Hissdən hissə
Dəyişir hər şey.
Deyirlər kitab yaz. Niyə yazım ki… Dünyada yazılan kitabların çoxunu oxumaq istəsəm belə buna ömür yetmədiyi halda. Guya hamısı oxunub qurtardımı ki, mən yenisi yazım.
Hə, yenisini yəni yeni bir şey… Amma bu günə qədər oxuduqlarımdan sonra belə bir nəticəyə gəldim ki, bütün deyilən və yazılanlar mənaca, mətləbcə elə köhnənin təkrarıdır. Hər birinin sonunda da aşağı-yüxarı eyni nəsihət…
“Oğru olma, doğru ol, napak (əxlaqsız kimi yəni) olma, təmiz ol. Rüşvət alma, vermə, qonşunun toyuğuna daş atma, südə su qatma, ağır gəlsin deyə malı yaş satma… Ədəbi mühitə gəlincə qafiyəylə söz oynatma” və sair kimisindən…
XXI yüz ildir insanlıq yol gəlir. Dəyişən heç nə yoxdur. Ya da bu yüzillərin yaşadığım bir hissəsində hissim məni yalnış yönləndirib.
Keçmişdən bu günə insanlıq sima dəyişdirmək dalınca qaçır. “Gah meymun insan oldu deyib əməyi tərifləyirlər. Gah da əmək insanı dəyişdirib sir-sifətdən çıxartdı deyrlər. Haqlıdırlarmı?
Estetik dəyişim də pikin pikini yaşayır. Öümüzdən çıxmışıq.
Əlqərəz. Bu da mübahisəlidir. Ən çox oxunan və ən çox haçalanan fikrə Dostoyevskinin “Cinayət və cəzası”ndakı Raskolnikova münasibətdə rast gəlirsən. Raskolnikov kiminə görə suçsuz, kiminə görə suçludur. Təbiət(mühit)-insan mübarizəsi bitməyib ki, bitməyib. İnsan təbiəti də qarışıqdır. Bugünkü gündəm kimi.
Bu qarışıqlıqda siyasi bir şey axtarmayın. Ondan çox uzağam. Çünki günümüzdə siyasi olmaq yaramır. Bütləşib heykəli tikilənləri bir müddətdən sonra uçururlar. Ya da sel süpürüb aparır.
Sel demişkən, “el gücü, sel gücü” deyiblər. İndi o da ellikdən çıxıb. Bunun da dərininə getməyim. Çünki üzməyi bilmirəm. Üzməyi bilməyən də batır. Elə bal içində üzənlər də çox şeyi bilmir. Amma dadlı olduğu üçün ” batırım” deyirlər. Sonunda da…
Bilməməzlik adamı batırmaz. Çünki çox dilbilməz gördüm, qiyməti qaldırılıb. Çox dilbilən də…
Orası da mənlik deyil. Çünki dil başa bəladır. Onu çox bilən poliqlot olur, çox istifadə edən politoloq.
Nə isə… Hissdən danışırdım. Hiss mənə görə əhliləşdirilməmiş heyvan kimidir. İndi heyvanla qarşılaşdırmayım. Ona görə ki, elə heyvanlar var ki, onları kiminləsə müqayisə etmək heyvana təhqirdir. Hissi əhliləşdirmək- əslində qənaətə öyrətmək deməkdir.
Nə deyir ki, idarə edənlər. Bahalaşdırırıq ki, dəyəri olsun. Dəyər verəndə-bahalaşdıranda da biz istəmirik. Sonra da “ucuz ətdən nə şorba” etirazı. Alın, bu da sizə “ucuzdan olmursa” bahalaşdırmağın axırı.
Kitab yaz deyirlər. Hələ kitab deyil, hissə-hissə hissimi qaraladım. Bu iş mənlik deyil desəm, hissmin azadlığını qısıtlamış olacam. Mənlik olan da… Hələlik gedim hissimlə savaşım. Qənaətə öyrənsin ki, bahalanana etiraz etməsin! O ki qaldı kitaba. Oxumağa dünyaca kitab var. Qırılan ağaca yazıq deyilmi?
Sonda: Bir ağacdan bestseller olub kitab rəfinin ən yüksək yerinə və ya əlinin altına qoyulan- dəyəri “Nobel” rəqəmi ilə biçiləndən daha qiymətli kitab da olur, məişət kağızı da…
Tünzalə Vəliqızı,
Moskva
07.01.2022