Qələbə yolunun yaşı – 20!
Milli Müstəqilliyin Qələbəylə taclandığı, tarixi Bərpanın əsl mahiyyətinə uyğun və Bayraqlarımızın kölgəsində yaşadığımız günə təbrik əvəzi….
“20 ildən sonra”. Bunun Aleksandr Dümanın eyniadlı əsəriylə əlaqəsi yoxdur. Lakin XIII Lüdovikdən sonrakı ağır dönəmdən keçən Fransa siyasi həyatının bir parçasını əks etdirən o əsərdəkinə bənzər gedişatı yaşayırdıq.
“Tarix təkərrürdən ibarətdir” deyirlər. Bu fikri tarix xronologiyası ilə sabitləşdirib.
Bir dövlətin tarixi üçün 20 -30…. il çox sayılmaz. Lakin tarix dərsliklərdə öyrədiləcək, ya romanlarda söyləniləcək qədər də kiçik xülasələrdən ibarət deyil.
Və bir də nəzərə alsaq ki, o 20 -30 ilin tarixini yazmaq Sizə həvalə olunur. Nələri sığışdıra bilərdiniz?
![](http://yenises.ru/wp-content/uploads/2023/10/prezident-1024x519.jpg)
Əvvəlini tarix bütün detalları ilə yazıb. Arxivlərdə saxlanılıdır. İndi onları təkrarlamayacağam.
İlk didərginlər gələndə mən tələbəydim. İlk köçü də gördüm, köçkünləri də. İnsanın ağlı almırdı. Necə ola bilər-sualı ilə reallığı və ondan sonra nələr olacağını beynimizə oturda, şüurumuzda şəkilləndirə bilmirdik.
“İndi nə olacaq?”-sorsaydınız, çoxlarının buna cavabı yoxdu. Baxmayaraq ki, təkərrür edən tarixi bizə də öyrətmişdilər. Öyrəndiklərimiz keçmişdi, axı…
Amma sən demə, biz üstündən keçdiyimiz üçün bəzi şeyləri keçmiş-bitmiş kimi hesab edirdik. Oysa, hər şey yeni başlayırdı. Biz “3-5 günə bitər, haqq yerini tapar” düşüncəsindəykən, bu günü neçə onilliklərlə dizayn edənlər “Böyük ideyalarını” həyata keçirirdilər.
Bura qədər olan keçmişi hamı xatırlayr. 30 ildə nələrdən keçdiyimiz içində olduğumuz bizimlə yazılan tarixdir.
20 il əvvəl…
Pessimizm ruhumuzu koviddən əvvəl, xərçəngdən ötə sarmışdı. Ağsaqqallar nəsihətində, ziyalılar vəsiətində nagümandı. Zaman keçdikcə şəhid analarının üzünə baxmaq əzabı artır, onlara veriləcək təsəllilər tükənirdi.
Qızğındıq Sizə! Müxalifdik Sizə!
Bəzən səsli, bəzən səssiz dilləndirirdik etirazımızı, şikayətimizi. Gileyimiz şeirlərimzə, mahnılarımıza, yazılarımıza sirayət etmişdi. Bizimdir”-demək etapını bitirmiş, artıq “Bir daha dönərmi”yə köklənmişdik. Ağrımıza, acımıza “Lazım gəlsə” ironiyası, “İçək Qarabağın sağlığına” təsəllisiylə duz basırdıq.
Donmuşduq dondurulan münaqişəylə. Bu soyuqluq “Səssiz müharibənin səsi” olan qara tabutlarla döyülən qapılarda bizi daha da üşüdürdü. Üşüyürdük Sənsiz, Qarabağ!
Rusiyanın tv kanallarında haqqımızda bir haqlı söz deyəndən mədət umacaq, onu qəhrəman edəcək qədər sarsılmışdıq. Özümüzü özgələrdən soruşurduk.
Dünya liderlərinin turist kimi toplandığı “ədalət saraylarında” çıxarılan qətnamələrin boşluğunu anladıqca qətiyyətsizliyimizdən utanırdıq.
Mübarizlər, Mehmanlar, Fəridlər, Poladlar, Albertləri –Azərbaycan dilinin insan adları lüğətindən hər adda Qəhrəman övladlarımız varkən, yarımçıqlıq sindromuyla şikəst hiss edirdik özümüzü.
Amma bir an olsun belə vaz keçmədik Vətən sevdasından. Qarabağı tanımayan, görməyən, sadəcə təsəvvürü olan uşağından böyüyünə “Onsuz Olmaz”la böyüyürdü.
Bir gün gələcək…
Gələcək zamanı ümiddir. Davamdır. Gözləyişdir. Amma biz gələcəyin gələcəyindən keçən hər gün uzaqlaşdıqca, “biz görəcəyikmi”-ni içimizdə böyüdükcə, kiçilən ərazilərimizlə birlikdə özümüz də kiçilirdik.
20 il… Filmlərdə, seriallarda bir an kimi keçər. Uşaq böyüyər, gənc evlənər, yaşlı dünyasını dəyişər. Bizim dünyamızsa ölənimizin arxasından belə dəyişmirdi.
-Gəldim yenə yanına üzüqara, bala. Qanın tökülən torpağa gedəmmədim- deyirdi yanğılılar.
30 ilin yükünü deyil, hökmünü daşıyacaqdınız. Sizə müxalif olanlar babadan qalan nəsihətdən, vəsiyyətdən məsuliyyətli Sizi tutacaqdıq.
O zaman dilimində mən və yaşıdlarım koçlərə, köçənlərə şahid olduq. Onların nostalgiya dolu ağrılı hekayələrini dinlədik.
Qaxıncdan doğan utancımızsa torpaqlarımıza yadellilərin nümayəndələri gəldikcə, oyuna çxanda bayrağımıza ayaqqabılarını sildikcə, Cıdırımızda ayaqları altında tariximizi süründürdükcə daha da artırdı. İçimizdəki hissin tərifini verə biləcək söz yoxdu. Sözümüz alınmışdı. Şuşada ədəbiyyatımıza güllə atılmış, dinimiz murdarlanmışdı.
Qisasın dəmiri pas tutmaz-deyə bir ifadə var. Biz qisas deyil, yenə tolerantcasına ədalət istəyirdik.
Və…
Yazılar yazdıq mağmuncasına. “Bizi bağışla, Vətən!”- ismarıclı.
Çox yükləndik Sizə, çox.
İqtidarı tərif etmək yaltaqlıq, tənqid etmək düşmənlık kimi tanımlanan yerdə, məkanda, zamanda bəzən özünü olduğun kimi ifadə etməyin cəsarət istər.
“Xocalıya ədalət” kampaniyalarımızda doldurulmuş salonlar, danışan dəlillər nəticəsizdi. Sanki dünya bizi duymamaqda qərarlıydı.
“Bu gəncliyə, gələcəyə nə qoyub gedirik”-deyə yaraları qanadırdıq.
Həmkarım, müəllimim Cəfər Sadıq “Aydın, mənə nekroloq yaz! ”-deyə xəcalətini jurnalist dostuna ağrı, acı dolu sətirlərində dilə gətirmiş, özünə ölüm arzulamışdı. Arzuya bax!!!
Bütün bunlar yaşanmış tarixdi. Şahidlik etdiklərimizdi.
İlk dönüş nöqtəsi hansı döyüşdü? Aprel Döyüşləri kimi tarixə düşən 4 günlükmü, sonrasındakı 44 günlükmü, yoxsa sonuncu 24 saatlıqmı?
Biri digərini gətirən bu döyüşlərin ikisində durdurulduq. Kim müharibə istər ki? Biz də istəmirdik. Keçən 20 ildə Siz də istəmədiniz.
Amma Sizi buna məcbur etdilər. Və bu məcburiyyəti Qələbəyə çevirdiyiniz üçün Sizə minnətdarıq, Cənab Ali Baş Komandan!
Tünzalə Vəliqızı, Moskva,
18 Oktyabr 2023-cü il