BİCZİLİK…
“Əkinçi”nin bü gününə
Qabaqdan Milli Mətbuatın yaranması günü gəlir.
Yenə başlayacaqlar. Xorda qarğalardır, anla ki, anlaya biləsən. Aşağıda Əhməd Bəy Ağaoğlunun Həsən Bəy Zərdabinin dəfn mərasimində nitqini yerləşdirmişəm. Bu ağrılı nitqdə ən çox diqqətimi cəlb edən Ağaoğlunun:
“Bu təmənnasız xidmətin müqabilində Həsən bəy nə qazanmışdı ən əvvəlinci tən və sərzəniş idi ki, ona edirdik, onun kasıblığı və biçizliyi (yoxsulluğu-V.Q.) idi! “
Sən demə yoxsulluğun bir adı da biçizlik imiş.
İndiki yandaş medya haqqında haqqında ay sizi biclər deyib keçmək isə içimdən gəldi sadəcə:)
Əcəba nəyin bicidirlər?
Məncə bu mövzuda teoremin isbatı üçün aksiomun icazəsinə ehtiyac yoxdur. Qalanı yazıda.
Əzizinəm, gül əllər,
Gül biləklər, gül əllər.
Dəryaca ağlın olsa,
Yoxsul olsan, güləllər.
Azərbaycan bayatısı.
Bu bayatı nədənsə həmişə Həsən Bəy Zərdabini xatırladır mənə…
“Əkinçilik” çox ağır və məşəqqətli həm də çox kasıb bir peşədir… Bir Azərbaycan atasözündə deyildiyi kimi: Əkdin biçdin sarımsaq, xeyrin gördü qurumsaq misalı.
“Əkinçi” nin Yolundan gedə bilməyib, Yoldan çıxanlara:
Məzlumluq edib başlama fəryadə, əkinçi!
Qoyma özünü tülkülüyə, adə, əkinçi!
KƏDƏRLİ VƏ İBRƏTAMİZ BİR HAŞİYƏ.
Zərdabinin millət, xalq yolunda yorulmayan çabasını,mübarizəsini dəfn mərasimində Əhməd Bəy Ağaoğlu öz çıxışında belə dilə gətirmişdi:
– ” Tam 50 il bundan əvvəl, yəni o vaxtlar ki, Qafqaz dairəsində elm və fənn nə olduğuna etina belə olunmuyordu, Həsən bəy mərhum Moskva şəhərinə gedib orada Darülfünunda təhsil etməyə bəzli-himmət etmiş, sonra öz vilayəti olan Badikubəyə mühacirət etmişdi. Badikubəyə qayıdıb da bu mərhum nəyə məşğul olmuş? Yerlər qəsb etməyə? Dövlət qazanmağa? İsmi-rəsm, şöhrət və pul qazanmağa? Xeyr! Xeyr! Müəllimlik edib öz həmcinsi və qövmü olan taifəni düçar olduğu cəhalətdən, zülmətdən xilas etməyə!
Bu təmənnasız xidmətin müqabilində Həsən bəy nə qazanmışdı ən əvvəlinci tən və sərzəniş idi ki, ona edirdik, onun kasıblığı və biçizliyi (yoxsulluğu-V.Q.) idi! Ağzını açıb danışanda biz ona deyirdik: Kəs səsüvü! Danışma! Sən kasıbsan! Sən fəqirsən! Yəni biz ona tənə edirdik ki, vaxtını pul qazanmağa sərf etmək əvəzinə bizə, biz millətə müftə qulluq etməyə sərf edirdi. Lakin bu mücahid, bu millətpərəst bizim heç bir cövrü cəfamızdan geri durmayıb öz tutduğu yolunda qəribə bir səbat ilə davam edib milləti ayıltmaq işi ilə, taifəsinə xidmət etmək üçün cümlə səyi-bəzl edirdi.
Ey müqəddəs ruh, Sən ki, gedirsən o dünyaya, əvvəla, bizdən babalarımıza salam deyərsən. Sonra da tutub babalarımızın yaxasından soruşarsan ki, ay kişilər, bu nə vətəndir bizə qoyub getmisiniz? Vəzifəlisi oğru, məmuru rüşvətxor, bir-iki ziyalısı var, onlar da bir-biri ilə didişirlər. Eyvah, nə bu irs olaydı, nə də biz! ”
MÜHÜM QEYD.Statusda Əhməd Bəy Ağaoğlunun Həsən Bəy Zərdabinin dəfnindəki çıxışı dəyərli filoloq, professor Vilayət Quliyevin məqaləsindən alıntıdır. Bu mövzuda olduqca sanballı araşdırma və məqalələri üçün Vilayət Müəllimə ayrıca təşəkkür edirəm!
Məhəmməd İsrafiloğlu.
Almaniya.
