İsmayıl Şıxlının “Ölən Dünyası”ndan Azərbaycana baxış


(Anım gününə)

Larionov xəyala dalıb deyir ki, adamın gücü ola, bütün bu yolları, evləri, bağları götürüb bizim yerlərə aparasan, bircə anda hər yeri cənnətə döndərəsən. Mən də öz aləmimdə bunları birbaş Azərbaycana aparıram”.

2023- cü il. Almaniya. Elə mən də İsmayıl Şıxlı kimi həsəd aparıram Almaniyaya. Hüriyyət havası, insan haqqları, məktəblərin verdiyi təhsil, alman dilinin ölkənin hər sahəsində hökmranlığı hansını deyim?! Bizim də maşallah ağzımızda öz dilimiz yox, hələ bununla cahilcəsinə öyünürük də. Ölməyə Vətən yaxşı bayatısıyla yaşayaq getsin. “Ölməyə yox, İlahi,  yaşamağa Vətən ver!” savaşına duraq bəlkə?! Vətəni nə qədər ürəyində qürbət ölkələrə daşımaq olar axı?! Bir gün bu ürək bundan təngə gəlməyəcəkmi? Rəhmətlik Elçibəy də elə az qala İsmayıl Şıxlı kimi Almaniyaya həsəd qismində deyib: ” XALQ BİZİK, MİLLƏT ALMANLAR… “

” Quş kimi göydə uçur yerdəkilər,
Bizi yerə gömdü minbərdəkilər…”

(minbər sözünü topluma tərs gələn, onun anasını ağladan hər nə sistem və təfərrüat varsa ona şamil edin-M. İ.)

İSMAYIL ŞIXLI

Bu gün Azərbaycan Ədəbiyyatının görkəmli nümayəndələrindən, Xalq Yazıçısı İsmayıl Şıxlının Anım günüdür.İşıqlar içində yatsın!

Gənclik illərimdə səhv etmirəmsə 1987 ci ildə “Azərbaycan ” jurnalında İsmayıl Şıxlının bütün həyatını əks etdirən “ Ayrılan yollar və…” başlığıyla hissə-hissə memuar yazıları çap olunmuşdu. Elə  sadə, axıcı gözəl üslubla qələmə almışdır ki,  jurnalı əlimdən yerə qoymurdum, təkrar-təkrar oxumuşdum. Xatirələrdən özüylə sözü bir olan əzəmətli İsmayıl Şıxlı boylanırdı ən təbii, səmimi biçimdə. Həmin xatirələri heç vaxt unuda bilmirəm,  bu günədək ən dərin təəsürütlarıyla az qala əzbərimdədir.Yazıçı olaraq isə təkcə “ Dəli Kür” əsəri, Cahandar ağa obrazı İsmayıl Şıxlını ədəbiyyat tariximizdə daimi edibdir.  Bu əsərin milli duyğularımızı, hisslərimizi körükləməkdə rolu misilsizdir,  ölçüyəgəlməzdir. Mehdi Hüseyn 1962-ci ildə İsmayıl Şıxlıya məktubunda yazırdı ki: “ Əzizim İsmayıl! “ Dəli Kür” əsərini dünən gecə oxuyub qurtardım. Düzünü deyim ki, mən səndən yaxşı əsər gözləyirdim, amma bu cür qüvvətli və təsirli bir əsər yazmağını gözləmirdim. Əhsən, bərəkallah! Son on ildə bizim ədəbiyyatımızadan oxuduğum heç bir əsər məni bu cür sarsıtmamışdı”.

Bu məktubun yazılmasından keçən 61 il Mehdi Hüseyni hələ də haqlı çıxarmaqdadır.

20 Yanvar faciəsi zamanı Ali Sovetin tribunasından ən cəsarətli çıxış edən, Qorbaçovu, Yazovu törətdikləri cinayətlərə görə də lənətləyən İsmayıl Şıxlı idi. Cahandar ağanın ruslara qarşı öz torpaqları uğrunda əlində silahla vuruşmasını bu dəfə İsmayıl Şıxlı özü təkrarlayırdı  əsl Xalq Yazıçısı, ziyalısı, vətəndaş qeyrətiylə. Çoxlarıysa siçan deşiyinə girmişdi, hələ də bu deşikdən çıxmayıblar.

 İsmayıl Şıxlının ömrünün qürub çağında yazdığı “Ölən dünyam” əsəri ağlasığmaz qəddarlıqla həyata keçirilən 1920- ci ilin  27-28 Aprel işğalını anladan  əvəzsiz  bir mənbədir. Bu əsəri oxuyanda adamın həyəcandan ruhu titrəyir, dəhşət bürüyr səni ki, gör biz kimi kimlərə,  nəyi nələrə dəyişmişik, İlahi?!

Rəsulzadə demişkən: “-Bir kərə yüksələn bayraq bir daha enməz!” idealına etdiyimiz “Afərin”ləri unutduq, canımız və malımız qorxusundan bu istiqlal bayrağını bir bezə dəyişdirdik. İntriqaçı və zalım bir qüvvət tərəfindən susdurulduq. Dilim gəlmir… təslim olduq! Fəqət bu «təslim» bizi qurtardımı? Canımız, malımız, namusumuz qurtuldumu? — Xeyr, ilk zərbədə yerlə bir olanlar, yenə təslim fikrinin fədailəri oldular”.

HAŞİYƏ.

Sən bir həsədə bax!
1945-ci ilin söhbətidir…

Qalib Sovet əskərinin hərbdə məğlub etdiyi Almaniyanın mədəniyyəti qarşısında məğlubiyyəti…

“Biz Avropada çox şeylər gördük. Biz orda torpaq yola rast gəlmədik. Asfalt yollar Almaniyanı əriş-arğac kəsirdi. Yolların kənarında ağaclar cərgələnmişdi. Evlər səliqəli idi… Mətbəxi, hamamı da öz yerində. Həyətlər də səligəli idi. Odunlar doğranıb səliqə ilə düzülmüşdü. Almaniyada ilk günlər mətbəxə girəndə çaşıb qalırdıq. O qədər qab-qacağa, çəngəl-bıçağa və cürbəcür qədəhlərə, içkilərə rast gəlirdik ki? İndi serjantla birlikdə bunları yada salır və bizim kəndlərdə belə səliqə yaratmaq haqqında düşünürdük…

Larionov xəyala dalıb deyir ki, adamın gücü ola, bütün bu yolları, evləri, bağları götürüb bizim yerlərə aparasan, bircə anda hər yeri cənnətə döndərəsən. Mən də öz aləmimdə bunları birbaş Azərbaycana aparıram”.

İsmayıl Şıxlı, “Cəbhə gündəlikləri.”

Məhəmməd İSRAFİLOĞLU,
Amaniya


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir