QARABUĞDAYI
İlk müəllimim Həqiqət Qasımovaya
2026-cı ilin 23 aprel günü həyatımın ən yadda qalan gününə çevrildi birdən-birə. Bu günü Türkiyədə uşaqlar və gənclər bayramı, hətta cocuk bayramı deyə qeyd edirlər. Təsadüfən bu ilin həmin günü yaşımın uşaqlıqdan çoxdan iraq düşmüş bir çağında yenidən o qayğısız, bəxtəvər günlərə qaytardı. Düz altmış il geriyə götürdü məni bir telefon zəngi, bir görüntülü söhbət. Öyrəndim ki, son vaxtlarda tanış olub qazandığım dostum Sahib Kərimli birinci sinif müəllimimin gəlin köçdüyü kənddəndir. “İstəsəniz sizi telefonla görüşdürə bilərəm” dedi sözarası. Mən də bu imkanı əldən vermək istəmədim. Sahib bəy sözünün üstündə durdu və dünən (bu gün aprelin 24-dür) günorta zəng elədi. “Bir azdan müəlliminin evinə çatıram,–dedi.—Hazır ol.” Beş dəqiqə sonra təkrar zəng gəldi. O ana qədər heç bir həyəcanım yox idi və sanki sıradan bir söhbətə hazırlaşırdım. Sahib telefonu müəllimə verib onun yanında durdu və məncə, dünyada heç bir rejissorun yarada bilməyəcəyi səhnənin şahidi oldu: İki min beş yüz kilometrlik bir məsafədən telefonumun ekranına qonaq gəlmiş Həqiqət müəllimi görəndə özümü saxlaya, hisslərimi cilovlaya bilmədim. Adətən belə hallarda qadınlar sevinc göz yaşı axıdırlar. İndi isə mənim səsim titrədi və hönkürməkdən özümü güclə saxladım. Xəyalımda çox yaşlanmış, bəlkə də məni xatırlamaqda çətinlik çəkəcəyini düşündüyüm müəllimim sevinc dolu çox şux səslə “sənə qurban, ay Cəfərsadıq (bir vurğu ilə!)” deyəndə zülmət qaranlıqdan işığa çıxmış adam kimi gözlərim qaraldı. Bu səs məni keçən əsrin altmışıncı illərinə apardı.
Cəyirli kənd məktəbi
1962-ci ilin sentyabr ayı. Kəndin günbatana tərəfki yarısında, kanalın alt tərəfində 5-6 sinif otağı olan üstü qırmızı kirəmidli binada yerləşən məktəb yeni dərs ilinə başlayır. Böyük bacımla, qardaşımın oxuduğu məktəbə mən də gəlmişəm. Halbuki altı yaşım belə tamam olmayıb. İndi təsvir edəcəyim hadisələrdən çox sonra öyrənmişəm ki, mənim israrla məktəbə getmək istəyimə görə, bunun mümkünsüzlüyünü bilən atam müəllimlərlə gizli “anlaşma” imzalayıb ki, izin verin bir-iki gün gəlsin, onsuz da bir yerdə duran deyil, o dərslərdə o qədər otura bilməz, özü geri qayıdacaq. Mənim də əsas bəhanəm o idi ki, nəinki hərfləri bilir, hətta qəzetdəki sərlövhələri, iri hərfli yazıları hecalamadan oxuyurdum.

Bir həftəyə qədər məktəbə davam etdim və Gülara müəllim mənim dərslərdə rahat oturmağımdan, davranışımdan hiss edir ki, mən yorulub məktəbi tərk edənə oxşamıram. Bir gün dərsə gecikdim. Görünür, müəllimlər otağında qərar verilmişdi və Gülara müəllimə sərbəst hərəkət imkanı “tanınmışdı”. Sərt bir şəkildə: “dərsə gecikən oxuya bilməz, get evə, sabahdan da bir daha gəlmə!” dedi. Ağlayıb üçüncü sinifdə oxuyan qardaşımın sinfinə getdim. Orada kəndlimizin Rusiyada evlənib gətirdiyi rus qadını dərs deyirdi. Uşaqların məni görüb gülüşməsinə təpinərək yanıma gəldi, əlimdən tutub məni sinifdən çıxartdı və şirin aksentlə məni ovutmağa başladı. Məktəbin həyətindən çıxana qədər apardı və böyüklərdən—valideynlərim və müəllimlərdən heç kimin mənə açıq demədiklərini Valentina qırıq-salxaq azərbaycancası ilə mənə başa saldı ki, sən hələ məktəb yaşına çatmamısan. Oxuya bilsən də sənin yaşda uşaqlar hələ məktəbə getməzlər. Onu da deyim ki, oxuya bildiyimi boşuna demirdi. İki gün əvvəl dərsdən evə qayıdarkən yolda məni saxladı. Onların evi bizə gedən yolun üstündəydi. Yanına çağırıb əlində tutduğu “Kommunist” qəzetini açdı və səhifənin ortasındakı şəkli göstərib altında nə yazıldığını soruşdu. Tərəddüdsüz “Vladimir İliç Lenin” dedim. Sadəcə şəkli tanıdığımdan belə tez cavab verdiyimi düşündü və yazını hərf-hərf oxumağımı istədi. Mən oxuduqdan sonra saçlarımdan öpdü və onun ətri çox xoşuma gəldi. Bəlkə ona görə idi ki, Gülarə müəllimin sərt çıxışından sonra Valentina müəllimin şəfqəti məni inandırdı və sakitləşib evə gəldim.
Bu sətirləri oxuyanlar düşünə bilər ki, beş yaşda baş vermiş əhvalatı indi belə təfsilatı ilə yadda saxlamaq olarmı. Unudulmaz sənətkarımız Sabit Rəhmanın “Toy” komediyasındakı Kərəmov obrazının dediyi olmasın, inanın ki, o səhnələr indiyədək gözlərimin önündədir. Bu o demək deyil ki, yeddinci onilliyini doldurduğum ömrün hər günü xatirimdədir, amma elə anlar var ki, yaddaşa ömürlük həkk olunur.
Bir də məktəbin qapısını bir il sonra 1963-cü ilin sentyabrında açdım. Hələ yeddi yaşım yox idi, amma bu dəfə geri qayıtmaq fikrim də yox idi. İndiki müəllimimiz Həqiqət Qasımova idi. Gülara müəllimdən fərqli olaraq Həqiqət müəllim zəhmli, qaraqabaq idi. Bəlkə də əsmərliyindən, qarabuğdayı olduğundan elə görünürdü. Az keçmədən sinfin ən çoxdanışan dəcəllərindən biri oldum. Hər gün cəzalanmaqdan məni suallara tez və düz cavab verməyim xilas edirdi. Amma bəzən bu məziyyət də işə yaramırdı. Bir dəfə, deyəsən ikinci sinifdə idi, hesab dərsindən verilmiş tapşırığı səhvsiz yerinə yetirsəm də səhifənin səliqəsiz, ləkəli olduğuna görə səhifə boyda “iki” yazdı mənə.
İndi müəllimin şagirdlə yüksək səslə danışmasını da pedaqogikadan uzaq sayırlar. Amma o vaxt Həqiqət müəllimin yanında bir nar çubuğu olurdu. Az-az işə düşürdü, çubuğun görüntüsünün tərbiyəvi rolu ayrıca idi. Onun sinfində oxuyan şagirdlərin böyük əksəriyyəti hüsnxəttdə fərqlənirdi. Kələ-kötür, pişik cırmaqlaması yazan barmaqların xilası yoxdu, mütləq nar çubuğu ilə görüşməli idi.
Telefon söhbətimizdə sinfimizdə 46 şagird olduğunu dedi müəllimim. Bu, onun keçən günlərdən xatırladığı yeganə yanlış idi. Çünki “a” və “b” olaraq iki sinfimiz vardı. Biz “b” sinfində idik. Səkkizinci sinfə qədər ayrı oxuduq, sonra yeni məktəb binasında birləşdik və səkkizinci sinfi 41 şagird olaraq başa vurduq.
Biz birinci sinifdə olanda səkkizillik məktəbin direktoru İlyas müəllim, üçüncü sinifdən Müzəyyən müəllim, altıncı sinifdən sonra isə Həqiqət müəllimin qardaşı Bayram müəllim idi.
Belə xırdalıqlarla sizi yormağa haqqım yoxdur, ona görə bir “qanlı-duzlu” xatirə ilə əhvalınıza “rəng qatmaq” istəyirəm. Dediyim kimi məktəbin binası kiçik, həyəti darısqal idi. Uşaqlar tənəffüsdə binanın ətrafında qaçışırdılar. Bir gün sinfimizdə ən qısaboylu, civə kimi hərəkətli İlyas binanın sağ tərəfi ilə sürətlə qaçırdı. Binanın ön tərəfində isə bir sinif yuxarı oxuyan Minəxanım gülə-gülə eyni sürətlə soldan sağa doğru yüyürürdü. Binanın küncündə onların toqquşması ilə hərəsinin bir yana yıxılması bir oldu. Gülüşləri qışqırıq əvəz elədi. Hər ikisini müəllimlər otağına gətirdilər. İkisinin də üz-gözü qan içindəydi. Bir müddət kimin haradan yaralanmasını ayırd edə bilmədilər. Sonra İlyasın başında bir sümük göründü. Dedilər guya yerə dəyib, başının sümüyü görünür. Diqqətlə baxıb gördülər ki, İlyasın başında ağaran Minəxanımın qabaq dişinin bir parçasıdır. Onların yaraları sarındı, ara sakinləşdi, amma Minəxanım ta məktəbi bitirənə kimi üçbucaq şəklində qırılmış dişlə yaşadı.
Üç familiyalı adam
Sinfimizdə yaddaqalan hadisələr az olmurdu. Bir sinif yoldaşımız isə bu gün də qəribə görünən bir özəlliyə malik idi. Onun ad, ata adı və soyadı hamısı familiyalardan ibarətdi. Babası Qayda müəllim məktəbdə riyaziyyat dərsi deyirmiş, böyük rus şairi Aleksandr Sergeyeviç Puşkini də görünür, o qədər sevirmiş ki, oğlu olanda onun adını Puşkin qoyub və bu sözün soyad bildirdiyini qəbul etməyib. İkinci oğlunun adını Yevgin (rusca Yevgeni sözünün təhrif olunmuş şəkli) və Puşkinin oğlunun adını Onegin qoyub. Nəticədə o sinif yoldaşım bu günə kimi üç familiyalı olaraq yaşayır: Vəliyev Onegin Puşkin oğlu.
Bir telefon zəngi bu qədər xatirənin qırışını açdı. İndi kənd məktəbində nə əlində nar çubuğu olan müəllim var, nə təhsili həyatının mənası etməyə can atan şagirdlər. Şagirdlərin günahını almayım, ümumən təhsil elə ağlar günə qalıb ki, aşağı siniflərdən repetitor tutulur, uşağın məktəbə davamiyyəti əksəriyyəti maraqlandırmır, hər yerdə tənəzzül hiss olunur.
Cəyirli kəndi də, buraya qədər adı çəkilməyən Bideyiz kəndi Azərbaycanın dilbər güşəsi Şəki rayonuna aiddir. Sahib Kərimli bu gün fəal ictimai xadim, beynəlxalq icmalçı olmaqla yanaşı həm də kəndin firavanlığı, abadlığı üçün böyük işlər görmüş həmyerlimizdir. Həqiqət müəllim ona da dərs dediyini vurğulayaraq aramızda bir doğmalıq körpüsü qurmaqla yanaşı Sahibin atası Arif müəllimdən də ağızdolusu danışdı.
23 aprel uşaq bayramı günü məni o günlərə qaytaran Həqiqət müəllimə uzun ömür, can sağlığı arzulayır, bu görüşə vəsilə olan Sahib bəyə bir daha dərin təşəkkürümü bildirirəm.
Cəfər Sadıq,
23-25 aprel 2026-cı il.
Moskva
