MEYDAN TÜLKÜ MEYDANIDI…


MEYDAN TÜLKÜ MEYDANIDI...
İslam Türkay

Meydan tülkü meydanıdı…

Zəmanə bəd gəldi, lələ,
Meydan tülkü meydanıdı.
Ömrüm yanıb döndü külə,
Meydan tülkü meydanıdı…

Pələnglər quyruq bulayır,
Qurdlar xəlvəti ulayır,
Tülkülər meydan sulayır,
Meydan tülkü meydanıdı…

Tutuquşu, Alabaxta
Çıxıb taxta –hər şey saxta.
At ölüb, şir, pələng – axta ,
Meydan tülkü meydanıdı…

Tozanaqda yortur yabı,
Daş daşıyır, yoxdur tabı .
Ayı əti, neft şərabı–
Meydan tülkü meydanıdı…

Haqq söyləyən əsir-yesir,
Bu meydanda nə qurd, nə şir.
Mələk dönüb tülküləşir,
Meydan tülkü meydanıdı…

Zina –azad, yalan – azad ,
Fırıldaqla dilən – azad,
Əyil, alçal, dolan – azad,
Meydan tülkü meydanıdı…

Alışır boş sac ocaqda,
Kündə qıcqırır tabaqda.
Köç dönür, axsaq qabaqda,–
Meydan tülkü meydanıdı…

Düz söz dedim, pis ad oldu,
Biclik elm-savad oldu.
Yandı könlüm, bərbad oldu,-
Meydan tülkü meydanıdır…

1990


Bir cavab yazın