BİR ŞƏKLİN TARİXÇƏSİ


Xatirələrin tozu gözlərin nəmi ilə silinir

          Otuz beş ildən də çox zaman keçib. 1987-ci ilin payızı idi. Oktyabr ayında Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvlüyündən azad edilmişdi. O vaxt demək olar bütün müəssisələrdə, idarə və təşkilatlarda Siyasi büro üzvlərinin və büro üzvlüyünə namizədrlərin şəkilləri saxlanırdı. Adətən bayramlarda, bir çox hallarda daim konfrans salonlarında şəkillər divarları bəzəyirdi. Moskvanın mərkəzində Lenin komsomolunun adını daşıyan məşhur “Lenkom” teatrının yaxınlığında bir tikinti idarəsinin indiki təbirlə əsas ofisi vardı. Bir həmyerlim də orada işlədiyindən arabir ora gedirdim. Növbəti gəlişimdə,– oktyabrın sonu, bəlkə də noyabrın əvvəli idi,–Heydər Əliyevin şəklini pəncərənin önündə gördüm. Burada niyə olduğunu soruşdum. İndiyə qədər hər söhbətdə Əliyevi ağızdolusu tərifləyən rus işçi bir az laqeydliklə “artıq onun dövranı keçdi, bu şəkil heç kimə lazım deyil” deyərək qımışdı. “Ey gidi dünya, nə qədər vəfasızsan” fikri keçdi ağlımdan. Bir ay bundan əvvəl belə “cəsarətlə” o, otaqda təkbaşına olsa da danışa bilməzdi. Sovet dövründə partiya rəhbərlərinin çoxu nə qədər qoca, halsız olsalar da onların barəsində hər kəs açıq-aşkar tənqidi fikir söyləyə bilməzdi. Heydər Əliyev isə Siyasi büro üzləri arasında ən gümrah, dinamik olan tək-tük rəhbərlərdən idi. Bir də keçən illərin xofu dolaşırdı hər yerdə. İndi isə zaman yavaş-yavaş dəyişirdi.

          –Mənə lazımdır,–dedim və şəkli götürmək istədim.

          Şəkli qapıb:

          –Yox,–dedi,–elə-belə vermərəm.

          –Axı indicə dedin, sənə lazım deyil…

          –Sənə lazımdırsa, haqqını ver al,–dedi.

          Söhbətin təfərrüatını yazmaq niyyətində deyiləm. O şəkli aldım və bu günə qədər də evimdə, xalqımın XX  əsrdə yaşamış ən dəyərli övladlarından birinin əksi, xatirəsi kimi saxlayıram.

          Heydər Əliyevlə yeganə şəxsi görüşüm barədə xatirə yazımı vaxtilə “525-ci qəzet”in səhifələrində oxucularla paylaşmışam.

          Ruhu şad olsun!

Cəfər Sadıq,
Moskva, 12 dekabr 2022-ci il


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir