Bu yazının yazı gəlsə..
Moskvaya qar yağır. Bəmbəyaz örtüyü altından boylanan dünya bir ayrı cür görünür. Kirləri təmizlənmiş, barıt qoxusu itmiş, son günlərin gərginliyini bir az olsun soyutmuş kimi. Adamın içinə bir hüzur dolur. Keşkə keçici bir hüzur olmaya deyirsən. Və… O təsadüfi qarşılaşma bu sehri pozur.
Arada əliylə ağrıyan ayağnı tutub alıcılara xidmət edən o cavan oğlan. Üzdən heç də bizə oxşamayan azərbaycanlı. Ala gözlərinin dərinliyində yorğunluqdan daha çox peşimançılıq daşıyan keçmiş kəşfiyyatçı.
II Qarabağ savaşının qəhrəmanlarından, üç rayonumuzun alınmasında şücaət göstərdiyinə görə təltif olunan könüllü əsgərlərimizdən biri olduğu haqda mağaza sahibi olan tanışım məlumat verdi.
-Haqqında yazsam olarmı?
-Özündən soruş, sonra…
Qısa arayış: Ali Baş komandanın çağırışına ilk səs verənlərdən- könüllü yazılan və gedənlərdən biridir Elvin Abdullayev. 1986-cı ildə Gədəbəy rayonunda doğulub. Həqiqi hərbi xidmət keçib. Ailəlidir. 11 və 10 yaşında 2 övladı var. Qubadlı, Zəngilan və Laçının alınmasında göstərdiyi şücaətə görə təltif olunub. Laçın istiqamətində gedən döyüşdə bölüklə birgə mühasirəyə düşüb və bütün bölüyü əvvəllər kəşfiyyat batalyonunda olduğuna görə mühasirədən çıxarıb. Yaralı silahdaşını döyüş meydanından çlxararkən ayağından yaralanıb. Hospitala getməsini istəsələr də inadla yoldaşları ilə qalıb vuruşacağını deyib və vuruşub.
-Niyə burdadır-(Moskvada) sualını vermək məntiqə uyğundurmu? Burada olanların çoxu niyə buradadır, sizcə?!
***
“Başqalarının sənin haqqında nə düşündüyü önəmlidirmi?!” Bütün psixiatr həkimlərdən, filmlərdən, seriallardan, elə həyatda bizə dəstək olanlardan da eşitdiyimiz –dərman olacaq nəsihət….
Elə isə niyə “həyat müştərək yaşananda gözəldir”, “sevinc paylaşıldıqca çoxalır”, “kədər bölününcə azalır”, “birlikdə güclüyük”….-deyirik. Nədir bu indi? “Tik-tok” cəfəngiyyatımı? Çünki cəfəngiyyatların “laykı” (bu “like” kəlməsi orijinalından olsun deyə bir az havalı kəlmədir) çoxdur. Ya da olması üçün min dona girmək deyil, elə donu soyunmaq da bəs edər. Hamısının sonunda bir məqsəd var?
-Nə var? Məhşur olmaq, şöhrət, yoxsa…?
-Onların da olması üçün pul qazanmaq. Çünki pulun varsa hər şeyin var- deməkdir. “Bircə şərəf satılmır” dediyiniz o şərəf var ha, onun da “sizsizliyini” pulla basdırmaq olur. Olursan şərəfli… Şərəf….
“Bu şərəfi bizə yaşatdığınız üçün sizə borcluyuq” “Qarşınızda baş əyirik” kəlmələri də boğazdan yuxarı deyilmiş sözlər kimi səmimi gəlmir mənə. Çünki kimsə kimsənin yerinə borcunu qapatmır.
Bəzən düşünürsən ki -son zamanlar düşünən çoxdur- çox şey də düşüncədən uzağa getmir. Sadəcə “qlamurlu, kreativ” düşüncəni süsləyib sərgiləməklə -özünüreklama xidmətlə məşğuldur çoxu. “Sənin haqqında nə düşündükləri önəmlidirmi”-önəmsizliyi də bəlkə bununla həmahəngdir. Çünki o başqaları üçün sən bir günlük gündəmdən uzağa getməyən və ya səni dəyərsizləşdirib özünü dəyərə mindirmək üçün aralıqda qaynayan vasitəsən, məlzəməsən, materialsan, hər nəsən. Hansı daha yerinə düşəndirsə onu qoyun sonuna. Çünki çoxunu çoxdan yerə düşürmüşük.
Niyə əsəbiyəm, nəyə qəzəbliyəm? Bu yazıdan yağan acıq nəyin acığıdır-təəssüratı yaratdı, düz demirəmmi.
Cavabını verməmişdən əvvəl. Elə əvvələ qayıdım qısa. Çox əvvələ qayıtmayacağam. Çünki çox əvvəl də elə günümüzün içində əvvəlin indisidir. Aktual olanı yəni. Sadalamayacağam da. Çünki bilənlər bilir, bilməyənlər də bilmək istəmir. Hamının özünə görə gündəmi var.
Ən əsası bir az əvvəl –elə ötən ilin ikinci yarısına kimi “geri alındığını görsəm, ölənə qədər dərdim olmaz” dediyimiz Vətən həsrətimiz vardı. Şükürlər olsun aldıq. Kim hansı rakursdan baxıb, kimin sayəsində kimin diktəsi ilə aldığımıza icazə verildiyini önəmsəmədən həm də. Şərəfimiz-namusumuz dediyimiz torpaqlarla bərabər yerə düşürdüyümüzü yerdən götürüb bizə verdilər. Vətəni qoruyanlar, onu sənə, mənə qaytaranlar.
Elvin nə tanıtmağımı istədi, nə yazmağımı. Sadəcə orada aldığı mühafizəçi maaşı ilə dolana bilmədiyi üçün buraya gəlmək məcburiyyətində qaldığını dedi. Həm də xəcalət çəkə-çəkə. Sanki o maaşla dolana bilməmək onun suçuymuş kimi.
Fonunda durub şəkil çəkdirdiyiniz Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Ağdam, Cəbrayılı…. mənimsədiyiniz kimi mənimsəyin “Dəmir yumruğu” yumruq edən – barmaq olanları.
Mənimsəyin, şərəfinizi yerdən qaldırıb sizə qurur yaşadan o oğulları!
“Gərəkirsə yenə getməyə hazıram”- deyib düşmən önündə nərə dönən, lakin “Vətən” kəlməsi gələndə gözü dolan Elvini.
-Indi neynəyim, mənim ona borcummu var?
-Gerçəkdən sənin ona borcun yoxdurmu? Sən bu azad olunan Vətəni ona borclu deyilsənmi?
Bir az da bunu düşünün. Br az da bu yöndən sahiblənin. Ailəsini dolandıra bilmədiyi üçün –sanki bu onun suçuymuş kimi xəcalət çəkdirdiyiniz, sizi bir ömür xəcalətdən qurtaran Elvinləri düşünün!
Hanı, bu klişelər də var. “Həyat insana bir dəfə verilir. Və hər kəs öz həyatını yaşamalıdır”. Elə isə sənin o həyatı firavan yaşamağın üçün bir dəfə verilən ömrünü ərməğan edənlər bunun harasındadır? O, onun övladlarını yaşatmaq da mənim, sənin, bizim borcumuz deyilmi?
Başqasının sənin haqqında nə düşündüyü önəmli deyil bəlkə. Amma həyat başqası dediyimiz insanlara görə tənzimlənən və yaşanan yerdir! Təkcə özün üçün yaşamadığın yer həm də! Bir də bu yöndən düşünün!
Yenə həzin-həzin qar yağır. Təkcə Moskvayamı yağır? Özüylə göylərdən bərəkət endirən qar hələ taleyinin məşəqqəti bitməyən Şuşaya, Laçına, Kəlbəcərə…də yağır. O dilbər güşələri üçün sağlamlığından olmuş Elvinlərin başına da. Bu yazının yazı gəlməsi üçün bir də bu pəncərədən baxın!
Tünzalə Vəliqızı, Moskva
02.12.2021
Yenises.ru