CAN, TÜRKİYƏM, CAN!
Başını dik tut, Türkiyəm! Bu imtahan başqalarına bənzəmədi. Əsil Tanrı sınağı, əsil doğa zərbəsi, əsil insanlıq imtahanı. Qardaşı, dostu, şeytanı, ilanı tanımaq zamanı. Təbiət neştərini sinənə sapladı, ağrımadıq demərəm, acımadıq demərəm, sarsılmadıq demərəm, bir onu deyərəm ki, yaradana asi olmadıq, qədərdi dedik, taledi dedik.
Amma insan qılığındakı iblislər acımızla dalğa keçəndə duruxduq, donduq, olmaz, olammaz dedik. Əfsuslar olsun, oldu! Daş dövründən bu yana insanlıq adına zərrə qədər tapınmayan ikiayaqlılar hələ aramızda dolaşır, mozalan kimi yaralanan, qan axan yerimizi girəvələyir, zəli kimi qanımıza daraşır.
Sən böyüksən, Türkiyəm! Bu qədər afəti adladacaq, bundan sonra silkinib ayağa duracaq, günəş kimi işıq saçacaq qədər böyüksən! Tək deyilsən! Yanında bizlər varıq! Namərdlərin küçümsəməsinə baxma, bizlər—milyonlarıq! Dağıntıların üstünə yeriyən, Canların canını qurtaran, Zəhralara, Fatmalara əl tutan, son tikəsini zərərdidələrə verən bizlər—milyonlarıq! Varlığınla qürur duyan, onilliklər, yüzilliklər boyu hərarətinlə isinən, təbəssümünlə sevinən, uğurlarınla öyünən bizlər—milyonlarıq!
Dünya aqlı-qaralıdı, siyah-bəyazlıdı, Türkiyəm! Hər gecənin sonu al səhərdir! Çox qaranlıqlar gördü qalmaqallı, sonu şanlı tarixin. Çox xəbislər, nadanlar, nankorlar girdi tam burnunun dibinə qədər. Yılmadın, yorulmadın, usanmadın. Heç onların kökünü də kəsmədin, suyunu da qurutmadın. Keşkə qurutsaydın, keşkə.
Keçəcək bu günlər, Türkiyəm, keçəcək! Bitəcək bu qış da! Bahar gələcək! Fidanlar açacaq, filizlər göyərəcək. Sağalacaq yaralar, Türkiyəm, əmin ol, sağalacaq! Bir gedənin yerinə yüz türk gələcək. Saf ürəkli, dəyanətli, mətanətli oğullar, qızlar gələcək. Kimin kim olduğunu anlayan, iblisə, şeytana aman tanımayan, dünyanı paklayan, haqqa tapınan oğullar-qızlar gələcək!
Can, Türkiyəm, can! Yanındayıq biz! Yanındadır Azərbaycan!
Cəfər Sadıq,
Moskva, 8 fevral 2023-cü il.