımı yumruq edib ha sıxdımsa, əllərimi bu istəyimə tabe elətdirə bilmədiyim kimi. Ya qəlbim əllərimi saxlaya bilmədi, ya da əllərim qəlbimi. İndi bu sətirləri yazıramsa, nə fərq edər ki, hansısa hansını yenib.

Elə bizim hər birimizin Vətən sevgisini özünəməxsus dərk edib, fəqli büruzə verdiyimiz və sonunda da tərəflərin hansının haqlı olduğunu sübut etmək yarışması başlatdığı da buna bənzəyir. “Ortalıqda Vətən təəssübü varsa, hər vasitə əlverişlidir “-deyə bir tezisim var. Amma bu “sevgi” Vətənə, millətə, dövlətçiliyə xidmət edəndirsə, təbii ki. Sevginin sadəcə manipulyasiya vasitəsi olub, onun əleyhinə olduğu dərk ediləndə isə…

Biz bir tarixi fürsət yaxaldıq. “Avroviziya” mahnı müsabiqəsinin kimin hansı anlamda qəbul etməsindən asılı olmayaraq. Uzun illər informasiya blokadasını aşa bildik desək də, 20 ildə 20 addım da irəli gedə bilmədiyimiz, “uğurlarımız” pafoslu kəlməsinin bunun yanında sönük qaldığından bəllidir. Biz hələ də haqqımızın tanınması və onu sübut etmək yolunda imək-imək gedirk.

Belə bir vaxtda “Avroviziya” bizə bu həqiqətlərimizi öz tribunamızdan dünyaya çatdırmaq imkanı tanıtdı. Və ya biz bu imkanı qazandıq. Avropanın hər yerində milyonlarla insanı ekran başına toplayıb Azərbaycan olaraq hər evə giririk, oradan səsimiz gəlir. YUNESKO-da əlimizdən alınan düdüyümüzü, sabah yenə də hansısa bizdən çalınacaq mənəvi sərvətimizi sərgiləmək bizə nəsib olubsa, bu imkandan imtinamı edək? Avropanın çətiri altından çıxıb onun “evimizə gəlməsinə” mənəviyyatımızın pozucusu kimi baxmaq nə dərəcədə düzgündür?

Niyə hadisələrə bir də gözəl tərəfindən baxmağı hələ öyrənə bilməmişik. Milyonlarla Avropa auditoriyasına biz daha fərqli və öz milli-mənəvi-əxlaqi dəyərləri olan xalq olduğumuzu göstərməyimizdə pis olan nə?

Yaşadığım Rusiya mətbuatında Azərbaycanın “Qarabag” problemi, “Xocalı soyqırımı” ilə bağlı bir araşdırma yazısını dərc etdirməyin nə qədər çətin olduğunu bilənlər varmı? Nizaminin fars şairi, Azərbaycan torpaqlarında da qədimdə fars tayfaları yaşadığı haqqında ”Taynı 20 veka” ( «Тайны 20 века» 2012 Май №18) jurnalında hansısa Qalina Baevanın yazdığı tarixi böhtanlar və digər, qədim tariximizi kölgə altına alan, torpaqlarımıza, səxsiyyətlərimizə sahib çıxan olan materiallar yayımlanarkən inid bu fürsətdən yararlanmaq əvəzinə, yenə sussaqmı?

Cənablar, bəylər, (hələ özünün bir müraciət forması olmayanlar- bu da bir ayrı mövzudur və buna qayıdacam mütləq) Vətən təəssübkeşləri, Vətən mövsümdən-mövsümə, “fürsətdir, sevgimi göstərmək vaxtıdır”a hesablanıb sevilməz. Hesablı sevgiyə təmənnalı sevgi deyirik ki, onu bir qadınla ailə quranda belə qəlbən qəbul etmirik. Bizim bu təmənnalı sevgimizi Vətən qəbul edirmi, edəcəkmi?

Tünzalə Vəliqızı,
Moskva


Bir cavab yazın