“Ölüm var ki, həyat qədər dəyərli…”
Əkslərin vəhdəti. Fəlsəfənin qanunun elə bu hissəsi onun yaşamında təcrübə olundu və təsdiqini tapdı. Bir gündə qarşı-qarşıya duranların yeri, yönü dəyişdi.
Nə oldusa o gün oldu.
Bir gündə illərlə içimizdə yatan milli ruhun oyanmasına təkan oldu.
İllərin çözülməyən sualının cavabı oldu.
Kim nə deyir desin, üzü Qarabağa gedən keçidi keçilməz yollara körpü oldu!
Və o gün yenidən doğuldu. Bəlkə Mehmet Akif Ərsoy kimi “Qurtuluş savaşının” “İstiqlal” marşını yazmadı. Amma Qarabaga azadlıq savaşının marşrutunu cızdı. Hayqırtısı ürəklərdə pıçıltıya dönən Xocalı qisası, Cıdırında at oynadılan Şuşa yanğısı, itirilmiş obalar, ellər ağrısının tabutuna nəş olaraq “ya olum-ya ölüm”- dedirtdirdi.
O gün iyuldu. O gün Tovuz-Qəbələ-Bakı-Sumqayıt yolunda sıralanan insanların –bütün Azərbaycanın ürəyində yenidən doğdu.
Ölüm günü Olumu oldu! Ölümün belə sıravisi olmaqdan çıxıb- Olumun Generalı oldu.
Oldu, oldu, oldu…- deyə bitirdiyim cümlələrlə birlikdə biz bir, vahid olduq.
Hamı kimi doğulanın bir gün başdaşına yazılacaq ölüm tarixi də olur. Beşikdən qəbrə uzanan aralıqdakı sonun başlanğıc tarixi.
Doğum günündən başqa bir gündə -iyulun 14-də milyonların ürəyində doğulan Ölümün zirvəsini Olumuyla fəth edən Generalım, Polad Həşimov!
Qarabağ savaşının ölməz əsgərlərini yetişdirənlər sadəcə Olur, Sadəcə doğulur! Birindən yüzü həm də! Körpü olduğunuz yoldan keçən Onlar Yüzlərcədir!
Doğum günün mubarək, General!
Tünzalə Vəliqızı,
Moskva
02.01.2021