“Kütlə”dən inciyən “xalq” və ya Rasim Balayevin yeni “rolu”


Son günlərin informasiya müzakirəsi Prezidentdən mükafat alarkən təşəkkür əlaməti olaraq ona “Babək Sizsiniz, mən onun obrazını yaradan aktyoram” dediyinə görə qınaq obyektinə çevrilən xalq artisti Rasim Balayevin ətrafında gedir. Müxbirin xalqın problemlərindən danışmayan  ziyalıya ziyalı demək olarmı -iradına cavab olaraq R. Balayev bir az çaşqın, bir az hirsli “məni doqquz il heçə sayan KÜTLƏyə özümü niyə həsr eləməliyəm”- deməsi media əhlinə, təbir caizsə, yeni saqqız verdi.

Rasim Balayevin mənim müdafiəmə ehtiyacı olduğunu düşünmürəm. Amma bəzi məqamlara fikir bildirməyə mənim də haqqım var prinsipinə dayanaraq məsələni necə anladığımı izah edim. Sadə anlayışlardan başlayaq. Kütləvi informasiya vasitələri, kütləvi qırğın silahları deyəndə bu sözdə alçaldıcı çalar görməyənlər Balayevin dediyi kütlədən niyə inciyir görəsən? Hə, xalqla bərabər tutulduğuna görə. Xalqı kütləyə bənzətdiyinə görə.

Rasim Balayevin dediyi kütlə Azərbaycan xalqı deyil, Tərtərinə, intihar edən qazisinə, həbsdəki Əvəz Zeynallısına, İlham Aslanoğlusuna görə susqun qalıb nurilərə, toliklərə, zaurlara meydan verən, padşah süfrəsindən yediyinin qarşılığında saçının saqqalının ağlığına baxmadan “vicdanın yol vermir, mandatı təhvil ver” deyənlərə aiddir.

Sosial şəbəkələr bu gün həqiqətən adına uyğun arı pətəyi kimidir və hər xanəsində milli biriyə, vətənsevərliyə, “qarabağbizimdir”ə köklənmiş çağırışlarla doludur. Di gəl ki, iki minə yaxın seçmə əsgər-zabitin ləyaqətinin yerlə bir edildiyi, on minlərlə ailənin bu səbəbdən Xocalı faciəsindən betər vəhşət yaşadığı cinayətin təşkilatçıları, icraçıları bu gün məsul vəzifələrdə, ölkənin hərbi, ictimai, hüquqi mövqeyinə təsir edə biləcək nöqtələrdədirlər və buna etiraz edənlər barmaqla sayılacaq qədərdir.

Biz (mən də bu kütlənin bir fərdiyəm) bir qarın çörəyə, azadlıq adı altında sürünməyə, “əşi, bu sənə lazımdırmı”ya o qədər alışmışıq ki, mandatlı ağsaç demişkən, vicdanımız hər şeyə yol verir: anamızın üzünə bibər qazı fısqırıb gülən cəza icraçısına, oğulu atasının üstünə işədən general və maskalılara, torpağı otuz illik işğaldan azad edib otuz manatlıq dərman puluna görə intihar edən qazilərə, daha nələrə, daha nələrə.

“Kütlə” mövzusu xəstə palıdın gövdəsində vaxtaşırı peyda olan ağac qurdu kimi bir şeydir. Dünən Elza Seyidcahan, o biri gün Çingiz Abdullayev, Anar, Allahşükür, bu gün (əslində bu cərgəyə heç yaraşmayan) Rasim Balayev… Rusların bir təmsilindən alınmış yayğın ifadə var: Vaska (pişiyin adıdır) dinləyir və yeməyinə davam edir. Xalqı bir-birinin üzünə durduran gözəgörünməz rejissorlar öz işlərinə davam edirlər. Çünki palıdın içəridən çürüyüb yıxılması onların uzunmüddətli tamaşasının son pərdəsidir.

Cəfər Sadıq,
Moskva, 18 avqust 2023 cü il


Bir cavab yazın