XORUZ İLİ


Bu hadisələrdən 19 il keçir. Yaddaşıma həkk olmuş və zaman-zaman kino lenti kimi gözümün önündə canlanan lövhələrini təsvir etmək nə qədər ürəyimdən keçsə də bir şəkildə buna nail olmamışam. Əhvalat isə hər kəs üçün maraq doğuracaq qədər təsirlidir.

2005-ci ilə “xoruz ili” deyirdilər. Yəni il güya xoruz üstə təslim olurdu. Moskvada qış adəti üzrə at oynadırdı. Əvvəlcədən şərtləşdiyimizə görə yeni ili sovet dövründə bərabər işlədiyimiz həmkarım, həm də müəyyən mənada Moskvaya gəldiyim vaxtdan mənim havadarım Leyla xanımgilin bağ evində qarşılamağa hazırlaşırdıq. Müharibədən sonra,  1947-ci ildə Moskvaya gəlmiş, o vaxtdan burada bərqərar olmuş Leyla xanımın həyat hekayəsi hərəkətli dediyiniz qədər hərəkətli, rəngarəng desəniz düşünə bilməyəcəyiniz qədər rəngarəng, nəhayət, bu söhbətimizə mövzu olan hadisələrdən görəcəyiniz qədər faciəlidir.

Yeni il yeməklərini dəvət olunmuş qonaqlar qismən öz üzərinə götürmüşdü. “Bu paltarı geymək olmaz, bu yeməyi bişirmək olmaz” kimi arada dolaşan şaiyələrə inanmasaq da ortalığa atılmış bir fikir hamının ağlını qarışdırmışdı: Yeni il süfrəsində toyuq, hinduşka və sair ev quşlarından hazırlanmış xörəklər olmasın. 

Üç ailə idik. Bizim ailə dörd nəfər, Leyla xanımın ailəsi üç nəfər, vaxtilə şöbəmizin gürcü qrupunda işləyən Maxaradze və xanımı iki nəfər. Saat doqquz radələrində yeni ilə hazırlıq süfrəsi ətrafında toplaşdıq. Artıq klassik menyuya çevrilmiş müxtəlif salatlar, soyuq məzələr, balıq və digər təamlar, gürcü şərabı və digər içkilər, bir sözlə, tam bayram masası. Hər kəsin kefi kök, lətifələr danışılır, xatirələr canlanır, Azərbaycan vaxtı ilə yeni il, Moskva vaxtı ilə yeni il şampanları açılır. Doğrusu, adətən belə məclislərdəkinin əksinə, o qədər içki içilmir. Sadəcə Leyla xanımın oğlu Aleksandr (Saşa) tez-tez pivə içir və nədənsə qayğılı qörünür. Bunun səbəbini mən çox sonra, bacısı Tatyananın danışdığı əhvalatdan öyrəndim. Hələlik isə Səadətin hazırladığı plov mərhələsinə keçdik və Saşa elan elədi ki, ziyafəti bundan sonra onun menyusu ilə davam edəcəyik. Eyvandakı masanın üstündəki təmizlənmiş hinduşkanı göstərdi. Əslində heç kimin yemək həvəsi qalmamışdı və Saşanı incitməmək üçün “Olmaz,– dedik,– həm hinduşkadır, həm də hamı toxdur, sabah arxayın bişirərik”. O inadından dönmədi. Həyətə çıxıb böyük boru şəklində olan manqalın üstündə hinduşkanı yerləşdirib altını qalamağa başladı. Belə manqalı ilk dəfə görürdüm və Saşanın onu qalamaq üsulundan anladım ki, o da çox işlətməyib bu ocağı. Köz tutmaq yerinə manqal tüstülədi, hinduşka az vaxt içində qapqara his oldu. Yardım etmək istədim, razılaşmadı. Manqal yanmadıqca Saşanın əhvalı daha da pozulur, içkinin də təsiri inadını gücləndirirdi. On beş-iyirmi dəqiqə çalışsa da manqalın közü “yetişmədi”, üstəlik növbəti çevirmə zamanı hinduşka guppultu ilə kifayət qədər dərin olan manqalın içinə düşdü. Yarızarafat-yarıciddi işin davamını mənə verməsini xahiş etdim. Hinduşkanı çıxarıb kənarda tikələrə doğradıq. O müddətdə manqalı yaxşıca işə saldıq. Kabab hazır olanda saat gecə ikiyə  yaxınlaşırdı. Qadınlar mürgü vurur, uşaqlar ikinci yuxu görürdülər. Saşa pivə ilə arağı qarışdırmışdı, dediklərində artıq rabitə yoxdu. Bir azdan hamı yatmaq üçün otaqlara çəkildi. Mən də Saşa ilə bizim çardaq kimi bildiyimiz mansardda yatası olduq. Saşa, “sən get yat, mən bir azdan gəlirəm” dedi və növbəti pivə şüşəsini açıb televizorun qabağında əyləşdi. Onun təxminən bir saat sonra gəldiyini pilləkəndə büdrəməsindən və hirslə söyməsindən oyananda gördüm. Öz-özünə danışırdı, otaqdakı stolun üstündə gül vazasına yaxınlaşıb içində kim bilir nə vaxtdan qalan suyu başına çəkdi, ev ayaqqabılarını fırlatdı və yatağa uzandı. Xoruz ilinin ilk saatları beləcə qaranlığın bağrını yaran şikayət və xorultu ilə başa çatdı.

Ertəsi gün “səhər yeməyi” günorta saat ikidə axşamdan qalan yeməklərlə davam etdi və hər kəs öz evinə getməyə hazırlaşdı. Yekdilliklə qərar verildi ki, “köhnə” təzə ili, yəni yanvar ayının 13-nü də eyni heyətlə eyni məkanda qarşılayaq. Tarix bu vədələşmədə kimin nə qədər səmimi olması barədə səhih məlümat vermir. Bir də boşuna deyilməyib: sən saydığını say…

Yeni ilin tətil marafonu ayın onuna kimi davam elədi. “Köhnə” təzə ilə yığışmaq məsələsi də artıq müzakirə olunmurdu. Atası ağır xəstə olduğundan  yanvarın 10-da Səadəti Gəncəyə yola saldım.  

Yanvarın 13-də o zaman çalışdığım “Bentur” turizm şirkətində işdə idim. Səhər saat 11—12 radələrində qızım Aygün zəng vurdu. Səsi həyəcanlı idi. Babası ilə bağlı bir şey olduğunu düşündüm. Yox,–dedi,–Leyla xanıma zəng elə. Nə olub, dedim. Saşaya nəsə olub, dedi. Leyla xanıma zəng elədim. Bir neçə gün əvvəl onun da xəstələndiyini bilirdim. Məni eşidən kimi tükürpədici səslə “Saşa ölüb” dedi. Sarsıldım, sayıqladığını zənn etdim. Yanında kimin olduğunu soruşdum. Həkim var dedi və dəstəyi ona verdi. Qadın səsi soyuqqanlılıqla Saşanın infarkdan öldüyünü, indi Dedovsk şəhərindəki xəstəxananın morquna aparıldığını, Leyla xanımın da vəziyyətinin yaxşı olmadığını dedi. Evdə həkimlə Leyla xanımdan başqa heç kimin olmadığını da öyrəndim. Mərkəzdəki iş yerindən evə gedib maşını götürdüm və Moskvanın şimal-qərbində yerləşən Selivanixa qəsəbəsinə yollandım. O zaman Mixail Zurabovun nazir olduğu və pensiyaların “monetizasiyası” deyilən islahatı keçirdiyi vaxt idi. Ona görə gedəcəyim yol Krasnoqorsk şəhərində keçirilən mitinq üzündən bir az da uzandı. On üç gün əvvəl yeni il şənliyinə toplaşdığımız evə gələndə gördüklərim və eşitdiklərim çox qeyri-adi idi.

Selivanixa Moskvanın şimal-qərbində Volokolamsk şosesinin üstündə, Böyük Vətən müharibəsində almanlar üzərində qələbə münasibətilə qoyulmuş tank abidəsindən bir-iki kilometr aralı meşənin içərisində yerləşir. SSRİ vaxtı Ali Sovetin Rəyasət Heyətində çalışanlar üçün ayrılmış bağ evi sahələridir. Hadisə günü səhər saat altıda Saşa qarajındakı Amerika istehsalı Şevrole maşını ilə işə getmək istəyir. Bacısı şəhərdədir. Yer buzlu, qarajın səviyyəsi yol səviyyəsindən aşağı olduğuna görə maşın yola çıxmır. Qaranlıqda heç kimdən yardım almağın mümkün olmadığı halda xəstə anasını da incitmək istəməyən Saşa o böyük maşını çiyni ilə itələyərək yola çıxarmağa çalışır və… çox böyük ehtimal ki, həmin an el arasında deyilən kimi “ürəyi partlayır”, yəni geniş infarkt alır. Sinəsindəki ağrılara dözməyərək içəri girib anasına təcili yardım çağırmağı xahiş edir. Çətinliklə həkimə zəng edən Leyla xanıma həkim “Sizin o qəsəbə qaranlıqdır, bir adam çıxıb yardım maşınını qarşılasın” deyir. Çarəsiz qalan Leyla xanım yataqdan qalxıb yola çıxır ki, yaylıqla gələn maşına yol göstərsin. Evi ilə maşının dönəcəyi döngə arasında sürüşür və yıxılıb çiyin sümüyünü qırır. Bir müddət belə qalır, səsinə səs verən olmur. Bu arada bir adam iti ilə əlində əsa kimi bir ağacla onun yanından keçir. Xanım ondan xahiş edir, ya mənə kömək edin, ya da ağacı mənə verin söykənim, təcili yardım maşını gələcək, onu qarşılamalıyam. Adam dodağının altında mızıldanıb ona yardım etmədən uzaqlaşır. Bir müddət sonra, yəni Saşanın can çəkişdiyi müddət sonra təcili yardım maşını gəlir, Leyla xanımı yerdən qaldırır və evə gətirir. Onlar içəri girəndə artıq çox gec olur.

Mən onlara gələndə artıq saat üçə işləyirdi. Leyla xanımı çətinliklə maşına oturdub xəstəxanaya apardım. Verilən dərmanların və keçirdiyi şokun nəticəsi idi ki, nə olduğunu anlamırdı, yarıyuxuluydu.

(Ardı var)

CƏFƏR SADIQ
Moskva, 15 yanvar 2024-cü il.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir