“MÜNASİBƏTSİZ” MƏKTUB


Əslində münasibət çoxdur. Bu məktubu nə ad günü, nə yubiley, nə təltif MÜNASİBƏTİ ilə yazıram. Sadəcə 60 illik yolçuluğumuzda əsgərlik illərində yazılan məktublar sayılmasa yığılıb qalaqlanmış, deyilməyə, yazılmağa növbəsi çatmamış sözləri bir varağa tökmək qərarına gəldim.

          Bir kəndin iki bucağında doğulub bir məktəbə qədəm qoyduğumuzda sənin yeddi, mənim altı yaşım vardı. Səkkizinci sinifdə iki paralel sinfi birləşdirənə qədər ayrı oxuduq. Elə səkkizinci sinifdən bu yana ağrımız-acımız, uğurumuz-büdrəməmiz bir oldu.

          Bizim orta məktəb illərimiz SSRİ deyilən əzəmətli dövlətdə sosializmin TAM qələbə çaldığı, QƏTİ qələbəyə doğru inamla addımladığı bir vaxta düşmüşdü. Ona görə də valideynlərimiz müharibə vaxtı bütün ölkəyə dəyən demoqrafik zərbənin nəticələrini əzmlə aradan qaldırmağa çalışırdılar. Odur ki, təkcə bizim balaca kəndimizdə iyirmiyə yaxın “Qəhrəman ana” vardı. Xatırlatmağa dəyər ki, o vaxt indiki kimi 3, 4 uşaq anasına qəhrəman ana demirdilər, bu ada yalnız on və daha çox uşaq doğub böyüdən analar layiq görülür, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri tərəfindən imzalanan fərmanla “qəhrəman”lıq “təsbit” olunurdu.

          Sən də o “Qəhrəman ana”lardan birinin ocağında dünyaya gəlmişdin. Bizim ailədə 8, sizdə 10 uşaq vardı. Nə əziyyətlə böyüməyimizdən danışıb qan qaraltmaq fikrim yoxdur. Amma sənin də “portpetini” yaratmaq üçün o günlərdən danışmamaq olmaz. Bacı-qardaşdan bol olsan da ananın ən yaxın köməkçisi, “sağ əli” sən idin. Odun doğramaq, ot toplamaq, üzüm yığmaq kimi “kişi işləri” bir yana, sən təndirə əppək yapmaq, toyuq-cücəyə baxmaq kimi işlərdə də qızlardan çox fəal idin. Bəlkə bu səbəbdəndir ki, sən tanıdığım yaşıdlarımız arasında bütün sahələrdə ən zəhmətkeşi oldun və, şükür yaradana, bu gün də eyni əzmlə zəhmət çəkirsən.

          Kənddə olanda elə bilirdim ki, şəhərdə olanlar, ali təhsillilər, zənginlər hamısı ağıllı, savadlı, vicdanlı, “düzgün” adamlardır. Yəni elə bilirdim ki, kənddəki rəngarənglik şəhərə gedən kimi yoxa çıxacaq, yalnız seçmələr, güclülər, ağıllılar şəhərdə bərqərar ola biləcəklər. Bu sərsəm fikrə həm də ona görə gəlmişdim ki, hər il kəndimizdən 20-30 nəfər ali məktəbə daxil olmaq üçün Bakıya gedir, bir-iki həftə sonra “kəsilib” kəndə qayıdırdılar. Deyirdim şəhərdə qalmaq hər adamın işi deyil. Sonra şəhərdə bərqərar olanda əmin oldum ki, nə gözəllik, nə səmimiyyət, nə təbiilik varsa, elə kənddə var. Hətta deyərdim ki, şəhərlər hər kənddən o qədər XAM mal toplayıb və emal edə bilməyib ki, çoxdan kənddən geri qalıb. Kənddə dəlinin adı dəli, əməlisaleh adamın halı bəlli, yaşlıya hörmət, məzluma yardım, çörəyini_suyunu bölüşmək o qədər təbiidir ki, indinin özündə də kənd adamına “şəhər binasında qapıbir qonşunu illərlə tanımırsan” deyəndə sənə qəribə baxır.

          Kəndimizdəki məktəb səkkizillik olduğundan orta məktəbi beş kilometr aralıdakı taxılçılıq sovxozunda davam etdirməli olduq. İlk “çölçülüyümüz” də o vaxtdan başladı. Cəmi beş kilometr aralı olsaq da qəsəbə şagirdləri biz “kəndçilərə” ilk vaxtlar soyuq baxırdılar. Özümüzü təsdiqimiz də bu kiçik sınaqlardan keçdi. Az vaxtda kimin kim olduğu, bilik səviyyəsi məlum oldu.

          1973-cü ildə Bakıya gəldik. Sənin də, mənim də böyük qardaşlarımız artıq tələbə olduqlarından bizə onlar qucaq açdılar. Bizi Bakının “füsunkar” “Güllü dərə”sində kirayə tutduqları evə gətirdilər. Tələbə olmaq əzmimiz həqiqətən güclü idi. İndi övladlarımız, nəvələrimiz, ümumən gənclər üçün qeyri-adi səslənsə də hazırlıq imtahanlarına gündə on dörd, on beş saat vaxt sərf edirdik. Tale üzümüzə güldü. Mən universitetin jurnalistika fakültəsinə, sən politexnik institutunun inşaat mühəndisliyi fakültəsinə daxil olduq. Urəyin tellərini sızladan tələbəlik illərini bir yerdə keçirdik. Sən axşam şöbəsində olduğundan əsgər getdin, Uzaq Şərqdə, Xabarovsk diyarının Xaranor qəsəbəsində qulluq etdin. Həyatımızın ən uğurlu seçimini də tələbəlik illərində etdik. Universitetin riyaziyyat fakültəsində oxuyan iki rəfiqə ömür-gün yoldaşımız oldu.

          Bir dəli şeytan deyir, çoxseriyalı melodramlar kimi tələbəlik illərinin macəralarını sadala, ağıllı şeytan (heç ağıllısı olurmu görəsən?) da deyir, oxuculara hörmət elə ki, sənə hörmət eləsinlər. Allah şahiddir ki, danışmaq istədiklərimdə üz qaraldacaq bir hekayə yoxdur, amma öz şəxsi əhvalatlarımızla dostları yormaq doğru olmaz. Bircəciyini danışsam kifayətdir. Hər ikimiz nişanlı idik və həftənin bir neçə gününü axşamlar tələbə yataqxanasının qarşısında romantik söhbətlə keçirirdik. Saat on birdə yataqxana görəvliləri qızları içəri alır, “məcnunlar” da növbəti günun şər vaxtına qədər “səhralarına” çəkilirdi. Bir dəfə evə qayıdanda qarşımızdan keçən gözəl qız diqqətimizi çəkdi və öz aramızda onun gözəlliyinin qeybətinə başladıq. Mən dedim ki, nişanlım bilsə mənim dərsimi verər, sən daha irəli getdin: dərsimi verər nədi, mənim nişanlım bilsə məni ət maşınından keçirər. Bu gün bu yazını yazıramsa, nə mənə dərs verən olub, nə də səni ət maşınından keçirən.

          Əlqərəz, bir həftə fərqi ilə iki toy oldu kəndimizdə. Kənd gözəllərinə bivəfalıq eləyib hərəmiz bir “yad” qız gətirdik kəndə. Ad oldu ki, kəndə gətirdik. Toydan kənddən çıxanıq, amma bunu “yad” qızların adına yazmaq doğru deyil. Bizim gəmilərimizə artıq kənd suları dar gəlirdi. Təhsilimiz bizi kənddən qoparıb uzaqlara apardı. Sən Bakıda, mən isə daha uzaqda, Moskvada qərar tutdum. İllərlə bir-birimizi görmədik. Amma həmişə bir-birimizin sədasını duyduq, uğurlarını izlədik.

          Bakıya birinci dəfə gəldiyimiz vaxtdan keçən əlli ildə çox sular axdı, çox keşməkeşli tarix yaşandı. Bunların ən böyüyü, ağrılısı birgə böyüdüyümüz, miqyası, əzəməti ilə öyündüyümüz dövlətin dağılması oldu. Sonra Qarabağ faciəsi baş verdi, otuz il başıaşağı, məzlum, küskün yaşadıq. Səsimizi eşidən, dərdimizə yanan tapılmadı ta öz igidlərimiz türk qardaşlarımızın yardımı ilə torpaqlarımızı azad edib bizi xəcalətdən qurtarana qədər.

          Ötən illərdə Monqolustanda çalışdın, sonra yenə gəlib doğma Bakıda lövbər saldın. Övladlarımız dünyaya gəldi. Özümüz valideyn olduq və həyatın axarı valideynlərimizi əbədiyyətə qovuşdurdu. Övladlarımızın hamısı ali təhsil aldılar, həm də bizim kimi çətinliklə yox, rahat, əziyyətsiz, Şükürlər olsun, onlar bizim gördüyümüz çətinlikləri yaşamadılar. Artıq görüşlərimiz zamanı söhbətlərin ana mövzusu övladlar oldu və elə bu yerdə yazımın əvvəlindəki “münasibətsiz” sözünün heç yerinə düşmədiyini anladım. Necə münasibətsiz demək olar ki, bu il sənin nəvən, gözəl Əsli orta məktəbi uğurla bitirdi və sən onun məzunluq şəklini birinci mənə göndərdin. Artıq bizdən sonra ikinci nəsil müvəffəqiyyətləri ilə bizi qürurlandırır. Uğurları bol olsun!





          Uzun illərdən bəri Bakının ən böyük rayonlarından birində əhaliyə kommunal xidmətlər göstərən bölməyə rəhbərlik edirsən. Bu il Bakıda olanda gözlərimlə gördüm və şahid oldum ki, qırx il əvvəl həm tələbəliyi, həm zavoddakı fəhləliyi necə bir günə sığışdırıb hələ istirahət etməyə də vaxt tapırdınsa indi də gecəni gündüzə qatıb gənclik əzmi ilə çalışırsan. Səni cavan saxlayan da budur. Gözündən yuxu töküləndə də deyərdin: “iş adamın cövhəridir”. Etiraz edənmi var?

          Bu qədər yazıda qırx üç illik həyat yoldaşlarımızdan danışmamaq haqsızlıq olar desən də, ömürlərini gənc nəslin tərbiyəsinə sərf etmiş, gözəl övladlar yetirmiş, ən əsası, səninlə mənim kimi “kəndçilərə” bu qədər dözmüş o xanımlar barədə ötəri danışmaq doğru olmaz. Ömür vəfa eləsə onlar barəsində ayrıca danışarıq.

          Cəyirlidən başlamış yollarımız ayrıla-birləşə davam edir. Özümüzə təqaüdçü deyəndə bir yandan gülməyim gəlir, dahi Üzeyir Hacıbəyovun “Arşın mal alan”ındakı Soltan bəy kimi belim ağrıyanda, “ay qız, Telli” qışqırmaq istəyəndə Molla Nəsrəddin kimi “cavanlığımda nər oğlu nər idim” deyib özümü və ətrafdakıları aldatmaqdan başqa bir şey gəlmir əlimdən. Burda ağlıma bir əhvalat gəldi və yazını bu müsbət kökdə bitirim dedim.

Bəzən ustalıqla danışılan əhvalat sənə yaxşı dividend gətirə bilir. Cavan vaxtlardan söhbət düşəndə deyirəm ki, universitetdə güləş yarışında ikinci yerə çıxmışam. Əslində gözəl nəticədir, eləmi? Burada yalan da yoxdur. Sadəcə mənim çəki dərəcəmdə cəmi üç idmançı vardı. Onlaran biri yarışa gəlmədi. İkimiz güləşdik, Rəqibim məndən güclü çıxdı. O birinci yeri tutdu, mən də ikinci. Amma bu detalları hamının bilməsinə ehtiyac varmı?

Cəfər Sadıq,
Moskva, 13 sentyabr 2023-cü il


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir