UTAN, YOXSA U TAN?
Bu yazı 15 il bundan əvvəl “Yeni Ses” qəzetində dərc edilib. Amma keçmişin xatirəsi keyfiyyətli şərab kimidir. Zaman ötdükcə təravəti artır.
Nə qədər yaraşır insana gülmək
Sovet dövrünün öz xüsusiyyətləri vardı. O zaman indi komissiya haqqı adı altında açıqdan-açığa alınan fərq rüşvət adı ilə, amma adı çəkilmədən, komissiya haqqının on-on beş misli qədər birdəfəlik alınır, rüşvət verənə heç bir zəmanət verilmir, çox vaxt da vəd olunan iş düzəlməyəndə verilən pul da geri qayıtmırdı. Əslində bu gün də eyni vəziyyət davam edir. İndiki fərq bircə ondan ibarətdir ki, alınan məbləği geri qaytarmayanın evinin qabağında güllələnmiş meyitinin tapılması ehtimalı aldığı pulu qayğısız yemək ümidindən daha realdır. Sovet vaxtı belə qisas ehtimalı çox az idi. Rüşvəti verən o məbləğdən əlini üzüb “Allaha pənah” deyib gözləməyə məcburdu. Faciə burasındaydı ki, “Allaha pənah”ı da sidq ürəklə, yüksək səslə deyə bilmirdi. Çünki dindarlıq üçün ayrıca cəza nəzərdə tutulurdu.
O dövrün indiki təbirlə desək, “bərk gedən” vəzifələri yeganə partiyanın, istiqamətverici və rəhbər kommunist partiyasının üzvü olan adamlara verilən vəzifələr idi. Bu gün icra hakimiyyətinin başçısı olmaq üçün hansı məziyyətlərin əsas götürüldüyü, namizədin kimə və ya kimlərəsə rüşvət verməyə ehtiyac olub-olmadığını söyləmək asan deyil. Amma o vaxt rüşvətsiz ən kiçik müəssisədə belə partiya təşkilatının katibi olmaq müşkül məsələ idi. Adamların partiya üzvlüyünə seçilməsi istedadlı yazıçıların qələminə layiq bir prosedur idi. Əvvəla, özbaşına partiyaya üzv ola bilməyi düşünmək psixi xəstəlik kimi qiymətləndirilə bilərdi. Gərək payon partiya komitəsindən göndərilən bölgü tövsiyəsi “raznaryadka” olaydı və partiyaya keçmək istəyənin tutduğu və ya tutacağı vəzifə orada nəzərdə tutulan vəzifələrə uyğun gələydi.
Sonra partiyaya üzv olmaq istəyən işlədiyi müəssisənin partiya təşkilatı özəyinə ərizə yazmalı və mütləq göstərməliydi ki, partiyanın rəhbər rolunu ürəkdən qəbul edir və kommunizm qurucularının ön sıralarında olmaq istəyir. Birbaş üzv olmaq da böyük şərəf sayılır və demək olar heç kimə nəsib olmurdu. Mütləq bir il üzvlüyə namizəd olmaq lazımdı. Bu il ərzində səhv etmək partiya üzvlüyünə namizəd adına ləkə vurmaq ehtimalı az deyildi və belə hallarda şəxs partiya üzvü olmaq imkanını az qala ömürlük itirirdi. Onda rüşvət alanların da “vicdanı təmiz” olurdu. Yəni “mən səni birinci mərhələyə keçirdim, gerisinə cavabdeh deyiləm”.
Partiyaya “gedən yol” xüsusi mərhələlərdan keçirdi. Məktəbin birinci sinfinə gedən uşaqlar qeyd-şərtsiz oktyabryat sayılırdı. Yəni Oktyabr adlı ananın bəsləyib ortaya çıxardığı cücələr. Üçüncü sinifdən sonra oktyabr “cücələri” pioner olurdu. Bu iki mərhələ kütləvi olur, ayrı-seçkiliyə yol verilmirdi. Pionerlərin komsomola keçirilməsi isə bir başqa mərasim idi. Burada ucdantutma hamı komsomola keçirilmir, rayon komsomol komitəsində hətta sorğu-sual da olurdu.
Müxtəlif lətifələr danışılırdı o vaxt. Bizim məktəbdə komsomol təşkilatının katibi gənc Arif müəllim idi. Məktəbdən komsomola namizəd seçilən uşaqları rayon komsomol komitəsinə aparırlar. Orada şagirdlərdən birinə sual verilir: Komsomol kimin adını daşıyır?
Şagird gözlərini döyərək qeyri-ixtiyari Arif müəllimə baxır. Müəllim üzərində Leninin şəkli olan qəzetin arxasında “gizlənib” “dahi rəhbərin” şəklini göstərir. Şagird də fikirləşmədən: “Arif müəllimin”–deyə cavab verir.
Deyirlər, bir kənd sakini vəzifəyə keçmək məqsədilə partiyaya üzv olmağa çalışır. Lazımlı adamları “görür” və ilkin sorğu mərhələlərini keçir. O vaxt işə ciddiyyət donu geyindirməkdən ötrü partiya biletini rayon partiya komitəsinin birinci katibi təqdim edər, son mərhələ olduğundan bir-iki formal sual verərdi. Həmin adama növbə çatanda katib soruşur: Partiyaya üzv olmaqda məqsədin nədir?
Sadəlövh kəndli suala tam səmimiyyəti ilə cavab verir: Başına dönüm, yoldaş katib, dolana bilmirəm.
Üçüncü əhvalat daha əyləncəlidir. Keçən əsrin altmışıncı illərində (1961—1971) Birləşmiş Millətlər Təşkilatının Baş katibi Birma vətəndaşı U Tan olub. Partiyaya üzv olacaq namizədlərə bir neçə nəfərdən ibarət komissiya üzvləri suallar verir, namizədi irəli sürən (aydındır ki, ondan rüşvəti alan) adam da onunla bərabər “imtahana” girir, amma danışmağa ixtiyarı olmurdu. Növbəti namizədə sual verirlər:
–Beemtenin (Birləşmiş Millətlər Təşkilatının) baş katibi kimdir?
Namizəd susur. Onu təqdim edən partiya üzvü arxadan pıçıldayır: U Tan, U Tan. Namizəd susur, amma əsəbiləşdiyi də hiss olunur. Sual təkrar olunur. Arxadan pıçıltı da təkrarlanır: U Tan, U Tan.
Namizədin səbri tükənir və komissiya üzvlərini unudub üzünü onu bu komissiyaya gətirənə tərəf tutur:
–Əşşi, utan da, yerə də gir! Pulu alan sən, mən niyə utanıram? Sən pulu alanda mənə dedin ki, Beemte nədi, onun katibi kimdi? Onları bilseydim o pulu sənə niyə verirdim? Özün utan!
Bəli, sovetlər belə sovetlər idi…
Cəfər SADIQ,
Moskva, 30 yanvar 2008-ci il
jafarsadik@mail.ru