“Nöqtəsinə, vergülünə toxunmadan” yaşanan ömrə…III HİSSƏ


Məmməd İsmayıl – bir vardı, bir yoxdu…

əvvəli bu linkkdə:https://yenises.ru/noqt%c9%99sin%c9%99-vergulun%c9%99-toxunmadan-yasanan-omr%c9%99/

BIR SƏRKƏRDƏ, BIR PEYGƏMBƏRƏ ADAŞ

Məmməd İsmayıl ömrü isə, tam redaktəsiz, durğuları, durğunluqları, qızğınlıqları, qırğınlıqları ilə yaşanandı. Bir sərkədə, bir peyğəmbərə adaş, Azərbaycan ədəbiyyatının Üç Məmmədindən biri..

Adını soyadında daşıdığı Şərkərdə İsmayıl olmadı, amma  Sözə sərkərdə olub, beytləri Şah etdi.

Qələminə hörmət etməyə yazdıqları istəsən də, istəməsən də məcbur edən, elə onun özünün təbirincə “neçə köpüylük”- (niyə qəpiy(k)lik yazmayıb, onu da bilmirəm-red. T.V.) nominal dəyəri olduğuna qərar verəmməyəcəyim Aydın Canıyev  Məmməd Araz haqqında yazısında belə bir fikir söyləyib: “ Mən də istəyirəm ki, müasirim olan bu insanlarla fəxr edim. Tarix üçün yazım ki, bu dahi insan həm də kişiydi, mərd idi, ləyaqətliydi! Mən bunu hələ ki, təkcə və təkcə Məmməd Araz haqqında yaza bilirəm. Başqası yoxdu ki, mən yazmasam da, başqası yazsın!”

Üç Məmməddən biri olduğu üçün bu xatırlatma yerinə düşəndir, məncə.

Görəsən,   tarixin və taleyin zaman-zaman mistik, zaman-zaman tragik mərhələlərini yaşamış daha bir  dahi Məmməd də vardı…-deyə  (İsmayıl)  haqqında yazıb,  haqqını yazıbmı?

Biz  yarışdırmağı, dalaşdırmağı- bir sözlə, xoruz döyüşdürməyi sevirik… Ədəbiyyatda da beləyik. Özümüzdən əvvəlkiləri qəbul etmirik, müasirləri rədd edirik, özümüzdən sonrakıları da “ya qismət”-deyib taleyin ümidinə buraxırıq. Təsadüfilər də meydan sulayıb, şairlik, vaizlik, əllaməlik, nə bilim nə edirlər…

Mən qiyaslamayacağam. Bilmirəm ortaq nöqtələrini söyləmək müqayisə məhfumuna daxildirmi? Oxşaqlıq fərqllilik olmadığına görə.

Məmməd Araz özünə məhkumdur, özünün qəfəsindən dünyaya azadlıq paylayırdı. Bir az da mülayimdi.

Bu döyüşdü əzilən var, əzən var
Ölüm hökmü qoltuğunda gəzən var,
Burda bizik, nə sən vardır, nə mən var
Yox ağlama, Ana millət, ağlama,
Qorxuram ki, sına millət, ağlama!

 -deyərək xalqın acısına ağlayaraq göz yaşını siləndi.

Məmməd İsmayıl isə:

Demə varlığını illət əyibdir,
Dərdlə öcə düşüb, millət əyibdir,
Xalqımın köksünə güllə dəyibdir,-
Qan axır şeirimin misralarından,-
Qan, qan, qan!

-deyə ələ,ovuca sığışmayan, əqidəsindən çaşmayan, doğru yolundan sarpmayan, Qana, qan istəyəndi.

86 yaş… Hələ tamam deyil ki… Nə yaş, nə ömür. İçində hələ 6 yaşlı uşağı yaşadan, bir velosiped arzusunun meşədən topladığı bir vedrə yabanı zoğalın  pulundan, bu istəyinin  insanlığa yabanı bir satıcının tapdalamasından keçən Məmməd İsmayıl!

Ona, duyğularına yabanı olanları o zoğalı ayaqlayıb, ağ corablarını çəhrayı-qırmızı qana boyayan, kəndin çınqıllı yollarında yalın ayaqlarının qanıyla  özünə çığır açıb, zaman-zaman çızığından çıxan, sözünü qəribliyin məhbəsindən xilas etmək xatirinə özünə qəribliyi seçən, kimsəyə əyilməyən, qabığı sərt, özü mərd kişiydi, Məmməd İsmayıl!

Deyirlər bu il yenə almalar çox gətirib! Özüylə ağacını yıxan küləyini də…

Tünzalə Vəliqızı, Moskva
20.10.2025