DİLİMİZİ DİLİMLƏYƏNLƏR
Əcdadlarımızın göz bəbəyi kimi qoruyub bizlərə miras verdiyi ana dilimizin son vaxtlar məruz qaldığı işgəncələr, nəhayət, dilimizin qorunması üçün dövlət proqramı yaradılmasına səbəb oldu. Bu, təkcə sevindirici hal kimi qiymətləndiriləcək bir hadisə deyil, əslində uşaqdan böyüyə, məktəb şagirdindən akademikə, mətbəx xanımlarından dövlət teatrlarının tanınmış ustadlarına, yol polisindən ən yüksək rütbəli dövlət məmuruna qədər hamının böyük məsuliyyətlə yanaşmalı olduqları zəruri bir xilasetmə əməliyyatı olmalıdır. Dilimiz həqiqətən torpaqlarımız kimi yad sözlərin işğalına məruz qalır. Həm də bu “işğalın” ilhamverənləri özlərini mütəxəssis hesab edən, əslində ana dilini çox pis bilən, təsadüflər nəticəsində mikrofona, efirə, kürsüyə yol tapmış həmvətənlərimizdir. Əlbəttə, bilməmək eyib deyil. Narahatlıq yaradan amil dili bilməyənlərin öz qüsurlarını düzəltmək yerinə yanlış bildiklərini doğru libasında təqdim etmələridir.
Dildəki xətaların səbəblərini rusca təhsil almaqda, türk məktəblərini bitirməkdə görənlər haqlı olsalar da, əslində məsələnin kökündə ümumi məsuliyyətsizlik durur. Radio və televiziyamızdakı onlarca, yüzlərcə redaktorun hamısı rustəhsilli deyil ki… Artıq iyirmi ili keçmiş müstəqillik dövrü rustəhsillilərin sayını kifayət qədər azaldıb. Yanlış meyllərdən biri, dildə əcnəbi, yabançı sözlər işlətməyi bir növ savadlılıq təzahürü hesab etməkdir. Bir televiziya proqramı aparıcısının veriliş zamanı növbəti nömrəni elan etməzdən əvvəl verəcəyi məlumata bu sözlərlə başlamasına nə ehtiyac var: “gözləmə otağına keçid almadan öncə bir mesaj vermək istəyirəm”? Bizim gəncliyimiz zamanı rişxəndlə “farmazonluq” adlandırılacaq bu cümlə aparıcının və onu rejissor otağından idarə edənlərin cinayət sayılacaq qədər ciddi məsuliyyətsizliyindən xəbər verir.
Azərbaycan dilinin təmizliyinə gözəl mütəxəssis yazıları ilə töhfələr verən “525-ci qəzet”də də bəzən elə yazılara rast gəlinir ki, onları təəccüb və təəssüfsüz oxumaq olmur. Mətləbdən uzağa getmədən qəzetin 13 sentyabr tarixli nömrəsində (niyə nömrə yerinə say deyilir, o da bir müzakirə mövzusudur) cəmi altı cümləlik yazıya oxucuların diqqətini cəlb etmək istərdim:
“Tarkan təbiət üçün oxudu
Türk pop musiqisinin ulduzu Tarkan təbiət üçün konsert verib.
Türkiyənin ilk şəhəri İzmirin Seferihisar bölgəsində yaradılan “Doğa”” məktəbinə dəstək üçün, “”Doğa Sensin”” adlı konsert verən Tarkana diqqət böyük olub.
Tarkan ətraf mühitə dəstəyi çərçivəsində yaradıcılarından olan Doğa Okulu xeyrinə konsert verdi.
Stadionda keçirilən konserti 30 min insan izləyib.Türk pop ulduzu ətraf mühitin qorunması üçün tamaşaçılara mesaj da verib.
Mahnılarını təbiət üçün söyləyən Tarkan heyranlarına unudulmaz anlar yaşadıb.”
“Təbiət üçün konsert vermək” nə deməkdir? Yəqin söhbət təbiəti, ətraf mühiti qorumağa həsr olunmuş konsertdən gedir. “Məktəbə dəstək üçün” konsert verilirsə, görünür, məktəbin divarları uçmaq təhlükəsi qarşısındadır və dəstəyə ehtiyacı var. Üstəlik böyük hərflə “Sən”lə yazılan konserti verən Tarkana “diqqət böyük olub(!) Oxucuları “maarifləndirən” jurnalist həmkarım onları görün necə tapmacanın cavabını tapmağa çalışır: “Tarkan ətraf mühitə dəstəyi çərçivəsində yaradıcılarından olan Doğa Okulu xeyrinə konsert verdi.” Ana dili deyib ad qoyduğumuz dilimizin müəllifi olan analarımız başa düşsün deyə, düzgünlüyünə əmin olmasam da bu cümləni Azərbaycan dilində belə deyərdim: Ətraf mühiti qorumaq yolunda atılan addım kimi təşkil edilmiş Təbiət məktəbini (Doğa Okulunu) yaradanlardan biri olan Tarkan məktəb üçün xeyriyyə konserti verdi.
Dördüncü cümlə fəxrlə konserti 30 min adamın “izlədiyindən” xəbər verir. Türk dilinin təsirindən və rus dilindəki “sledit” felinin hərfi tərcüməsindən irəli gələn “izləmək” feli Azərbaycan dili üçün bu yerə, mətnin bu hissəsinə xas olan ifadə deyil. Konsert dinlənir, əgər ifaçıları həm də görmək imkanı varsa konsertə baxılır. Mesaj sözünün yerli-yersiz işlədilməsi də artıq yorücü bir dəb olub. İsmarıc kimi dilimizdə başa düşülən qarşılığı olsa da bu yazıda sözün nə məna daşıdığı bilinmir.
Sonuncu cümlə isə Tarkanın heyranlarına unudulmaz anlar yaşatması ilə tamamlanır. Bir sənətkarı sevənlərə onun heyranları demək tez-tez işlədilməsə də türk dilindən müasir dilimizə keçmiş uğurlu sözlərdən biridir, lakin “unudulmaz anlar yaşatmaq” dilimizə xas olmayan və türkcədən tərcüməsiz götürülən ifadədir.
Söhbət təkcə yazılanın başa düşülüb-düşülməməsi ilə bitmir, dilin axarı var, ahəngi var, gözəlliyi var. Öz danışığına, yazısına türkcə və rüsca kəlmələri istədiyi kimi daxil edən insanların çox böyük qisminin nə ruscanı, nə də türkcəni mükəmməl bilmədiyini məsuliyyətlə iddia edirəm. Onların bu addımları Azərbaycan dilini yaralamaqla qalmır, türk dilini və rus dilini də pinti uşaqların ləkəli dəftərləri kimi qaralayır. Bu “savadlılardan” ən böyük xahişim odur ki, bir-birindən gözəl və zəngin çalarları olan bu üç dilin hansında danışmaq istəyirlərsə o dildə mükəmməl danışsınlar. Yuxarıda qeyd etdiyim kimi nöqsanlar təkcə jurnalistlərə aid deyil, ən yüksək mövqeli hökümət məmürları bəzən çox bağışlanılmaz səhvlərə yol verirlər.
İdarə, müəssisə adlarının yazılışında, ayrı-ayrı ixtisas sahələri üzrə keçirilən genişmiqyaslı tədbirlərin təqdimatında gülünc yanlışlıqlara yol verilir. Reklam çarxlarındakı mətnlər isə həqiqətən dilimizi dilim-dilim dilimləyən balta, bıçaq, çapacaq rolunu oynayır. Türkiyədə işlədilən türk sözlərini Azərbaycan dilinə gətirən müəlliflər bəzi reklamlarda işlətdikləri sözlərin hansı mənalar verdiyinə məhəl qoymurlar. Narahat, kələ-kötür, nahаmvar yollara adətən daşlı-çınqıllı, çala-çuxurlu, keçilməz yollar deyilir, reklamda da “belə yolların avtomobili” (yəni bu sözlərdən birini işlətməklə) deyilsə daha anlaşılacaq olmasına baxmayaraq, turkcədə “saxtakarlıq, oğurluq” mənasında işlədilən “yolsuzluq” kəlməsi işlədilir.
Dilə zülm verən başqa mətni nəzərdən keçırək. “Rusiya Azərbaycan iqtidarına 10 gün vaxt verdi”” sərlövhəli yazıdan bir parça: Bunu rəsmi Bakı fərq edir və bu səbəbdən də enində-sonunda, kompromisə gedəcək. Əks halda, hakimiyyətini, həm də mümkündür ki, onunla bərabər sahib olduğu böyük sərvətlərini itirəcək”, – deyir, bizim mənbəmiz.
Müəllifin və yazının işıq üzü görməsinə icazə verən redaktorun durğu işarələri ilə “dostluğunu” bir yana qoyaraq tam səmimiyyətlə onlardan soruşmaq istərdim: bu hansı dildə yazılıb və belə danışan canlı adamları onlar doğrudan da görüblərmi? Evdə onlar bu cür danışıb bir-birlərini başa düşürlərsə ayaq üstə duraraq “əhsən” və “afərin” deyirəm.
Əziz oxucu! Həqiqətən Sizin dilimizin təmizliyi uğrunda mübarizəyə qoşulmanızı arzu edərək bu qədər mənasız yazılarla vaxtınızı alıram. Çünki bu bizim dilimizdir, sabah bizimki olduğunu iddia edib müdafiə edəcəyimiz dildir. Yuxarıdakı cümlənin hərflərindən və kəlmələrindən başqa Azərbaycan ədəbi, mətbuat dili ilə nə əlaqəsi var? Səbrinizi basaraq həmin mətni sona qədər oxumağınızı xahiş edirəm. Mətndə diqqətinizi cəlb etmək istədiyim söz və ifadələr qara şriftlərlə verilir. Təkrar qeyd edim ki, durğu işarələri təkcə müəllifə məlum olan qaydalarla qoyulub:
“Həmin mənbəmizin iddiasına görə, Azərbaycan-Rusiya arasında aparılan və artıq anlaşmaya varıldığı güman olunan danışıqlar nəticəsində müxalifətin əsaslı hissəsinin vahid namizədi Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtinasına dair ərizəsi gecikdirilir: “Əgər iki ölkə iqtidarı anlaşmaya varsa, İbrahimbəyovun ərizəsi vaxtında həll edilməyəcək və o, Azərbaycandakı seçkilərə qatılmaq şansını itirəcək. Anlaşma əldə olunmasa, mümkündür ki, vəziyyət dəyişsin”. Bu sitat da Rusiyadakı Azərbaycanla bağlı tendensiyalardan yaxşı xəbərdar olan mənbəmizindir.
Görünən budur ki, hazırkı tarixi vəziyyətdə Avropa və Amerika Azərbaycan iqtidarının yanında və dəstəyindədir. Rusiya isə nə qədər paradoksal görünsə də, xalqın və onu siyasətdə təmsil edən müxalifətin yanında imiş kimi təəssürat yaradır. Lakin Rusiyaya güvənmək və onunla hər hansı bir demokratiya layihəsində yer almaq da mümkünsüz görünür. Son gəlişmələr də bunu bir daha sübut etməkdədir. Hakimiyyəti “Milyarderlər İttifaqı”, daha sonra isə onun Azərbaycandakı uzantısı ilə təhdid edən Kreml, qəfildən bütün layihələrə STOP verdi və rəsmi Bakı ilə anlaşmaya oturdu.”
Sonuna qədər oxuya bilənlərə ürəkdən təşəkkür edirəm. Doğrudanmı şair xalq dediyimiz Azərbaycan xalqının dörd misralıq bayatıda böyuk lirikanı, bir cümləlik atalar sözündə həyat fəlsəfəsini ifadə edən ana dili bu kökə salınmağa layiqdir? Doğrudanmı minlərlə tələbə hazırlayan ali məktəblərimiz, dilin səlisliyi yolunda saç ağartmış alimlərimiz, mütəxəssislərimiz dağ bulağı kimi saf, nəğmə kimi məlahətli, ana südü qədər təmiz dilimizin bulanıb-çirklənməsinə göz yumub rahat yata bilirlər? Dilimizi tərənnüm edən onlarca şeir misal gətirmək olar, amma təəssüf ki, şeir vaxtı deyil, dilimizi “komadan” çıxarmaq lazımdır. Bu yolda istənilən müzakirə, atılan hər addım gələcəyimizə, müstəqilliyimizə, inkişafımıza xidmət edir.
Bu yazını “525-ci qəzet”də açılmasını arzu etdiyim müzakirədə dərc olunmaq üçün göndərir və dilimizin gözəlliyinə biganə olmayan müxtəlif peşə adamlarını müzakirəyə, konkret təkliflər verməyə, yanlış hesab etdikləri iddialarımı təkzib etməyə çağırıram.
Cəfər Sadıq,
Moskva,
14 sentyabr 2013-cü il
“