R E A K S I Y A


” Saxla qoynunda onu, vermə yabana, yelə!
Bir hədiyyən olacaq yurdumdakı heykələ.”

Kərim Yaycılı ( 1913- 1979).

Ölkə başçısının Azərbaycan Cümhuriyyətinin Qurucu Babalarından M.Ə.Rəsulzadənin 140 illiyi ilə bağlı verdiyi sərəncam və keçirilən tədbirlər təqdirə layiqdir. Əlbəttə könül istərdi ki, Rəsulzadə və Cümhuriyyət Qurucularının yubiley tədbirləri daha geniş miqyasda, orta məktəblərdən tutmuş akademik çevrələrdə ən obyektiv və tarixi tərbiyəvi əhəmiyyətiinə görə tədris və təbliğ olunsun. Çox təəsüf ki, bu məsələdə hər zaman bir yarımçıqlıq hökm sürür. Yəni bir gül ilə yaz olmaz. Ankarada Rəsulzadənin məzarının Azərbaycan Səfirliyi tərəfindən təmiri cəmiyyəti ikiyə böldü. Bu bölünmədə məzarla bağlı narahat olanları qınamaq doğru deyildir. Eyni zamanda fevri bir davranışla bu təmiri yapanları da topa tutmağa tələsmək doğru deyildir. Amma xüsusilə Rəsulzadə məsələsində indiki iqtidarın tərəddüdlü mövqeyi də topluma sirr deyil.

Məlum Mariya Zaxarovanın sərsəmləmələrinə Tarixçi-Alim, Professor Solmaz Xanım Tövhidi xaricində heç bir rəsmi cavabın verilməməsi bunun bariz nümunəsidir. Uzun sözün qısası Rəsulzadənin daşı ağırdır. Ankarada məzarın təmiriylə bağlı Azərbaycan Kültür Dərnəyinin fikrini almamaq gerçəkdən böyük bir sayqısızlıqdır. Çünki bu günədək o müqəddəs məzarı onlar göz bəbəyi kimi qorudular. Əslində Fransada Topçubaşovun, Ceyhun Hacıbəylinin, Tiflisdə Fətəli Xan Xoyski və Həsən Bəy Ağayevin, Ankarada Rəsulzadənin məzarlarının Vətənə dönmək üçün hicrandan gözlərinin kökü saraldı. Mən bu sətirləri ürəyimə daş basaraq yazıram… Kaş ki, bu gün Azərbaycan gündəmində, Ölkə başçısının ən gözəl missiyalarından biri qərib məzarlarda yatan bu mümtaz, möhtərəm şəxsiyyətlərimizin məzarlarıyla birgə Vətənə dönüşlərinə təntənəylə hazırlaşsaydıq. Bunun mərhum Heydər Əliyevin nümunəsi var tariximizdə: Hüseyn Cavidin 1982-ci ildə 100 illik yubileyinə töhfə olaraq nəşinin doğulduğu Naxçıvana gətirilərək dəfn olunması. Ğörəsən Rəsulzadə və Cümhuriyyət Qurucularına da belə bir səadət qismət olacaqmı?! Məhəmməd Əmin Bəyin 1934 cü ildə Topçubaşovun məzarı başında çıxışı vardır, vəsiyyət xarakterlidir. Görün Rəsulzadə neçə fəryad edir biz gələcək nəsilləri ünvan yaparaq: ” Çox çəkməz məmləkət qurtular; və o zaman mütəşəkkir millət ilk parlamentinin rəisini, istiqlal davasının vəkilini xatırlar, gələr, səni oğlunla bərabər buradan alar, arzu etdiyin vətən torpağına götürər və xatirəni əbədiləşdirər… ”

İndi sual edirəm məmləkət qurtuldumu? Qurtuldu. O zaman nədən biz mütəşəkkir millət olub da o qərib məzarları arzu etdikləri Vətən torpağına götürüb xatirələrini əbədiləşdirmirik?! Mühacirətdə olan bütün Mübarizə İnsanlarının ən son, ülvi arzularıydı Vətən torpağında dəfn olunmaq. Bizlərə bu vəsiyyəti yerinə yetirmək düşər. Əgər bunu bacarmasaq, onların əziz ruhları hər zaman bizdən incik düşəcək…

Kərim Yaycılının Rəsulzadənin məzarı başında oxuduğu bu şeir onsuzda hər şeyi aydın edir, gələcək nəsillərə bir mesajdır.

Yaşatmazdı qəlblərdə ümidsizlik və məlal,
Onun məfkurəsiydi, HAK, MUSAVAT, İSTİQLAL!
Sar köksünə, Ankara yurdumun ziynətini,
Günü gəlincə istər səndən əmanətini,
Şükranını sunarkən bir gün hörmətlə sana
O kəmiklər gedəcək, gedəcək o Vatanına!
Saxla qoynunda onu, vermə yabana, yelə!
Bir hədiyyən olacaq yurdumdakı heykələ.

Avropada XVII-XVIII yüzilliklərdə meydana gələn bir Aydınlanma Çağı vardır, qaranlıqları aydınladan. Bizim də Aydınlanma Çağımızı yaradan nəsil Cümhuriyyət Qurucularıdırlar.Onların bu Yolda çəkdikləri çilələri, əzabları quş qanadı qələm olsa yazılmaz… Nəsib Bəy Yusifbəylinin bilinməyən məzarı, ÇEKA zindanında güllələnən qəzetəçi Seyidlər, Solovki ölum düşərgəsində,” təbiətin zalım və qanlı ÇEKASI Sibirya” (bu sətirlər Əmin Abidə aiddir -M.İ.) da son nəfəslərinədək əqidələrinə sadiq qalan Adsız qəhrəmanlarımızın nigaran ruhlarına borcumuz var və biz bu borcu ödəməliyik.

Məhəmməd İsrafiloğlu,
Almaniya


Bir cavab yazın