Ömür-gülab qoxusudu…


Ömür-gülab qoxusudu...
(Qələm dostumuz Qulu Ağsəsin anası – Səmayə xanımın yoxluğundan 40 gün keçir…)

…Yəqin ki, indiyədək yazılmış əsərlərin: şeirlərin, hekayələrin böyük əksəriyyəti Analara həsr olunub. Fikirləşmək olar ki, bu ülvi varlıqların bütün paklığı və əvəzolunmazlığı haqqında hər şey qələmə alınıb, lakin yox! Ana ülviyyətini, ana sevgisini vəsf edib qurtarmaq mümkün deyil.
Hansı çümlədən başlayaraq yazacağıma qərar verə bilmirəm. Hisslərim o qədər çox, o qədər təlatümlüdür ki!
Varmı bizi ikinci belə sevən, canından can ayıran, bəsləyən, böyüdən? Hər nazımızı çəkən, özünü oda-közə atan, həyatını istədiyi kimi deyil bizim istədiyimiz kimi yaşayan? Varmı bu qədər təmiz, əziz, isti, şəfqətli, doğma? Hər zaman bizi düşünən, dəstək olan? Dərdimizi dediyimiz, sirrimiz söyləyə bildiyimiz? Yoxdur! Bizi olduğumuz kimi sevən, təmənnasız və fədakarcasına qayğımızı çəkən, gəncliyini, saglamlığını qurban edən yeganə insan – Anadır!
Yalnız Ana səni səndən yaxşı tanıyır, bir sözündən hər şeyi anlayır. Üzünə baxan kimi öz dərdlərini unudub, səni düşünür. Bir kəm səsindən, bir bikef baxışından ən doğru diaqnozu qoyur. Gizlətmək istəsən də bacarmazsan. Dərdini dərd edir, sevincinə şərik olur. Duaları səni dünyanın hər bəlasından qoruya bilir.
Nələr etməz balası üçün?! Nələrindən keçməz?! Yeri gəlsə bütün cahanı əvəz edər bizə. Acı çəkməməmiz üçün aşkar ağlamaz, göz yaşlarını ürəyinə axıdar.

Bir günəşdir analar! Doğar, nuruyla isidər, ovudar…, batıb yox olarlar…
Bir ulduzdur analar! Yanar, işıq saçar…, gözləmədiyimiz zamanda axıb gedərlər…


Yaxın günlərdə daha bir ulduz yox oldu səmadan. Övladarına həm ana, həm ata, həm də dost və sirdaş olan bir xanım, yazıb-oxumağı bilməsə də dünyaya istedadlı bir şair gətirən, bizlərə gözəl dost, səmimi yoldaş yetirən – Qulu Ağsəsin anası Səmayə xanım dünyasını dəyişdi.
Düzdür, müqəddəs Ana mövzusunda mənim ilk yazım deyil bu… Amma, yoldaşını çox erkən itirmiş, həyatla döyüşə-döyüşə hər çətinliyə sinə gərmiş, namuslu, çox sadə, lakin çox uzaqgörən bir Ana haqda yazmaya bilməzdim.
Vəfat etmək və dünyasını dəyişmək kəlmələri arasında böyük fərq var məncə və mən bilərəkdən bu kəlməni işlətdım. Çünki ölməzdir analar, əbədidirlər. Onlar qəlbimizi yumşalda biləcək, ən mübhəm guşələrinə sirayət edə biləcək sirli və incə varlıqlardır. Bu dünyada olduqları sürəcə, özümüzü uşaq sanarıq hüzurlarında. Hərdən “Daha balaca deyilik, böyümüşük!”” – deyərik. Deməyək! Xətirlərinə dəyməyək! Qoy bizi elə uşaq bilsinlər. Nə ziyanı var? Başqa kimin yanında uşaqlığımıza dönə bilərik ki? Başqa kimə ərk edə, ərköyünlənə bilərik ki?

Fikirlərimə, dostumuzun öz anası haqda bir zamanlar dediyi sözləri də əlavə etmək istədim: “…başımı dizi üstə alıb ağ tüklərimi sayır, türk dilində yox, ərəb dilində yox, indiyəcən danışa bilmədiyim, amma anladığım ÖZ ANA DİLİNDƏ Tanrıya bizdən ötrü alxış eləyir. Qəzeti görəndə də şəklimə baxıb uşaq kimi sevinir, gah şəklimi, gah da məni bağrına basır.
… ilk dəfə eşidəndə ki, yazılarımı çap eləyənlər üstəlik mənə qonorar da verir, özünü saxlaya bilməyib ağlamışdı: “Camaat pul verib balasının yazısını qəzetdə çıxarır, amma mənimkinin yazdığına qəzetdəkilər pul verir. Bilirəm ki…” “Yetimliyinə görə” demək istəmişdi, qəhər qoymamışdı. Qoşulmuşduq bir-birimizə…”

Bəli…, qədir-qiymətlərini bildiyimiz zaman çox gec olur bəzən. Onsuz da, nə sağlıqlarında, nə də sonra, borclarını ödəyə biləcək heç nə edə bilmirik, nə etsək – fədakar əməklərinin qarşısında çox cılız və sönük görünür.
Səmayə xanımın – qələm dostumuza həm ana, həm ata olmuş gözəl insanın ruhu şad olsun! Və onun şəxsində dünyasını dəyişmiş bütün analara Allah rəhmət eləsin! Başın sağ olsun, əziz dost! Böyük itkidir. Allah sənə səbr versin!
Sözlərimi Qulu Ağsəsin anasına həsr etdiyi, sanki onun dilindən yazdığı, bir neçə misra ilə bitirirəm:

“Sevinc, kədər, nişan, toy, yas,
ah-nalə gördüm…
Günəşli gün, çisgin hava,
zəlzələ gördüm…
Ər itirdim –
ata oldum övladlarıma,
Bir ANAnın əllərindən nə gələ – gördüm!”


“Dədə Qorqud”da bir ana məzarı var.Başdaşındakı bu sətirləri sanki oğlu yox, özü yazıb…

P.S. Qədərə bax! Elə həmin gün – ananın yoxluğunun düz 40-cı günü, dünyasını dəyişmış qızının doğum günü idi… Amma ananın bu ölümdən xəbəri yox idi, ananın xəbəri yox idi ki, yanında uyuyan öz balasıdı – qızının ölümünü ondan gizlətmişdilər. O, ruhunun gözləriylə, yanaşı məzarda, oğlunun az öncə bacısı üçün yazdığı bu yazınıı oxuyanda anlayacaqdı hər şeyi:

“Gülab qoxusudu ömür,
Əcəl yuxusudu ömür.
Axıb torpağa tökülən
İki damla sudu ömür…”

Afaq ŞIXLI
Moskva.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir