“SlavoMir”


(Qadınlar Gününə)

İldən ilə hisslər dəyişir. Bayramlara münasibətlər də dəyişir. Əslində durduğun bucaq, baxdığın yerdən açılan mənzərə birmənalı sandığın anlama başqa anlamlar yükləyir.

Dünyanın topların lüləsində hörümçəklərin tor bağlayan, tüfənglərin lüləsinə GÜLLƏr taxılan dönəminə girmişdik.

Münaqişə, savaşın sinoniminin daha tündü-müharibələr döşündə veteran nişanı paraddan keçən nəslin “siz bilməzsiniz” ifadəsi qədər bilməzlikdə qalmışdı. Böyüdüldüyümüz “Bir daha müharibə olmaz!”- inancı o qədər Böyükdür ki… Siyasiləşməmiş bayramlar həyatımıza girmişdi.

8 Mart-ın niyə Bayram edildiyinin tarxiçəsini bilmədən mənə görə o-

“8 Martdır, Anacam,
Lap tezdən oyanmışam,
Əllərimdə gül-çiçək,
Qarşında dayanmışam,
Sənindir bu gül-çiçək,
Şən bayramın mübarək… “

şeiri çərçivəsindən o yana getmirdi. Çiçək bahamıydı, ucuzmuydu, onu da bilmirəm. Ya həyətdən yolar (yerdə çiçək açan hər şeyi) ya da dayım Xaliq müəllimin qapısını kəsdirib yalvararaq “Slаvоmir” gülü alıb hədiyyə edərdik Anamıza. O gülün adının niyə “Slavomir” olduğunu başa düşməyəcək uşaq ağıllı, gül dəstəsinin içində fərqli-qiymətli olduğunu biləcək qədər də dərrakəliydik. Çiçək dəstənin içində “Slavomir” varsa, sənin hədiyyən daha gözəldir. Anam da qonşuda uşağı olmayan (!) H… xalanıza verin, onu sevindirin deyərdi. Mənim durduğum yerdən bayram elə görünürdü. Qardaşımın ev süpürüb, yemək bişirməsinə, qab-qacağı yumasına baxmaqla, arada da “lağ” etməklə. Bu gün QADINların günüydü, axı. Bir günlük böldüyümüz (!) qadın işinin əziyyətini onların çəkdiyi və bizim də  güldüyümüz günlər idi. Sabah həyat yenə əvvəlki məcrasına dönəcəkdi.

Bütün bunlar şirindi. Təki həyatımızda Xaliq dayımın həyətindəki “Slavomir” gülləri kimi  rəngarəng və gözəl qoxusunun müşaiyətiylə davam edə(!)ydi bu məcra…”

Bu qədər dəmir inanc aşılanmış, həyatımızın baş köşəsində yer almışkən, məcrasını nə dəyişdi bu axarın?!

Kim zəriflik simvolu, bahara epitet olan QADINı “SlavoMir”-indən (Yaşasın Sülh)  ayrı saldı?

Döyüşü Kişilər edir, amma onun dağınıtısı altında qadınlar qalır!

Döyüşə Kişilər gedir, amma onun zərbəsini qadınlar alır!

Ölənlə ölən Qadındır, Öldürənlə Ölən qadındır!

Dünyanın məsum üzünü dünyaya bəxş edən Qadındır!

Dünyanın məzlum üzünü yaşamağa məcbur edilən Qadındır!

Yaratdığına şükr edən, yaramazına küfr edən də, ODUR!

Dünya sözü bütün cinsləri bir araya gətirib özünü ona yuva etsə də, məncə özünün cinsiyyəti QADINdır!

QADINSA AMANSIZ OLMUR!

DÜNYAYLA AMANATLI DAVRANIN! AMANDA OLUN! Ki Bayramlar anlamından çıxmasın!

“Şəhidə ANA olan QADIN, bayramın mübarək!”, ” körpəsini qan-qadadan qaçıran QADIN, bayramın mübarək!”-demək üçün Ürəyimiz burxulmayan bir Dünya yaradaq İnsanlığa.

İnsanlığın Anası QADINdır.

Və sonda:”Slavomir” gülü məzarlardakı güldanlara qoyulmaq üçün deyil, Qadın ətrini dünyaya qoxlatmaq üçün açır…

Tünzalə Vəliqızı,
Moskva
8 Mart 2022-ci il


Anonim üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir