Allah Amanında
(Səssiz-səsli düşüncələr)
Bir vaxt gəlir, uzaq düşürsən, özündən, sözündən…
Bir vaxt gəlir, şikayət edirsən dünyanın gərdişindən, həyatın gedişindən.
Bir vaxt gəlir, geriyə qayıdıb illərin başına dönmək, “qadan alım” deyənlərin qadasını almaq istəyirsən..
Bir vaxt gəlir, nə çox kiçik şeyləri dərd edib, böyüyəcək sevincləri qaçırdığına üzülürsən…
Bir vaxt gəlir, vaxtın özünü səndən oğurlayan hər şeyi, hər kəsi söyürsən..
Və bir vaxt gəlir, sadəcə özünü, dizini döyürsən…
İllərlə oxuduğun kitablar, eşitdiyin nəsihətlər, çıxardığın dərslərin yetərsizslyini dərk etdiyin vaxt gəlir….
O vaxtında gəlir. Dünyanın gərdişi, həyatın gedişi öz oxu ətrafına firlanmaq vərdişinə sadiq və zaman dəqiqliyi ilə həm də.
Ya sən? Fatalikcəsinə inandığın, amma yenə dəyişdirəcəyinə ümid etdiyin dünyanı özünə uyğunlaşdıra bildinmi?
Ağlatdığına güldürüb, güldürdüyünə ağladan dünyanı deyil, həyatını dəyişirsən bir vaxt gəlir…
Məzar daşın nədən olsa, üstündə nə yazılsa fərq edərmi, sən alıtında qaldığına görə…
“Hanı dediyim bəy ərənlər, dünya mənimdir deyənlər”…
Gəlimli, gedimli dünya….
Vaxt çaparaq, zaman atlı, sən piyada olduğunu sanma… Yanından keçən zamanın gerisində qalsan da, o hesabından çaşmaz. Gələr keçər, Zamanın amanı olmaz!
Hər şey zamanında, Allah amanında!!!
Nə deyə bilərəm ki…
Tünzalə Vəliqızı, Moskva
03.08.2026
