Dünya bir Kapernaumdur


         Və ya UŞAQLAR MÜDAFİƏ-SİZ

Hələ dünyada Nərminlər, Narınlar və adı “N”lə başlayan və başlamayan  “N” qədər  bu və ya digər şəkildə təcavuzə məruz qalan, taleyin ümidinə buraxılan uşaqlar varsa, müdafiəçisi, mühafizəçisi də biziksə, vay bizim halımıza.

Yazının son cümləsi, son nidası olmalıydı, bu!!! Amma sondan başa getməyimin səbəbi  hələ nəticənin başlanğıcda ilişib qalmasıdır.

Tarixini bilmədiyimiz və onların müdafiəsinə həsr etdiyimiz bu  Bayram 75 ildir  qeyd edilir. Bu arada siz bayram deyin, mən bağırış, çağırış…

Əzəli amerikalı bir keşişin 1857-ci ilin  iyununun ikinci həftəsində xidmətini xüsusi olaraq uşaqlara ayırmasıyla başlayır. Hanı uşaqlar çiçəkdir deyirik- elə o bazar gününü də “Çiçəkli bazar günü” adlandırırlar. Sonra zamanla assimliyasiyaya uğramır, sadəcə uşaqların diskriminasiyaya uğramasıyla (həmqafiyə olsun deyə seçdim sanırsınız, amma gerçəkdən ayrı-seçkiliyə uğardı bəşər də, uşaq da-T.V.) adı dəyşidirilib-Uşaqların Müdafiəsi gününə çevrilir.

I Dünya Savaşından sonra bu məsələ ortaya yenidən atıldı və nəhayət 1949-cü ildə Qadınların Beynəlxalq Demokratik Federasiyası 1İyunu Uşaqların Müdafiəsi günü kimi rəsmiləşdirdi. İlk dəfə 1950-ci ildə Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi bayram edildi.

Iddasız bir qələm əhli olaraq düşündüm. Bu günün ən yaxşı təsvirini və ya təfsirini kim verə bilər.Yılmaz Özdil yazılarının mətn, məna dərinliyi hər hansı bir hadisəyə təkcə o gündən deyil, keçmişdən-günümüzə qədər paralellər və qarşılaşdırmalarla zəngiliyindən irəli gəlir. O da bizimdir. Yılmaz Özdili deyirəm. Amma daha özümüzünkülərin hər hansı bir günə və ya hadisəyə baxışında işlənən üslubun  “Sənət-sənət üçündür”ə kökləndiyi qənaətindəyəm. Sonunda çoxu yazdığını nəyə isə hesablayaraq yazır. Həssas adamların yaşaması çətindir-deyiblər. Mən də təsdiqləyirəm. Amma o həssas adam da günün sonunda yemək istəyir və daha nələr… O da onun nəfsinə və  nəfəsinə bağlı. Bunu da hələlik “Uşaqların müdafiəsinə həsr olunmuş gün”ün menyüsünün bir köşəsinə yazaq dursun…

Kapernaumun yeridir ( bu sözün bir anlamı da- fransızcadan tərcümədə “xaos” deməkdir-T.V.). “Yad dildə ən yaxşı film kateqoriyasında “Oskar” və Kann film festivalının “Qızıl palma budağı” mükafatlarına layiq görülmüş eyniadlı filmdə canlandırlılan “uşağın dinc durması, qaçmaması üçün ayağından kəndirlə bir yerə bağlanması səhnələri”nə istinadən yazılan  ressenziyada deyilir. “İnsanlara real yardımın filmlərdən və Oskardan daha vacib olduğunu düşünən  bir insan üçün bu, bağışlana bilər”.

Rejissor qadın Nadin Labakinin real həyatın içindən, aktyorları da elə o həyatı yaşayanlardan olanlarla çəkdiyi bədii-sənədli filmi seyr etdikdən sonra  can otağını sıxan bu xaosdan qurtulmaq üçün artırmaya çıxıb nəfəs almaq istəyirsən.

O uşaqların canı sıxılanda çıxacaq bir artırması yoxdur. Canını qoymağa yerinin  olmadığını keçirəm hələ.

Bizim nəfəs ala bildiymiz artırmamızda uşaqlar üçün nəyi artırdıq?

75 il ərzində Bu günün menyüsünə əlavə etdiklərimizə baxaqmı?

Bir babanın əlindən tutub Müdafiəsinə  həsr olunmuş günə apardığı nəvəsinin üzündəki  məsum gülüşü dondurduq.

Xəyalı bir velosipeddən, bir oyuncaq gəlincikdən uzağa getməyən- o uşaqlığı yaşayan bizlər oğul-qızlarımıza daha başqa xəyallar yüklədik. (Yeni texnologiyanın smartfonları- düyməli, rəqəmsal cihazlara sahiblər də var-təbii ki. Onların müdafiə və mühafizəsinin yüksək səviyyədə olduğuna əminik-T.V). Söhbət “günün cavabdehləri”ndən gedir, müdafiəyə möhtac olanlardan. (Bizim xislətimizdə var, möhtac olana deyil, işimizə yarayana yarınmaq-T.V).

Həyatlarına qatdığımız artılara nəzər salın;
Keşkə dilənməsək, diləndirilməsək;
Keşkə orqanlarımız satılmasa;
Keşkə bayramda partladılan  fişənglər başımız üstündə  partalayan bombalara dönüşməsə;
Keşkə əmim məni qucağına almağa, dayım məni bağrına basamağa çəkinməsə,
Keşkə əmilər, dayılar bizə təcavuz etməsə, niyyətlər pozulmasa…
Keşkə qayğısız böyümək üçün dövlət qayğısı deyilən uşaq pulumuz verilsə…

Bu artılarla Kapernaum yaşayan bir dünya buraxmaq yolundayıq. Gələcək üçün əndişələnərək savaşan,  bizə bəxş edilən sülh qaranquşlarının havaya buraxıldığı aydın səmada  indi insansız hava aparatları (İHA) uçurduruq…

Və günə isti-isti … Türkiyədə Marmaray metrosunda bir babanın uşaqları yanında döyülməsini qınayırıq. Uşağın gözü qabağında atasının kiçildildiyinə görə. Uşağın psixologiyasının zədələndiyinə görə. Nə gözəl. Amma paralelində səfil-səfil gəzən, təpikıənən, döyülən-söyülən, boğazına intihar kəndiri keçirilib asılan, yüksək mərtəbələrdən atılan, can bazarında satılan uşaqların psixologiyasını unuduruq.

Bütün bunların- Nadin Labaki, ya günümüzdə yeni Kann festivalının mükafatını almış Cəfər Pənahinin cəsarət və inadkarlığının fonunda  özümün də bir işə yaramadığımın altını cızıram.

Nəfəsimizi alacaq artrdıqlarımız ola-ola onun ömründən  hər gün bir az daha əksildərək müdafisəsinə deyil, günün sonunda hansısa tanınmışlığa köklənib yazır, adımızın yüksək qəbullar siyahısına düşməsi üçün dəridən- qabıqdan çıxanlarala bir yolda yürüyürüksə, sadəcə öz adıma deyirəm-Mənə də yazıqlar olsun!

Əlindən tutub onun adına- nüdafiəsinə həsr olunmuş Bayrama aparan təbəssümü üzündə donan baba və uşağa bir heykəl qoyun! Məhz bu günün anısına.

Və bu günün menyüsünə əlavə olaraq:
Bir zamanlar dünyanı onlara xatir qoruyacağımız müdafiəsiz  uşaqlar üçün həyat bir Kapernaumdur! Kappernaumun bütün anlamlarında…

Tünzalə VƏLİQIZI, Moskva
01.06.2025