Məmməd İsmayılın 77 yaşına
CƏFƏR SADIQ : Hörmətli, əziz eloğlum, dostum Məmməd İsmayıl!
Döğum gününüz diqqətləri növbəti dəfə günəş şüaları kimi üstünüzə daha gur şəfəqlə yönəltmək fürsətidi. Dünyanın harasında olmağınızdan asılı olmayaraq Siz ağacdələnin qapısını döydüyü o həyətin qocaman palıdısınız. Şairlə bənzətmələrlə danışmaq cəhdi qədər gülünc bir şeyin olmadığını dərk eləsəm də Çexovun qəhrəmanı kimi əldən-ayaqdan gedirəm ki, adınıza layiq təbrik yazım.
Qədərə minnətdaram ki, Sizinlə ünsiyyətdə olmaq kimi bir şansım var. Sizin şeirlərinizin fəlsəfəsini anlayacaq dilim və düşüncəm var. Sizin sızıltılarınızı dərk etmək istəyim var. Sizə yardım edə bilməməyimin xəcaləti var. Əzəmətinizlə fəxr etməyim var. Qürurunuzla güvənməyim var. Yüz yaşınızı qeyd edərkən məclisinizdə həyəcanla çıxış eləmək arzum var. Moskvanın sazağında, İstambulun sıcağında qucaq-qucaq alqışlardan Sizinlə bərabər məst olmağım var. Və hamısını anamız Azərbaycana ərməğan eləməkdən alınan ləzzətim var. Doğum gününüz mübarək!
TÜNZALƏ VƏLİQIZI: “Mənəvi qızım” deyib məni şərəfləndirən, Məmməd İsmayıl Ata!
Yaddaşları təzələyib yaşadığınız ömrün irəli sayımı olan doğum gününüzün 77-ci ildönümüdür- bu gün. Sizə ünvanlanan təbriklərin arzular, istəklər yarışmasına döndüyü gündür- bu gün! Dünyada xoş diləkəri, arzuları, istəkləri yarışdırmaqdan, “ən yaxşısını mən edəcəyəm” deyib bir marafon başladacaq günə imza atmaqdan gözəl nə ola bilər ki?!…
Bir də o günə imza atdıran ömrü yaşamaq var, deyilmi? İrəliləyən ömrü geridən və gendən başlayan, nağıllarda, əfsanələrdəki inanılmazlığın gerçəkliyindən keçən taleyi yaşamaq-bəlkə də Tanrının Sizə hazırladığı xoş hədiyyəsidi! Bəklə bu qədər paradokslar, təzadlar arınan, durulan aydınlığa qovuşmaq, arxanızca gələnlərə işıq tutmaq üçündür. Barlı-nübarlı ömrün zirvəsində dayanan şair, “Unudulanların şairiyəm” – deyən unudulmayan Məmməd İsmayl, ömrün daha bir qədəminə “Xoş gəldiniz!”
Yenises.ru
“