KRESLO
Hekayə
Növbəti telefon zənginə cavab verəndən sonra iki əlini masaya dirəyib şəstlə ayağa qalxdı. Pəncərəyə yaxınlaşıb nəfəsliyi açdı. Xəfif yaz küləyi sakitcə üzünə dəydi. Yenicə yarpaqları açılmış ağaclara baxdı. Təzə açılmış güllər də sanki onu bir-neçə gün əvvəl təyin olunduğu vəzifə münasibətilə təbrik edirdilər.
Masanın üzərində telefon titrəməyə başladı. Zəng çox gəldiyindən telefonu səssizə qoymuşdu.
Telefonu əlinə götürüb baxdı. Sadəcə nömrə göründüyündən kimin zəng etdiyi məlum deyildi. Telefonu açıb qulağına yaxınlaşdırdı. Çoxdan eşitmədiyi səs olduğu üçün zəng edənin kimliyni təxmin etməyə çalışdı.
-Şamil, salam. Təbriklər, təbriklər, yüz dəfə təbriklər. Bax, nə vaxt nə lazım olsa, həmişə qulluğunda haziram.
Bir az hal-əhvaldan sonra danışanla sağollaşıb düyməni basdı.
Yadına düşdü ki, az qala adı da səsi kimi yadından çıxan uşaqlıq dostu Rasimdi bu. Uzun illərdir hansısa zavodun direktoru işləyir. Amma neçə illərdir ki, heç bir araya gəlib görüşmürdülər.
Masanın üstündəki qovluğu açıb, kağızları vərəqləməyə başladı. Bu vaxt katibə qapını döyüb içəri daxil oldu.
-Şamil müəllim, bir nəfər tələbə yoldaşınız Sizinlə görüşmək istəyir.
-Buyursun-dedi.
Qapıdan içəri girən tələbə yoldaşı Kərim iki əllərini geniş açaraq sürətlə ona tərəf gəldi. Onu möhkəm qucaqlayıb cüssəli bədəninə elə sıxdı ki, az qala qabırğaları şaqqıldayacaqdı.
-Ay Şamil, sən elə tələbə vaxtından aktiv idin. Bilirdik ki,həmişə irəli gedəcəksən. Hamımız da səninlə fəxr edirdik-deyə dilxoş etdi.
Keçmişə qayıdıb tələbəlik illərini xatırladılar. Söhbət əsnasında Kərim indi universitetlərin birində kafedra müdiri işlədiyini də bildirdi.
Söhbətin sonunda Kərim müəllim pencəyinin cibindən bir dəvətnamə çıxarıb masanın üzərinə qoydu.
-Şamil, sabah oğlumun toyudur. Bax haa, mütləq iştirak edərsən. Sənsiz toyu başlamayacağıq. İstəyirəm ki, gəncləri ilk təbrik edən sən olasan.
-Əlbəttə, mütləq iştirak edərəm.
Hər ikisi ayağa qalxdı. O qonağını qapıya qədər ötürüb yenidən kreslosuna əyləşdi. Düşündü ki, toyda həm də çoxdan görmədiyi tələbə yoldaşlarını da görər.
Son günlər doğrudan da yorulmuşdu. Həm yeni vəzifədə işi çox idi, həm də hər gün evə gələn qohum -əqrabanı qarşılayıb yola salırdı. Hamı da ya uşaqlarını işə düzəltməyi, ya da hansısa problemlərinin həll olunmasında köməklik etməsini istəyirdilər. Bir tərəfdən də dostları müxtəlif məclislərə dəvət edirdilər.
Bu minvalla bir neçə il keçdi. Bəzən insanların həyatından müəyyən müddət qara zolaqlar keçməyə başlayır.Yeni-yeni problemlərlə rastlaşırsan. Yavaş-yavaş Şamil müəllinlə yeni rəhbərlik arasında narazılıqlar başlamışdı. Nəhayət vəziyyət o yerə çatdı ki, ərizə yazıb işdən çıxmalı oldu.
İlk günlər bəzi gərginliklərin olmamasının rahatlığını yaşayırdı.
Gün keçdikcə dostlar, tanışlar ,qohumlar yavaş-yavaş hərə bir bəhanə ilə ondan uzaqlaşmağa başladı. Artıq nə toya dəvət edirdilər, nə də məclislərə. Məşğuliyyəti olmadığından bağ evinə köçüb həyətdə-bacada işləməklə başını qatır, ağaclara, güllərə qulluq edirdi. Bəzi günlərd də sevimli köpəyi ‘Qızıl”la dəniz kənarına gəzməyə çıxırdı. Köpəyi ilə gəzinti zamanı arada bir kənarda oturub onunla dərdləşirdi. Qızıl da sanki sahibinin dərdlərini anlayırmış kimi sakitcə gözlərini ona dikib dururdu. Qızılın nə qədər vəfalı olduğunu gördükcə vəfasız dostları yadına düşürdü.
Bir gün eşitdi ki, qrup yoldaşı Kərim müəllim qızına toy edir. Üzünü təraş edib çoxdan geymədiyi kostyumlardan birini şkafdan çıxarıb otaqdakı asılqana asdı. Düşünürdü ki, oğlunun toyuna dəvətnaməni şəxsən özü gətirən Kərim müəllim qızının toyuna da onu mütləq çağıracaq.
Vaxt keçdi, axşam düşdü. Nə qapı döyüldü, nə də telefon zəng çaldı. Sanki günahkar kimi gözlərini xanımından gizlədib kostyumu asılqandan alıb geriyə- şkafdakı yerinə asdı. Ömür-gün yoldaşı bunu hiss edib ona yaxınlaşdı.
-Ay Şamil, gör nə qəşəng havadır. Dur paltarını dəyiş, gedək bir az havamızı dəyişək-dedi.
Araya yenə günlər, aylar girdi. Bir gün axşamüstü bağın evinin qapısı döyüldü. Şamil müəllim qapıya tərəf gedib qapını açdı. Qapıda kostyumlu, qalstuklu bir cavan kişinin durduğunu gördü. Qonaq gülümsəyərək irəli gəlib mehribancasına ona əl uzatdı. O da duruxmuş halda qonağın əlini sıxdı.
Qapıdakı adam:
-Şamil müəllim, yəqin məni tanımadınız. Mən Sizin rayondakı qonşunuz Cavad kişinin oğlu, Nərgiz xalanın nəvəsi Vaqifəm-deyə özünü tanıtdı.
-Həə, lap yaxşı .Buyur,buyur keç içəri. Maşallah,nə yaman böyümüsən, ay Vaqif-deyə, üzünü ona maraqla baxan xanımına tutub:
-Ay Sevinc,qonşumuz rəhmətlik Cavadın oğludur-dedi.
Sevinc xanım da qonağa yaxınlaşdı: – Xoş gəlmisən, buyurun keçin ağacın altındakı masaya, sizə yaxşı süfrə açım.
Vaqif təşəkkür edərək:
-Yox, ay Sevinc müəllimə, zəhmət çəkməyin. Heç nə lazım deyil. Şamil müəllimlə bir az söhbət edib gedəcəyəm-dedi.
Sevinc müəllimə etiraz etdi.
-Nə danışırsan, ay bala. O qədər yol gəlmisən. Heç hara tələsib eləmə.
Vaqif Şamil müəllimlə söhbətləşəndən sonra gəlişinin əsl məqsədini açıqladı.
-Şamil müəllim, Siz mənə elə bir yaxşılıq etmisiniz ki, ömrüm boyu Sizə minnətdar olacağam. O vaxt atam qəzaya düşüb rəhmətə getmişdi. Mən də univetsitetdə oxuyurdum. Evdə məndən başqa iki bacı-qardaşım var idi. Nənəmin təqaüdü və anamın məvacibi ailəni dolandırmağa bir təhər yetirdi. Mən də təhsili yarımçıq qoyub işləyib evə kömək etmək istəyirdim. Bir gün küçədə rəhmətlik nənəmi görüb, ondan niyə kefsiz olduğunu soruşmusunuz. O da vəziyyəti Sizə danışıb. Həmin günün axşamı Sevinc müəllimə ilə bizə gəlib mənim universiteti qurtarana qədər ödəniş haqqımı vermişdiniz.
Mən Sizin sayənizdə oxumağa davam etdim, universiteti bitirib sonra xaricə getdim. Neçə müddətdir ki, xaricdə işləyirdim. İndi bir mütəxəsis kimi məni ölkəyə dəvət edib, yüksək vəzifəyə təyin ediblər.
Eşitdim ki, Siz çoxdandır işləmirsiniz. Düşündüm ki, Sizin təcrübəniz mənə yardımçı olar. Ona görə də təklif edirəm ki, şöbələrdən birinə rəhbərlik edib mənə kömək edəsiniz. Xahiş edirəm, imtina edib, yox deməyin.
Bu gözlənilməz gəliş və təklif Şamili duyğulandırdı. Və Vaqifə etirazla:
-Elə bir şey etməmişəm ki, ay Vaqif, ay oğul-dedi. -Rəhmətlik atanla bir məhəllədə böyüyüb,dost olmuşuq. Mən də imkanım olandan dostumun ailəsinə kömək etmişəm. O vaxt kasıbçılıq idi. Rəhmətlik nənən bizə o qədər qoğal bişirib qonaq edib ki, indi də dadı damağımdadır.
Bir neçə gündən sonra Şamil müəllim yeni kabinetində, yeni kreslosunda əyləşib həyatın necə də qəribə olduğunu düşünürdü. Artıq telefon zənglərinin çoxuna cavab vermirdi.
Yenə bir gün katibəsi qəbulda bir dostunun gözlədiyini söylədi. Şamil, göndər gəlsin- dedi.
Bir azdan kabinetin qapınının ağzında tələbə yoldaşı Kərim göründü. Yenə uzaqdan qollarını geniş açaraq sürətlə ona yaxınlaşıb illər əvvəlki gəlişində olduğu kimi möhkəmcə qucaqladı. Dejavu yaşanırdı. Yenə də əvvəlki təriflər, əvvəlki sözlər… Bir az danışandan sonra mətləbə keçdi.
-Yadındadır da, oğlumun toyunda ilk təbriki sən elədin. Qızımın toyunda başım o qədər qarışdı ki, sənə heç dəvətnamə də gətirə bilmədim. Eybi yoxdu, indi də nəvəmin kiçik toyudur. Sənin dəvətnaməni şəxsən özüm gətirmişəm. Mütləq gələrsən.
Şamil razılıq əlaməti olaraq başını tərpətdi.
-Təbii ki, gələrəm–deyə cavab verdi.
Toy günü Şamil müəllim sürücüsünü çağırıb kreslosunu toya aparmasını tapşırdı.
Sürücü də toy başlayanda kreslonu toya aparıb Şamil müəllimin göndərdiyini söylədi.
İki nəfər tez kreslonu götürüb məclisin yuxarı başındakı masanın baş tərəfinə qoydular. Digər masalarda pıçıltılar başladı.
-Pah atonnan. Adam gör nə qədər yekəxanadır ki,toya da öz kreslosuynan gəlir.
Toy bitənə qədər gözləsələr də Şamil müəllim toyda görünmədi.
Məclis bitdikdən sonra sürücü kreslonu geri gətirib yenə kabinetdəki yerinə qoyur.
Səhər tezdən Şamil müəllim kabinetinə girib, qəribə təbəssümlə kreslosuna baxdı. Sonra kresloya oturub dünəndən yarımçıq qalmış işini davam etdirməyə başladı.
Bu arada katibə yenə qapını döyüb içəri daxil oldu. Dostunun onunla görüşmək istədiyini bildirdi.
Katibə kabinetdən çıxar-çıxmaz Kərim müəllim özünü içəri atdı.
Əllərini yelləyərək:
-Ay qardaş, dünəndən nigaran qalmışıq.Toya gəlmədin, telefona nə qədər zəng etsək də , zəng çatmadı. Səhər tezdən də gəldim görüm nə olub? Bir narahatçılıq yoxdur ki?
Şamil başını masadan qaldırıb Kərim müəllimin üzünə baxaraq heç bir narahatçılığının olmadığını bildirdi.
-Əşi, narahat olmayın, hər şey qaydasındadır. İşsiz qalan vaxtları gördüm ki,məni toylara,məclislərə bu kresloya görə çağırırsınız. Mən də düşündüm ki, nəyin xətrinə məni məclislərə çağırırlarsa, mən də onu məclisə göndərim. Allah nəvəni böyük oğlan eləsin. Mən də dünən toya kreslonu göndərdim.O da toyun sonuna qədər məclisdə iştirak etdi.
Araya sükut çökdü.
Kərim müəllim elə duruxdu ki, kabinetdən necə çıxıb pilləkənləri necə enib maşınına necə oturduğunu bilmədi.
Təvəkkül Süleymanlı,
28.04.2026
Tula şəhəri
