Keçməz o keçmiş


Xocalı faciəsindən 32 il keçdi…

Zaman var ki, unudulmaz və unutdurmaz dərdləri. Keçdi deyərsən, keçmiş deyərsən. Keçməz amma, keçmişiylə bu gününə gələr, xatırladar özünü. Xatırlarsan. Sızlar qəlbin. Acısını sətirlərə tökəndə ürpəndiyini yaşayanların nə çəkdiyini düşünmək belə istəməzsən.

Keçdimi yaşananlar? O gecəni yaşayanlar, ondan sonraki sabahları qaranlığa boyananlar  keçdi  XX yüzilliyin son dekadasından. 1992-ci il 26 Fevralında yaşananlar keçdi….

Təzadlı kəlmə deyilmi yaşamaq? Həyat var içində yaşamağın. Arzuları güllələnib, ümidləri çarmıxa çəkilən, o gecənin qaranlığında harayı Allaha yetişsə də,  bəndə sifətində dünyaya göndərilən Allahsızların əlindən qurtulanmayanların yaşadıqları kimi həyat və ya həyatlar da var… Onun içində yaşananların adı nəydi? Faciə, soyqırım, genosid, qətliam… 

Biz adını, faciəsini unutmadan O keçmişə-Xocalıya döndük.  Keçmişi  arxamıza alıb bir daha yaşanmaması üçün döndük. 

Başqa 26 Fevrallar  yaşanmasın deyə dünyanın soyqırım olaraq tanıması lazım idi Xocalı faciəsini. Nəfəsimizi, eləcə də illərimizi ədalət yerini tapsın deyə tükətməməliydik. Tükənən nəfəslərin, kəsilən səslərin hesabını sormaq, cavabını vermək üçün susmamalıydı dünya! Susdu, keçdi-32 il.

Təzadlı kəlmədir yaşamaq. Içində həyat varkən, həm də həyat yoxmuş. Bizə bunu faciəni yaşadanlar və yaşananlar öyrətdi…

Unutmadıq… 

Keçməz o keçmiş. 

Tünzalə Vəliqızı,
Moskva
26 Fevral 2024


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir