“MƏHBUS XƏYALLAR””ı olan məchul”
Niyə reklamın reklamı olmur…Çünki ehtiyacımı yoxdur? Çünki reklam özü ehtiyacdır…
İdealar, ideallar…Hər kəsin oxşamaq istədiyi bir qəhrəman obrazı var. Hətta qəhrəman obrazını yaradan yazıçı belə özünü təsvir edərək yaratdığında yaşadığını sərgiləmək istəyib. Amma inkar edilməzdir ki, ideallar yaradanların çoxu özü öz qəlibinə uymayıb. Yazdığı qəlibində oturanlar, yazdığını yaşayanlar az-azdır və onlara dahi deyirlər. Niyə təxəyyül deyilib yazılanlara. Çünki gördüyündən, yaşadığından daha çox, görmədiyini yaşamaq istəyi var. O görmək istədiyi-biçdiyi öz əyninə gəlməyənlər isə…Günün qəhrəmanı onlardır.
Ünsiyyətciləm həyatda. Sosial şəbəkəyə bu xarakterimi daşıya bilmədim. Hətta peşəmlə bağlı kreativliyi də özümdə təkmilləşdirəmmədim. Marqaret Mitçelləmi, Helen Kellerəmi…”həyatı özü roman olub, şöhrətin tam ortasında onu fərq etməyənlərəmi bənzəyirəm””i içimdən keçirtməyə belə- (Əslində xəyallarında şahzadə olmağı da ürəyindən keçirtsən, bunda nə var ki-deyilə bilər. Amma mən xəyallarımı da senzuram altında o qədər əzmişəm ki… “”MƏHBUS XƏYALLAR””ı olanam-T.V,) cəsarətim olmadı. Yaxşıdırmı bu, pisdirmi, onu da bilmirəm.
Üsyan etdim özümə. Şikayətçisən dedilər. Susdum, təkəbbürlüsən yarlığı yapışdırdılar. Neytrallığımı biganəliyimə, laqeydliyimə deyil, uğursuzluğuma bağladılar. Tam kənarda durmağım- beyinlərdə hansı cəbhəyə qulluq edir sualını doğurdu. Bizi qarşı qarşıya qoyub, cəbhələr ayıran, cəbhələrdə ayrılanların ağzına baxanların hökmünə qaldınsa… Sındır bu qələmi…Yox, ya da sındırma, sınma…
Yerin görünmürsə demək heç yoxmuşsan. Belə düşünmək rahatladacaqmı məni?
Məni-mən. Çox zaman mən sözünü yazılarımdan ixtisar etdim. Mən mənsubiyyətini canlandıran xəbər sonluqlu cümlə qurmamağa çalışdım. Ona görə nə xəyalımda, nə gerçəklikdə özümün prototipimi, oxşarımı gördüyümdə bunu göstərməlik etmədim.
Bugünkü cümlələrimin hamısının sonu mən mənsubiyyət şəkilçili. Hətta yaza-yaza fərqindəyəm.
O, onlu, onlar. Ümumidən-3-cü şəxsin adından danışmaq məsuliyyətdən qurtarar. Sən-deyincə hədəf bəlli-qarşında. Onlar deyincə, məchulluq.
Sadəni sevərlər. Anlaşıqlını qəbul edərlər. Bəzən o qədər sadələşdirərlər ki, bu dərəcədə asan imişsə, niyə mənə belə zor, çətin olub-deyib özünü acizlikdə günahlandırarsan. Ətrafda baş verənlər “”uğursuzluğunun səbəbi özünsən””-ə elə inandırar ki, səni… Son dövrün, ya texniki tərəqqinin evinin içinə girdiyi, bəzən adamı həyasıza döndərdiyi (buna nə yazıq ki, cəsarət deyirlər) ortamda “”like””, çox baxılma, vərəqlənmə tələblərinə baxışını dəyişərsən. O metodları bilmədyin üçün bir daha “”buralıq”” olmadığını sənə təsdiq etdirən buralardan getmək istərsən.
Getmək hər zaman çıxış yolu deyil. Ey özünü bu şablonu əvəzləməyə belə yeni fikir axtaracaq qədər məchulluğa salan MƏN! Həyat “”ağlamayana pəpə yoxdur””da- qaldığı yerdən davam edir. Passivliyini təvazökarlıq kimi qəbul etdirmək üçün belə aktivlik tələb olunur. Nə qədər mücərrəd, nə qədər Mən-siz cümlə qurub, məni sizə qurban verəcəksən, o zamana kimi özünlə qalacaqsan.
Meyar, ölçü, tərəzi, etalon, örnək…Məncə çəkidə, nisbətdə yanlışlıq yoxdur. Tərəzinin düz çəkməsi hər zaman GİR-dən asılı deyil, GİRDAB amili də var. Daşın nə qədər düz olsa da, ayağı qoyulan yer düz olmayınca tərəzinin bir yanı vuracaq.
Niyə bu qədər mücərrəd yazdım ki? Məchul… Məchul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxmaq lazımdır. Cəm-iyyət burda, məlumlar burda…Cəmlə məlumun fəaliyyətinin görünməsi üçün məchullar vasitə, ehtiyacdır. O vasitə, o ehtiyaclar həll olunarsa…
Məlumlardan onsuzda hamı və eyni ahənglə yazır…
Tünzalə VƏLİQIZI“